İrəvan Teatrındakı böhranın gerçəkləri

Çağdaş Azərbaycan teatr taixini bəzən saxtalaşdırmağa çalışılır. Özəlliklə də Tiflis Azərbaycan Dövlət Dram Teatrı ətrafında söylənilən və əsası olmayan çıxışları sadəcə rəzalət adlandırmaq olar. Bircə həqiqət var ki, bu teatrı yenidən bərpa edən Ələddin Həsənov olub. Teatr tariximizə bu böyük teatrsevər insanın adı qızıl hərflərlə yazılmalıdır. Əvvəlki yazımda qeyd etmişdim ki, Ə. Həsənov Tiflis Azərbaycan Teatrının inkişafı üçün çox işlər görüb. Teatrda professional səviyyədə tamaşaların hazırlanması üçün iki mininci ilin başlanğıcında Ə. Həsənov Azərbaycan mədəniyyət nazirliyinə kömək uşun müraciət edir. Mədəniyyət nazirliyinin dəstəyi ilə “Gənclər Teatrı”nın bədii rəhbəri və direktoru, əməkdar incəsənət xadimi mərhum Hüseynağa Atakişiyev bir qrup yaradıcı şəxslərlə Tiflisə ezam olunurlar. Bu insanların arasında xalq rəssamı Nazim Bəykişiyev, sərəncamçı direktor Həsən Həsənov, teatrın aparıcı aktyoru Sərvər Əliyev və başqaları iştirak ediblər. İlk tamaşa kimi Hüseynağa Atakişiyevin quruluşunda dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” adlı komediyası tamaşaya qoyulmuşdur. 

Hə... İndi isə qayıdaq yaranan gündən əzab-əziyyətlərə, məşəqqqətlərə məruz qalmış, dəfələrlə repressiyaların qurbanı olmuş İrəvan Teatrına. Tarix boyu ermənilər zülm verib bu teatra. İrəvanda fəaliyyət göstərdiyi illərdə bu qocaman teatr uzun müddət binasız qalmış, mədəniyyət evlərinin, hətta kənd klublarının himayəsinə sığınaraq, şəraiti olmayan məkanlarda özünü və adını qorumağa çalışmışdır. İrəvan dövründə bu teatrı qoruyub yaşadanlar deyərdim ki, dünyanın ən fədakar mədəniyyət xadimləri olublar. Heç bir teatr bu qədər imkansızlıqlara, əzab-əziyyətərə baxmayaraq, İrəvan Teatrı qədər dözümlü olmayıb. Min dəfələrlə təəssüflər olsun ki, bu gün də İrəvanda olduğu kimi, teatrımız Bakıda həmin əzabları dolayı yolla yaşamaq zorunda qalıbdır. Özəlliklə teatrı yaşadan və onun bütün ağrı-acısını çiyinlərində daşıyan aktyorlar bu gün də həmin məşəqqəti durumu yaşayırlar. “Tiflis Azərbaycan Teatrı”ından Gürcüstan və Azərbaycan rəhbərliyinin qəzəbinə tuş gələn İftixar Piriyev direktor vəfiəsindən qovulduqdan sonra, müəmmalı şəkildə Bakıda “Dövlət Akademik Milli Dram Teatrı”nın icraçı direktoru vəzifəsinə təyin olundu. Burada bir il işlədi və oradan da səriştəsiz kadr kimi qovuldu. Sonradan hansısa sehirli əlin köməyi ilə teatr aləmində heç bir nüfuzu olmayan, iki teatr ocağında rəhbər vəzifədən qovulan İftixar Piriyev “İrəvan Azərbaycan Dövlət Dram Teatrı”nda lövbər saldı. Biz o zaman da fikirləşirdik ki, onu hansı uğurlarına görə bizə direktor təyin etdilər? Uzun zamandır bu teatrı öz çiyinlərində yaşadan sənət dostlarımla müzakirələr də aparırıq. Bəlkə tarixi torpaqlarımızın mədəni abidəsi kimi son yadigarı olan “İrəvan Teatrı”nı məhv etmək missiyasını daşıyır? Bunu istənilən tribunada sübut etməyə hazıram. Ermənistan öz himayədarları vasitəsilə xalqımızı doğma yurd-yuvalarından didərgin salandan sonra, oradakı tarixi abidələrimizi, hətta əcdadlarımızın məzarlarını məhv etməklə məşğuldur. Təkcə diri qalan və varlığını qoruyub saxlayan “İrəvan Azərbaycan Dövlət Teatrı”dır.

Bax elə həmin gündən, yəni İftixar Piriyevin direktor təyin olunandan İrəvan Teatrının qara günləri başlamışdır. Öz kölgəsindən belə qorxan İftixar Piriyev ilk öncə qocaman teatrın Bakıda yenidən bərpa olunmasında böyük rolu olan və 12 il bu teatrda direktor, rejissorluq və aktyorluq edən, hamının böyük sevgisini qazanmış əməkdar artist Vidadi Əliyevdən başladı. İ. Piriyev yeri gəldi-gəlmədi özündən yaşca qat-qat böyük olan, sənətkarlıq  baxımından  təcrübəli Vidadi Əliyevi kollektivin içində təhqir etməyə və kollektivin gözü qarşısında aşağılmağa çalışdı. İ. Piriyev qorxurdu ki, V. Əliyev yenidən teatrın direktoru ola bilər. O, bütün gücü ilə kreslosunu qorumaq, öz hegemonluğunu  göstərmək və toxunulmaz şəxs olduğunu və yuxarılar tərəfindən dəstəkləndiyini gözə soxmaq kimi kələklərini işə salmışdı. Düz 17 ildir ki, bu teatrda durum beləcə davam edir. Yaradıcı heyətin haqq səsini yuxarılara və cəmiyyətə bildirmək üçün dəfələrlə ölkə mətbuatında işıqlandırdıq. Fikirləşirdik ki, bəlkə yuxarılar bizim səsimizi eşidər.
İrəvan Teatrında baş verən özbaşınalıqlara kimsənin reaksiya verməməsi və mövcud problemlərə etinasızlıq, diqqətsizlik vəziyyəti gün-gündən daha da ağırlaşıb. Mövcud problemlər artıq pik həddinə çatıb. Ən qəribə və təəccüblü olan durum odur ki, bütün bunları bizlərdən daha yaxşı bilən aidiyyatı orqanlar (mən bunu həmin şəxslərlə şəxsi söhbətlərimdən bilirəm) indiyə kimi seyrçi mövqe tutublar. Bəlkə gözləyirlər ki, kimsə kimisə vurub öldürsün, ya da yaşanılan əzablara görə etiraz əlaməti olaraq intihar etsinlər? Bəlkə kütləvi şəkildə aclıq elan etsinlər ki, özlərini yatmış kimi aparan insanlar ayılsın? Axı o zaman teatrda İftixar Piriyevin rəzalətinə son qoymaq gec olmayacaqmı?     
Teatrın kollektivinin fikrincə bəlkə problem İftixar Piriyevdə deyil. Bəlkə əsil problem ona bu səlahiyyətləri verən, şərait yaradan, yüksək səviyyədə toxunulmazlıq statusunu əta edən, aktyorların haqq səsini eşitməməzliyə vuran, bütün sadalanan problemlərə göz yuman şəsxlərdədir?.. Bilmirəm!!! Bircə onu bilirəm ki, istənilən problem vaxtında həll edilməyəndə daha böyük fəsadlara səbəb olur və bütün pərdələr yırtılır. Gurultulu sözlər deyib, yuxarların gözündən pərdə asmaqla özünü işgüzar kimi göstərə bilərsən. Onsuz da kimsə gəlib gördüyün işləri yerində yoxlamır ki, görüm düz deyirsən, ya yalan.
İrəvan Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov hörmətli nazirimiz Əbülfəs Qarayev cənablarına teatrda baş verən olaylar, problemlər, direktor İftixar Piriyevin özbaşınalıqları haqqında doqquz səhifəlik və məntiqlə əsaslandırılmış bir yazı göndərib. Həmin müraciətdə teatrda baş verən rəzaləti açıq şəkildə cənab nazirin diqqətinə çatdırıb. Yəqin ki, bu qızmar yay mövsümü bitən kimi cənab nazır buna öz münasibətini bildirəcək.

Bu teatrda illərini və həyatını vermiş bir aktyor kimi onu demək istəyirəm ki, söz sözü gətirər deyiblər. Ölkə prezidenti İlham Əliyev cənablarının teatrımızın yaranmasının 125 illiyi münasibətilə bizə bina hədiyyə etdi. Bu həm də o demək idi ki, teatr tarixində ilk dəfədir ki, öz binasına sahib olmuşdu. Bizim üçün yaranmış belə bir gözəl imkandan yararlanaraq, daim məşqlər edirdik, ictimai baxışlar keçirirdik, premyeralar oynayırdıq. Bir dəfə teatrımızın damından salona və səhnəyə yağış damcılamağa başladı. Səhnə demək olar ki, su içində qaldı. Əsas vəzifəsi təmir işlərinə və tamaşaların bilet satışına sorumlu olan direktor İftixar Piriyevə dəfələrlə bu problemi həll etmək üçün müraciət etsək də, bütün bunlar onun vecinə olmadı. Halbuki, dam örtüyündə yaranmış problemi 2-3 şiferi dəyişməklə hər şeyi öz yoluna qoymaq mümkün idi. Ancaq sazını əlinə alıb İftixar Piriyev özünəməxusus əda ilə görün nə deyirdi: “Bina nazirliyin nəzarətindədir. Narahat olmayın. Onsuz da nazirlik binanı təmir edəcək...” 2-3 şiferlə teatrın damını təmir etdirməkdə xəsislik edən direktorun kəraməti ucbatından yağmurlu havalarda bina yağışın, qarın içində üzməyə başladı. Beləliklə bina daha da qəzalı duruma düşdü. İndi teatrda məşqlər etmək, nə də tamaşalar oynamaq imkanı belə yoxdur. Eləcə də teatrın (ifadəmə görə üzr istəyirəm) ayaqyolusu pis vəziyyətdədir. Ora girmək mümkün deyil. Bütün işçilər də etiraf edirlər ki, kəsafət qoxusundan insanda ürəkbulantısı yaranır. Dəfələrlə aktyorlar etirazlarını bildirsələr də, heç nə dəyişməyib. Halbuki, ayaqyolunu da azacıq məsrəflə təmir etmək mümkün idi. Teatrda digər əsas problemlərdən biri də akryorların qrim otaqları və digər yardımçı otaqlar tamamilə rütubət içindədir. Durumun bu həddə çatması ucbatından əməkdaşlar müxtəlif xəstəliklərə düçar olurlar. Teatrın binasının pəncərələrinin qırıq-sökük vəziyyədə olması və xüsusilə soyuq havalarda sağa-sola vıyıldayan küləklər əsəbilik yaradır. Teatrın binasındakı nəmişlik ucbatından tavan istənilən anda uçmaq təhlükəsinə səbəb olmuşdur. O da bir faktdır ki, məhz belə bir rəzaləti işləmək zorunda qalan aktyorların 90 faizi xəstəlik tapıblar. Faktiki olaraq, indi durum elədir ki, teatrda aktyorlar oturub-durmaq üçün yer tapa bilmirlər. Hətta qış mövsümündə hörmətli nazirimiz Əbülfəs müəllim təsadüfənmi, yoxsa bilərəkdənmi gözlənilmədən teatra gəlmişdi. Teatrın acınaqcaqlı vəziyyətini, aktyorların şəraitini görüb bərk qəzəbləndi. İradlarını bildirərək direktoru soruşdu. Nazirə dedilər ki, direktorun anası rəhmətə gedib və buna görə də Gürcüstandadır. Əbülfəs müəllim direktorun anasına rəhmət diləyərək, qəzəbli şəkildə bunları da kollektivə bildirməyi vacib bildi: “Bəs direktor kimi İftixar Piriyev burada nə işlə məşğuldur? Niyə teatr bu gündədir? Ən elementar işləri də gəlib nazirlk görməlidir? O zaman İftixar Piriyev direktor kimi nəyə lazımdır?” Bütün bunları söyləyən zaman nazir Əbülfəs müəllimin gözləri qəfildən teatrın afişalarına sataşır. Afişada bunlar yazılmışdı: “Əsərin müəllifi İftixar Piriyev, rejissoru İftixar Piriyev, musiqi tərtibatçısı İftixar Piriyev, xoreqraf İftixar Piriyev”. Cənab nazir əsəbiləşərək: “Belə özünü reklamı yığışdırın” dedi. 

Elə bu hadisədən sonra, elə güman eləmək olardı ki, nəsə bir dəyişiklik olacaq teatrda. Ancaq, əfsuslar olsun ki, heç nə dəyişmədi. Bu hadisə nəticəsiz qaldı. Ancaq, o da bəllidir ki, teatrda bircə abırlı və komfortlu yer varsa, o da direktor İftixar Piriyevin bərbəzəkli kabinetidir. O, mübarək kabinet böyüklüyünə və genişliyinə görə futbol meydançasını xatırladır. Bəlkə də cənab nazirimizin İftixar Piriyevə məxsus komfortlu kabineti yoxdur. Çox əla təmirli bir kabinetdir. Bu faktın özü də sübut edir ki, direktor İftixar Piriyevi teatrı yox, aktyorları deyil, ancaq özünü, sağlamlığı, öz rifahı ilgiləndirir. Direktorun komfortlu kabineti o qədər böyükdür ki, qış aylarında oranı isitmək üçün 3-4  elektrik qızdırıcısı və kondisionerdən istifadə olunur. Bütün bunlar özünün də etiraf etdiyi kimi, onun canını qızdıra bilmir. Hətta kabinetinin pəncərələrini xüsusi örtüklə bağlayır. Teatrın texniki və yaradıcı kollektivi isə üşüyə-üşüyə qalır. Direktor bütün bunlardan utanmaq əvəzinə aktyorlara nə desə yaxşıdır: “Neyləyim. Otaq böyükdür. Qızdırmaq olmur. Mənə çox soyuqdur. Xəstə adamam”.
Bütün bu rəzaləti seyr edən aktyorlar isə, bir-birinin üzünə baxır, hamının ürəyindən bir fikir keçir: “Bəs bizə soyuq deyil? Bəs biz adam deyilik? Bizim ailəmiz yoxdur? Aldığımız maaş nədir ki, onu da dava-dərmana verək? Axı teatr aktyorlar üçündür!..”
Amma hamı qorxusundan ürəyindən keçən fikirləri dilinə gətirə bilmir. Mövcud durumu çılpaqlığı ilə üzünə söyləyə bilmir. Qorxurlar... Niyə?.. Çünki, o toxunulmazdır, deyə belə düşünürlər.
Ölkə prezidenti hörmətli İlham Əliyev cənabları məmur özbaşınalıqlarına qarşı sərt şəkildə münasibətini bir iradə kimi ortaya qoyubdur.  O, çox haqlı olaraq bu həqiqəti cəmiyyətə göstərir. Biz də həmin məmurlardan birinin ünvanını hamıya səmimi şəkildə göstəririk: İrəvan Teatrını İftixar Piriyevin rəzalətindən və qurtarın!.. 

(ardı var)                 
    
Əjdər Zeynalov, İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyoru

14:13