“İrəvan Teatrı”ında qanunsuz işdən azad etmə siyasəti

Ölkənin tanınmış aktyorları, ziyalıları və alimləri “Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı”nın aparıcı aktyoru Əjdər Zeynalovun qanunsuz olaraq işdən azad edilməsi barəsində prezident İlham Əliyevə müraciət ediblər. Dövlət Milli Akademik Dram Teatrı, Dövlət Musiqili Teatrı, Bakı Bələdiyyə Teatrı və “Vətən Teatrı”nın aparıcı aktyorları, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Tarix, Folklor, Flsəfə və Hüquq, Dilçilik institutları və Baki Dövlət Universitetinin alimləri, KİV adına “xudaferin.eu”, “publika.az”, “döyüşçü.az”, “10 May 97” saytları, “Ocaq” qəzeti və “Brend Dünyası” jurnalının redaktorları, “Azərbaycan Dövlətçiliyinə Milli Dəstək İctimai Birliyi”nin rəhbərliyi və digər ziyalılar Əjdər Zeynalovun qanunsuz olaraq işdən azad edilməsinə etiraz etmişlər. Müraciətdə o da bildirilir ki, 138 illik tarixi olan bu qocaman teatrı İftixar Piriyev “dərnək” səviyəsinə endirməklə onu tamamilə məhv etmək siyasətini yürüdür. Ömrünün 30 ilini bu teatra həsr etmiş və aparıcı aktyoru olmuş Əjdər Zeynalovu uydurma və saxta iddialarla işdən azad etmək heç bir məntiqə sığmır.

Direktor İftixar Piriyevin heç qanunlardan da başı çıxmırmış

 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyoru Əjdər Zeynalovun işdən azad edilməsi barəsində direktor, dramaturq, şair, aktyor, rejissor və nəhayət xoreqraf İftixar Piriyevin imzaladığı əmrlər birmənalı şəkildə onun savadsızlığını sübut edir. Belə ki, oktyabr ayının 2-də İftixar Piriyevin 82 saylı əmrində qeyd olunur ki: “Əmək məcəlləsinin “C” bəndinə əsasən Əjdər Zeynalov işdən azad edilsin”. Onu da qeyd edək ki, həmin bənddə bildirlir ki, aktyorun peşə səviyyəsinin aşağı olmasını əsas gətirərək rəhbərliyin işdən azad etmə hüququ vardır. O zaman Əjdər Zeynalovun son 17 ildə, yəni İftixar Piriyevin direktor olduğu müddətdə "Ayı” (A.P.Çexov), “O da aşiq ola...” (Elçin), "Yellənçəkdə iki nəfər” (B. İoseleviç), "Qəliz adamlar” (Y. Bar-Yozefin), “Mürafiə vəkilləri”, "Lənkəran xanının vəziri" (M.F.Axundzadə), “Vətəndən ağırdı Vətənin yükü”, “Burdan min atlı keçdi”, “İrəvanda xal qalmadı” (Hidayət), “Stullar” (E. İonesko), “Qaravəlli” (Anar), “Xan bəzəmə oyunu”, “Molla Nəsrəddin evlənir” (X. Əliyev), “Vəzifə dəlisi” (X. Qocan), “Qaçaq qocalar” (E. Hüseynbəyli), “Cümhuriyyətin ilk sədası” (D.Çizməli), “Didro” (N.Dumbadze), “Söyqırımı abidəsinin dastanı” (Z. Papaqçı), “İnsan” (Ç. Ələsgərli), “Məkr və məhəbbət” (F. Şiller), “Xor-xor” (S. M. Qənizadə), “Bayramın ilk günü” (N.Hikmət), “Min möhtəşəm günəş” (X. Hüseyn), "Hərraca qoyulmuş sultan" (T. Hakimi), "Məcburi doktor" (J. B. Molyer), "Sən Qara deyilsən" (Ə. Nesin) və digər  tamaşalarda ya baş rolların, ya da aparıcı rolların ifaçısı olubdur. Bu tamaşlarda çox  zaman dublyoru da olmayıb. İndi nədən Əjdər Zeynalov “peşə səviyyəsi aşağı” olan bir aktyora çevrildi? İftixar Piriyev belə bir qərarı qəbul etsə də, 17 ildir direktor vəzifəsində işləsə də onun savadı da çatmırmış. Çünki, işdən çıxarılma əmrində möhür, ştamp, nə də teatrın loqosu yoxdur. Quruca imza, məhkəmə hökmünə bənzər ibarə və ifadələr orada yer alıb. Onun qanunsuz əməllərinin digər canlı şahidi isə Mədəniyyət və Turizm nazirliyidir. Belə ki, teatrda yeni tamaşa qoyulanda nazirliyin nümayəndələri azından tamaşanın premyerasına baxırlar. Təbii olaraq 25 nəfərlik aktyor heyəti olan bu teatrın tamaşalarında Əjdər Zeynalovun rollarını da seyr ediblər. Bütün bunları bilə-bilə nədən nazirlik direktorun bu qanunsuz əməllərinə göz yumur? Əjdər Zeynalov öz hüquqlarını müdafiə etmək üçün, Mədəniyyət İşçilərinin Respublika Həmkarlar İttifaqına, Dövlət Əmək Müfəttişliyinə və məhkəməyə müraciət etmək zorunda qalıb.

Teatrdan fimlərə yol açan ömür
 

Əjdər Zeynalov Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyor olmaqla yanaşı, milli kinomuzda rejissorların da diqqətindən yayınmayıbdır. Buna görə də bir sıra tammetrajlı filmlərdə və televiziya seriallarında aparıcı rolları ona həvalə etməkdə risk etməyiblər. “Köpək”, “Qorxma mən səninləyəm”, “Qəzəlxan”, “Yük”, “Dolu”, “Ömürdən uzun gecə”, “Sovqat”, “İtirilmiş həqiqət”, “Qisas almadan ölmə”, “Qayıdış”, “Ləkə”, “Fədakar”, “Əbədi ezamiyyət”, “Xeyirlə şərin rəqsi”, “İrəvan xanlığı”, “Qanun naminə”, “Satılmış həyat”, “İntihar”, “Şoller ailəsinin arxivi” kimi tammetrajlı filmlərdə bir birindən maraqlı rollar ifa edib. Tofiq Tağızadə, Oqtay Mİrqasımpov, Şahmar Ələkbərov, Vaqif Əsəd Firudinoğlu, Yavər Rzayev, Nadir Diridağlı, Namiq Ağayev, İrakli Apakidze, Elxan Cəfərov, Cavid Təvəkkül, Rüfət Əsədov, Kənan Mahmudov, Cəmaləddin Qasımov, Vüqar İslamzadə, Fariz Əhmədov, Yaşar Əhmədov, Tural Əhməd kimi tanınmış rejissorlar Əjdər Zeynalova istedadına dəyər verərək onu çəkdikləri filmlərə dəvət etmişlər.

Əjdər Zeynalov bu gün Azərbaycanda yenicə dəbdə olan milli televiziya seriallarında da bir sıra uğurlar qazanmışdır. “Susmuş vicdan”, “Sirr”, “Tək olanda qorxma”, “Həyat çiçəyi”, “Toy gecəsi”, “Səni ürəyim sevdi”, “Göyçək Fatimə”, “Tufanlı səma”, “İki ömür”, “Muradına çatan Günəş”, “Həyat varsa”, “Tək olanda qorxma”, “İki ömür”, “Lal yuxu”, “Toy gecəsi”, “Həyat çiçəyi” kimi serial filmləri buna örnək göstərmək olar. Təbii olaraq, bütün bunlar Əjdər Zeynalovun sənət baxımından bioqrafiyasının böyük bir parçasıdır. O zaman sual yaranır ki: İrəvan Teatrı”nda bunca sənət uğurları olan aparıcı aktyorun “peşə səviyyəsinin aşağı olması” hansı meyarla ölçülüb? Fikrimizcə direktor İftixar Piriyev heç bir zaman cavab verə bilməyəcək.

Direktor öz statusunu bilməyəndə

Çağdaş teatr siyasəti daha çox antrepriz və antreprener statusu ilə fəaliyyət göstərir. Bu o deməkdir ki, direktor teatrda istənilən rejissorun hansı statusa malik olmasından asılı olmayaraq, səhnəyə qoyulan tamaşaların təşkili və satışını önə çəkməlidir. Direktor bu sahədə daha çox perfomer statusu ilə hərəkət edir. Teatr nə zaman ki, təsərrüfat müdiri və savadsız menecerlərin nəzarətinə keçir, elə o anda da “TEATR FACİƏSİ” başlayır. Bədii yaradıcılıq və sənət aləmi isə arxa plana keçir. Beləliklə istənilən istedadlı aktyor sənətlə əbədi olaraq vidalaşmaq simfoniyasının içində əriyib bitir və tükənir. Beləliklə də  sənət meyarı ilə deyil, bürokratik intriqalarla teatrın məzarı qazılır. Teatrlarda “dəmir rejim” adı ilə tarix boyu istedadı olmayan aktyorlar direktor kürsüsünü məngirləyərək öz hökmlərini verməklə inzibati amirlik siyasətlərini yürütməyə çalışıblar. Çünki, istedadsız aktyorlar direktor olmaqla yanaşı, şəxsi ambisiyalarının qurbanlarına çevrilərək istedadlı aktyorları sıxıb əzmək, onları ən azından mənəvi baxımdan “sındırmaq” kimi dərin siyasətlərə baş vurublar. Elə bu günün özündə Azərbaycan milli teatrı ona görə inkişaf etmir ki, əksər teatrların direktorları bir vaxtlar aktyor olmaq eşqi ilə yaşamışlar. Onlar istedadları ilə parlaya bilmədikləri üçün keçmişdəki kimi “kolxoz sədri”, və ya “həbsxana rəisi” davranışını nümayiş etdirirlər. Bu psixoloji qavram olmasaydı, onlar sənətə əlvida deyib özləri üçün başqa sahədə uğurlar qazanmaq üçün daha geniş imkanlar əldə edə bilərdilər. Bu xarakterə malik olan direktorlar sənətdə çeşidli cərəyanların qarşısını elə inzibati amirliklə alırlar. Beləliklə sənətdə sublimasiya anlayışını tamamilə məhv etmək yolunu tuturlar. Bu ali dəyəri keçmişin istedadsız aktyorları və bu günün direktorları heç anlamazlar. Ona görə də istedadsız aktyorlar Azərbaycan teatrının bəlasına çevriliblər. Faktiki olaraq ölkə teatrlarında çağdaş standartlara uyğun teatr estetikası tamamilə yoxa çıxıb. Daxili psixoloanalitik anlamını libido faciəsinin şüualtı qavramlarında itirənlər özləri kimi ətraf aləmdə nə varsa, hər şeyin məhvi üzərində kökləniblər. Ünlü alman filosofu, sosioloqu, bəstəçisi və musiqişünası Teodor Lüdviq Vizenhrund Adorno çağdaş teatr sənəti ilə bağlı haqlı olaraq qeyd edir ki: “Teatrda effektiv şəkildə sevgi ilə bütünləşən sənət faktoru ana xəttdir. Burada indvidin effektiv olaraq təsir imkanlarına özəlliklə diqqət edilməlidir. Sənətin başında duran məmurların sənətə təsir imkanlarını, eləcə də müdaxilələrinin qarşısı anındaca alınmalıdır. Onlar sənəti iflic etmək siyasətindən savayı heç nə bilmirlər. Çünki, həyatda ən təhlükəli eqoizm istedadsız olan birisinin sənətin başında oturmasıdır”.

Avanqard düşüncə sistemi hər zaman teatrın sayəsində inkişaf edib

Bu gün Azərbaycanda mədəniyyətin peşəkarlıq baxımından aparıcı rolu məhz teatrların  üzərinə düşür. Bu qavramdan uzaq istedadsız aktyorların direktor görəvini məngirləməsi teatr və sənət faciəsinin təməli deməkdir. Bunun ən adi örnəyi Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevdir. O, aktyor olmaq istədi, istedadsızlığı ucbatından teatrda, televiziya tamaşalarında və kinoda özünü isbat edə bilmədi. Şair olmaq istədi, poetikanın estetik dəyərlərindən yoxsun (məhrum) olduğu üçün şair kimi parlaya bilmədi. Dramaturq olmaq istədi. Orta yüzillərin panteizm düşüncəsində çağdaş zamanın ritminin ruhunu yarada bilmədi. Rejissor olmaq istədi, bu sahədə ötən yüzilin 50-ci illərində dəfn edilmiş plakat janrındakı monotonluğun içində gömüldü. Xoreqraf olmaq istədi, balet sənətinin sirlərini bilmədiyi üçün iflasa uğradı. Bu sadaladıqlarımızın qarşılığında bəs o teatrda nələri etdi? Sualın tək cavabı, həbsxanada olduğu kimi, quru və cansıxıcı rəis rolunu öz hökmünün bir parçasına çevirdi. Teatrda aktyorları “işə davamiyyət jurnalı” ilə gündə iki dəfə, səhər tezdən və bir də axşam qol çəkdirmək kimi işgəncə ilə onları katorqa həyatını yaşamağa məcbur edir. Direktorun görəvi budurmu? Azərbaycanda teatrla bağlı qəbul edilmiş qanunlara tüpürərək, teatrı öz şəxsi iradəsinin hökmü ilə idarə etmək hüququ heç kimə verilməyib. İftixar Piriyev məhz bu qayda ilə ötən 17 il ərzində onlarla istedadlı sənətkarları bu qocaman teatrdan perik salıbdır. Sonucda isə, 138 illik peşəkar teatr taleyi olan sənət ocağı “dram dərnəyi” səviyyəsinə endirilibdir.
Azərbaycan teatrının tarixindəki şanlı salnaməsinin təməl prinsipləri çağdaş zamanla  uyumlu ritmdə olmasına bağlıdır. Bu həm də özgürcəsinə avanqardizmin öndə gedən dəyərləri ilə biçimlənməsi deməkdir. Bunu istedadsız aktyor kimi teatrlara direktorluq edənlərin anlaması çox zordur. Avanqardizmin əsas prinsipi “gülümsə ki, ağlamayasan” məntiqinə söykənir. Həm sənət baxımından, həm də maddi duruma görə bütün bunlar uzlaşdırılmalıdır. Ünlü teatr və opera rejissoru Edvard Qreq deyir ki: “Ənənəvi teatrın böhranı zamanı avanqardizm onun tək nicat yoludur. Bu, həm də tamaşaçı statusunun tamamilə dəyişməsi deməkdir. Teatrın səhnəsi ayna deyil, həm də sosial gerçəkliyin laboratoriyasıdır. Bu qavrayışın tranformasiyası cəmiyyətin intellektual səviyyəsinin də inkişafına təkandır. Bertold Brext və Antonen Arto kimi dahilərin sənətdəki uğurlarının sirri də bundadır”.
Görəsən bütün bunları “İrəvan Teatrı”nın direktoru, dramaturq, şair, aktyor, əməkdar mədəniyyət işçisi, rejissor, həm də xoreqraf İftixar Piriyev dərk edirmi? Əgər dərk edirsə, o zaman bu teatrın aparıcı aktyoru Əjdər Zeynalovu nədən və nə üçün işdən qanunsuz olaraq çıxarıbdır. Bizim Əjdər bəyi müdafiə xarakterli silsilə yazıları yazmaqda amacımız bu qanunsuzluğun digər teatrlarda da prosesə çevrilməsinin qarşısını almaqdır. Aktyoru işdən azad etmək, özəlliklə də qanunları pozmaqla, onların sənət taleyinə açıq şəkildə tüpürmək deməkdir.  
Teatrda bu gün sadəcə rejissorlar, dramaturqlar, bəstəçilər və rəssamlar deyil, həm də texniki baxımdan menecerlik edənlər də onun inkişafı üçün sorumludurlar. Keçmişin inzibati amirlik amirlik metodu stalinizmlə birlikdə tarixin zibilliyində çoxdan gömülübdür. Əgər bu gün hansısa teatr direktoru hələ də bu təfəkkürlə idarəetmə baxışlarında ilişib qalıbsa, bu onun şəxsi faciəsinin təməli deməkdir. Deməli onlar özləri ilə birlikdə bütün teatrı da keçmişin zibilliyində gömmək siyasətini aparırlar. Buna zamanın ironik də olsa, belə bir düşüncə sistemi ilə yanaşmaq, teatr sənətinin tamamilə məhvidir.  

Xudaferin.eu

17:42