“İrqçi şüarlara” etiraz edən Urmulu voleybolçular cəzalandırılıb

 

Güney Azərbaycandan “XUDAFERİN.EU”-ya daxil olan xəbərə görə, İran mollakratiya rejimi tərəfindən olan ölkədə voleybol üzrə ölkə çemiponatında stadionda türklərə qarşı irqçi şüarlar səsləndirildiyi üçün oyunu tərk edən Urmu Bələdiyyə Klubunun iki oyunçusu İran Voleybol Federasiyası tərəfindən cəzalandırılıb.

Urmuda fəaliyyət göstərən “Yol Press” internet portalı bu haqda məlumat yayıb. Yayılan məlumata görə, keçən həftə Mazandaran vilayətinin mərkəzi Sari şəhərində Urmu və Sari şəhərlərinin voleybol komandaları arasında keçirilən bir oyun zamanı “irqçi şüarlar və söyüşlər” səsləndirilib. Urmu komandasının oyunçuları Əbdülrza Əlizadə və Armin Təşəkküri oyunu tərk edərək şüarlara etiraz bildiriblər.

Olayın ardınca İran Voleybol Federasiyasının İntizam Komitəsi iki voleybolçunu gələcək iki oyunda komandanın tərkibinə qatılmaqdan məhrum edib.

“Tasnim Agentliyi” isə bildirir ki, Urmu klubunun qərara etirazı nəticəsində Əbdülrza Əlirzadənin cəzası şərti cəzaya çevrilmiş, Armin Təşəkkürinin isə sadəcə bir oyundan məhrum edilməsinə qərar verilmişdir. Agentlik olayın “iki komandanın azarkeşləri arasında baş qaldıran qarşıdurmadan” ibarət olduğunu yazıb.

Qeyd edək ki, son illər xüsusilə Güney Azərbaycanda və Əhvaz bölgələrinə məxsus olan idman klubları davamlı olaraq İran stadionlarında türklər və ərəblərə qarşı irqçi şüarların səsləndirilməsindən şikayət edirlər. İran mollakratiya rejimi fars kökənli olmayan xalqlara qarşı irqçi şüarların səsləndirilməsi, bu yöndə kitab və dərgilərin çapı, televiziya kanallarında təbliğatların aparılması ilə yanaşı, indi də bu prosesi idman stadionlarında gündəmə gətiribdir. Beləliklə Güney Azərbaycan və Əhvaz bölgələrində Tehran mərkəzli mollakratiya rejiminə qarşı əhali arasında sərt təpkilər güclənməkdədir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

  

 

11:36