İri güclərin Qarabağ savaşı: Azərbaycan kimə arxalansın?

 

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fəallaşma var. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə intensivləşən səfərləri ilə yanaşı ABŞ və Rusiya da ayrı-ayrılıqda münaqişənin həllində fəallıqlarını artırıblar. Rusiya XİN-dən sonra ABŞ-ın dövlət katibi Reks Tillerson Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqları olduqlarını açıqlayıb. Amerikalı həmsədr Riçard Hoqland ortada Ermənistan və Azərbaycanı ortaq məxrəcə gətirəcək ağılabatan planın olduğunu bildirib. Hoqlanddan əvvəl Rusiya prezidenti Vladimir Putin də 3 hissədən ibarət olan belə bir plandan danışmışdı.

 

Bizə kim kömək edə bilər?

 

Fransanın da təklikdə fəal olduğu prosesdə Azərbaycanı maraqlandıran bir sual var: Bizə kim kömək edə bilər, hansı tərəfin təklifi maraqlarımızı müdafiə edir? Əlbəttə, Azərbaycanın ictimai rəyi bir qayda olaraq Ağ Evə və Kremlə dikilib. Çünki heç kəs bu məsələdə Fransanın nəsə edəcəyinə inanmır, münaqişəni ortaya çıxaran məntiq də buna əsas verir. ABŞ və Rusiyanın burada sonuncu söz deyən tərəf olduğu heç kəsə sirr deyil. Lakin bu iki siyasi qütbdən hansının planının Azərbaycanın maraqlarına uyğun olduğunu məsələnin detallarını bilmədən mümkün deyil. Plandan danışılır, amma açıqlaması və işin hansı paramterlər üzərində getdiyini bilən yoxdur. Lakin həm ABŞ, həm də Rusiyanın münaqişənin onun planı üzrə həll edilib, bölgədə möhkəmlənmək kimi bir məqsədi var. Bu baxımdan hər iki ehtimal Azərbaycanın lehinə ola bilər. Amma işə məntiq tərəfindən baxsaq, ABŞ Rusiyanın bölgədəki manevr imkanlarını məhdudlaşdırmaq üçün Azərbaycana kömək edə bilər. Mövcud şərtlər də ABŞ-ın Azərbaycanın yanında yer almasına imkan yaradır. Nəzərə alsaq ki, Rusiyanın görünən və görünməyən Dağlıq Qarabağ siyasətində Ermənistanın maraqlarını müdafiə edilir, bu baxımdan ABŞ Azərbaycana dəstək verməklə ən azı əzəli rəqibinə qarşı yeni mübarizə meydanı aça bilər. Azərbaycanın ictimai rəyində də Rusiyanın günahkar olması fikri var, amma şimal qonşumuzla müqayisədə ABŞ münaqişədə ən az ittiham olunan tərəfdir. Ən azı ABŞ Qarabağ savaşında Ermənistan tərəfindən Rusiya kimi Azərbaycana silah qaldırmayıb.

 

ABŞ kömək edə bilər, amma...

 

Amma Rusiyanın Ermənistandakı hərbi varlığı ABŞ-ın geniş-əl qol açmasına imkan vermir. Suriyada gedən proseslərdə ABŞ-ın ehtiyatlı davranışı göstərdi ki, amerikalılar ruslarla geosiyasi mübarizədə açıq savaşa getməyə lüzum görmürlər. Ukrayna və Gürcüstan ərazilərinin işğalı zamanı da ABŞ həmin mövqeni sərgiləmişdi. Kreml də öz növbəsində Ağ Evin üstün olduğu regionlarda özünü göstərmək cəhdlərini etmir. Məsələn, bir müddət əvvəl Rusiyanın NATO və Pentaqonun təsir rıçaqlarının qaldığı Liviyaya müdaxiləsi məsələsi gündəmə gəlsə də bu, reallıqda öz əksini tapmadı.

Çox güman ki, Rusiya əvvəldən Liviyaya müdaxilənin hansı nəticələri ortaya çıxaracağını nəzərə alaraq, bu fikrindən daşınacaq, bəlkə də daşınıb. Yəni, bu baxımdan münaqişə ABŞ-ın planı əsasında həll edilsə belə, Rusiya əzəli rəqibinin Cənubi Qafqazda lövbər salmasına əngəl olmağa çalışacaq ki, bu da ortaya əlavə problemlər çıxara bilər. Başqa sözlə, münaqişənin ədalətli həllində ABŞ-a güvənə bilərik, amma həlli Rusiya ilə birlikdə axtarmalıyıq. Rusiya ilə eyni danışacağımız dil tapmaq lazımdır. Çünki şimal qonşumuz vaxtilə Dağlıq Qarabağı məhz regiondakı varlığını qarantiyaya almaq və burada olduğunu Qərbə göstərmək üçün Ermənistana işğalda kömək etmişdi.

 

“Yeni planlar Ermənistanın lehinədir”

 

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, münaqişənin 20 illik həll prosesində çoxlu sayda təklif və plan irəli sürülüb. Politoloqun sözlərinə görə, bu illər ərzində “Madrid prinsipləri” (yenilənmiş variant), “Kazan formulu”, “Lavrov planı” və digər variantlar irəli sürülsə də bu və ya digər səbəblərə görə münaqişə həllsiz qalır: “Həmsədrlər - ABŞ, Fransa və Rusiyanın toqquşan regional maraqları da problemin həllini uzadır. Məsələn, Fransanın variantlarında ərazilərin qaytarılması əvəzinə, Dağlıq Qarabağda “müstəqillik referendumu”nun keçirilməsi məsələsi var. Təbii ki, bu plan Ermənistanın maraqlarına uyğundur. ABŞ-ın isə planı ondan ibarətdir ki, ərazilərin qaytarılması ilə Qarabağa aralıq status verilsin. Düzdür, ABŞ bu planın üstünə çox getmir. Çalışır ki, tərəflər ortaq razılığa gəlsin. Rusiyanın həll formullarına gəldikdə, bu, 3-4 rayonun qaytarılmasıyla Dağlıq Qarabağa aralıq statusun verilməsi, Rusiyanın sülhməramlı qüvvələrinin regiona yerləşdirilməsini ehtiva edir. Əlbəttə, Azərbaycan bunu qəbul etmədi. Ötən il aprel döyüşlərindən sonra Lavrovun regiona səfəri, Bakıda və İrəvanda keçirdiyi diplomatik danışıqlar da bu istiqamətdə gedirdi. Hazırda həmsədrlərin mart ayında regiona səfərləri çərçivəsində isə üç maddəlik plan irəli sürüldü. Bu, ərazilərin boşaldılması və Qarabağda referendumun keçirilməsini nəzərdə tutur. Rusiya və ABŞ, Fransa bu planda ortaq məxrəcə gəliblər. Aprelin ortalarından yenidən danışıqlar aparılacaq. Üç maddəlik plan Azərbaycan tərəfindən qəbul edilməyəcək. Bu o zaman qəbul edilə bilər ki, Qarabağa aralıq status verilsin. ABŞ, Rusiya və Fransa Ermənistana təzyiq edib, aralıq statusu qəbul etdirməlidirlər. Yeni planlar Ermənistanın lehinədir”.

Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan həmsədrlərlə sıx diplomatik əlaqələri inkişaf etdirməlidir: “Çalışmaq lazımdır ki, ABŞ Qarabağa aralıq statusun verilməsi ilə bağlı Azərbaycanın mövqeyini qəti dəstəkləsin. ABŞ-la sıx işləmək lazımdır”.

Mənsur Rəğbətoğlu

Cebhe.info

 

05:55