İraq Türkmanları Azərbaycana hər zaman sevgi ilə baxıblar

Əhməd Tuzlu Quzey İraq Türkmənlərinin ən ünlü müğənnilərindən biridir. Onunla 2013-cü ilin soyuq dekabr ayında Türkiyənin Əskişəhər şəhərində keçirilən “Türkvizyon” musiqi yarışmasında tanış olmuşduq. Nəfəsimizi kəsən şaxtalı bir havanın olmasına baxmayaraq bu möhtəşəm törəndə Əhməd Tuzlunun simasında salona toplaşmış 2500 tamaşaçı Quzey İraq Türkman xalqına ayaq üstə duraraq alqışlar yağdırdılar. Bizlərin, Azərbaycandan gəlmiş xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Məlahət İbrahimqızı, qələm dostlarımız Baba Vəziroğlu, Bəhruz Həsənli, Dilqəm Əhməd və Lalə Cəbrayıl İraq Türkmanlarına olan sevgidən gözlərimiz yaşarmışdı. Bu gün Əhməd Tuzlunun səsini Türkiyə, Quzey Kıbrıs, Almaniya, Belçika, Avstriya, İngiltərə və başqa ölkələrin konsert salonlarından gəlir. Həm də Quzey İraq Türkmanlarının harayını dünyaya duydurmaq üçün.

–Əhməd bəy, hal-hazırda nə işlə məşğulsunuz?

–Bilkənd Universistetinin musiqi və səhnə sənəti fakültəsinin opera bölümünü bitirdikdən sonra, Ankarada TRT kanalının radiosunun solisti olaraq çalışıram. Bununla yanaşı, xüsusi konsert proqramları hazırlayaraq, qastrollara gedirəm. Mənim məqsədim başqa müğənnilər kimi şöhrət qazanmaq, çoxlu sərvətə nail olmaq deyil. Əldə etdiyim gəliləri  doğma xalqımın ehtiyaclarına dəstək verirəm. Quzey İraq Türkman xalqının sayı üç milyondur. Osmanlı imperiyası dağldıqdan sonra, bizim xalqın tarixdə görünməyən ən əzablı dönəmi başlamışdır. İndiyə kimi bir-birini əvəz edən rejimlər biz türkmanlara qarşı daim soyqırım siyasəti aparmışlar. Bunu açıq söyləmək gərəkdir ki, bir qatı yandan ərəb milliyyətçilərinin şovinizmi, o biri yandan kürdlərə məxsus silahlı terror qruplaşmaları tək biz türkmanlara qarşı mücadilə aparırlar. 1918-1920-ci illərdə Osmanlı dövlətinin çöküşü üçün İngiltərə, Fransa və Rusiyanın silahlı qüvvələri və onların himayəsi altında olan kürd, erməni, aysor və ərəblərə məxsus quldur dəstələri Ərbil, Mosul, Kərkük, Təlafər, Tuzhurmatu, Qara Təpə, Xanəgin, Mendeli, Bədrə, Kifri, Altunkörpü, Səncər, Ninəvə, Diyalə, Vəsit və başqa vilayətlərimizi yerlə yeksan etmək üçün tarixin ən dəhşət saçan soyqırım siyasətlərini apardılar. Məqsəd bizim torpaqlarda mövcud olan dünyanın ən iri neft yataqlarına sahib çıxmaq idi. O dönəmdə Əli Ehsan Sabis Paşa Mustafa Kamal Atatürkün əmri ilə bu soyqırımların qarşısını almaq üçün böyük qəhrəmanlıqlar göstərdi. Səddam Hüseynin 40 il iqtidarda olduğu hakimiyyət zamanı isə, bizlərə qarşı kimyəvi silahlardan istifadə olundu. Bir yandan isə, xalqımızı ölkənin müxtəlif bölgələrinə sürgün etməklə, o biri yandan qarışıq ailələr siyasətini aparmaqla tamamilə assimliasiya etmək üçün də çalışıldı. İndi isə, təriqət, məzhəb, xalqlararası silahlı münaqişə və digər adlar altında idarə olunan savaş gedir. Hətta bizim tarixi torpaqlarımıza sahib sıxmaq üçün ərəblər və kürdlər bir-birlərini qırırlar. Bizlər türkman xalqı olaraq, öz milli iradəmiz adına mücadiləmizi davam etdiririk. Mən bir müğənni kimi bu sahədə əlimdən gələni edirəm. Bu gün hər kəs əlindən gələni etməlidir ki, vətən və torpağın namus olduğunu kimsə unutmasın. Əldə etdiyim gəlirləri bu qanlı savaşlarda əlini, qolunu itirmiş, ömürlük əlil qalmış, kimsəsiz qalmış uşaqlara yardım edirəm. Bəzən elə olur ki, qastrol səfərimizdə gündə bir neçə konsert veririk ki, yardımlarımız daha çox olsun.

–İraq Türkmanlarının mənşəyi barəsində bəzən türkoloji mənada mübahisələr yaranır. Bəziləri deyirlər ki, sizlər daha çox Azərbaycan türklərinə yaxınsınız. Şivəniz ərəb dilinin qrammatikası ilə qarışıq olduğu üçün, Orta Asiya türkmənlərinin bir qolusunuz. Sizin fikrinizcə, İraq türkmanları Türk Dünyasının hansı boyundandırlar?
 
–Səmimi etiraf edirəm ki, İraq Türkmanlarının dili Azərbaycan türkcəsinin Əfşar boyunun bir ləhcəsidir. Biz daha çox Güney Azərbaycan türklərinin Əfşar boyunun ləhcəsi ilə danışırıq. Bu həm də bizim ədəbi dilimiz sayılır. Bu bir kökdür. Ancaq, bununla yanaşı, dilimizin ortaq türk dilində olmasının da qayğısına qalırıq. Bir sözlə, Azərbaycan, Orta Asiya və Anadolu türklərinin ortaq dilinə önəm veririk. Sadə insanlarımız Azərbaycan türkcəsinə daha çox yaxındırlar. Mahnılarınızı və musiqinizi özümüzkü hesab edirik. Məhəmməd Füzuli kimi bir dahinin bizim torpaqlarda anadan olması hamımız üçün bir qürur mənbəyidir. Onun Bayat elindən olması isə tarixi faktdır. Əslində Füzuliyə görə bəzi elm adamlarının mübahisə aparmasını bizlər yalnış addım hesab edirik. Orta çağda indiki kimi fərqli etnoslara bölünmüş türk xalqları anlayışı yox idi. Füzuli Türk Dünyasının ən böyük şairidir, desək bu daha doğrudur.

–Sizin ifanızda səslənən “Altın hızma”, “Hara gedirsən”, “Qolundakı bilərzik”, “Yolçu Hoyrat”, “Sıra səndə Türkiyə”, “Bax gözünə”, “Heyllidən dağlar qamış”, “Evlərinin önü boyalı”, “Çərşəmbəni sel aldı”, “Ah bir atəş ver”, “Bayatı” və sair mahnılar indi çoxları tərəfindən sevilə-sevilə dinlənilir. Siz sanki, bu mahnılarla İraq Türkmanlarının səsini və  harayını da gündəmə gətirirsiniz.

–Bu tamamilə doğrudur. Sənətçi səhnəyə çıxdığında sadəcə özünü deyil, mənsub olduğu mədəniyyəti də təmsil edir. Buna görə də səhnə davranışına, ifa etdiyi əsərə sayğı ilə yanaşmalıdır. Sənətçi sənət baxımından nə qədər ciddi olarsa, ona olan ilgi də bir o qədər sayğılı qarşılanacaqdır. Repertuarımda demək olar ki, İraq Türkman musiqisi ilə yanaşı, Azərbaycan və Türkiyənin ən dəyərli əsərləri yer almışdır. Başqaları kimi yad musqilərin əsirinə çevrilməni qəbul etmirəm. Təbiətin içindən gələn bir düzən var. Onu diqqətlə seyr etdikdə insan dünyanın necə də möhtəşəm olduğunu anlamağa başlayır. Heç zaman qarğa bülbülün, bülbül də qarğanın səsini çıxara bilməz. Bu, təbiətin canlı aləm üçün yaratdığı böyük bir nizamdır. Başqa xalqların mədəniyyətini bilmək, hətta bir sıra mahnılarını oxumaq da olar. Ancaq, özgələri oxuya-oxuya özgələşməyə yol vermək olmaz. Biz İraq Türkmanları nə qədər savaşlar, diktator siyasətinin assimliasiya düzəni ilə üz-üzə qalsaq da, heç bir zaman kimliyimizi itirmədik. İhsan Doğramaçı, Manisa Tarzani, Abbas Bayatlı, Əbdüləziz Səmin Bayatlı, Sübhiyə Xəlil Zəki, Firdevs Kərküklü, Şevkət Səid, Mustafa Kamal Yayçılı, Sabah Qaraaltun, Nurəddin İzzət, Əbdülvahid Kuzəçioğlu, Məhəmməd Sadıq, Məhəmməd İzzət Xəttat, Hicri Dədə, Ərşad Hörmüzlü, Sabah Hörmüzlü, Məhəmməd Əsəd Ərbil, Əta Tərzibaşı, Şakir Sabir Zabit, Əbdüllətif Bəndəroğlu, Ərşad Saleh kimi ünlü liderlərimizdən bizlər öz milli kimliyimizin dəyərələrini öyrəndik.

–Azərbaycanda oldunuzmu?

–Uşaq vaxtı Kərkükdə Əbdüllətif Bəndəroğlunun baş redaktoruluğu ilə dərc olunan “Ulus” qəzetinin hər sayını oxuyardım. Bu qəzetin hər sayında Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında geniş yazılar verilərdi. Atamın köhnə bir patefonu var idi. Rəşid Behbudovun vallarını qoyaraq gözlərini yumub saatlarca onu dinləyərdi. Çox sonralar bildim ki, keçmiş Sovetlər Birliyi dönəmində İraqda tərcüməçi işləmiş bir azərbaycanlı o valları atama hədiyyə edibmiş. Mən Azərbaycanı Rəşid Behbudovun ifasında sevdim. Bu amansız müharibələr, xalqımızın başına gələn minbir müsibətlərə görə Azərbaycana gələ bilmədim. Azərbaycanın tarixini çox yaxşı öyrənmişəm. Tək anladığım şey, bizlərə bu qədər yaxın olan bir məmləkəti qarış-qarış gəzib dolaşmaqdır. Son Qarabağ uğrunda Azərbaycan ordusunun əldə etdiyi zəfərlər bizləri də çox etkiləndirdi. Ankaranın küçə və  meydanlarına çıxaraq, “Erməni işğalına son!”, “Qarabağ Azərbaycanındır!” şüarlarını səsləndirənlərin sırasında mən də İraq Türkmanları ilə birlikdə addımlayırdım. Bundan nə qədər qürur duyduğumu isə sözlə ifadə edə bilmirəm. Mosul, Kərkük və Ərbildə olan qohumlarımız zəng edirdilər ki, Azərbaycanda nə baş verib. Elə oralara Azərbaycanın uğurlarının müjdəsini verdim. Onlar da bizim sevincimizə qatıldılar. Məni ən çox üzən tək bir səbəb var. Bölgənin adı Qarabağdır. Dünyanın bütün gücləri də yaxşı anlayırlar ki, bu türk sözüdür. Bəs erməninin oralarda nə işi var, deyə nədən buna göz yumurlar. Azərbaycan ordusu daha da irəli gedərək böyük uğurlara imza atarsa, bu həm də Türk Dünyasının qələbəsi olacaqdır. Türk Dünyasına qarşı son üç yüz ildə dünya güclərinin  apardıqları sömürgə siyasətinə son qoyulmalıdır. İraq Türkmanlarının torpaqlarını kürd silahlı peşmərgələrinin, Azərbaycan türklərinin ərazilərini ermənilərin əli ilə işğal etmək siyasətinə son qoyularsa, bu Türk Dünyasının qurtuluşu olacaqdır. Rusiya Krımı işğal etməklə Türk Dünyasına göz dağı vermək istəyir. Güney Azərbaycanda türkün milli kimliyini danmaq üçün 90 ildən çoxdur ki, dərin siyasətlər aparılır. Bizlər əl-ələ verərək bu zülmlərə birlikdə son qoymalıyıq.

–Bir sənətçinin bunca siyasətə baş vurması mümkün olan bir şeydir.

–Sənət daim siyasətdən uzaq olmalıdır. Təəssüflər olsun ki, həyat şərtlərimiz elə gətirib ki, siyasət özü bizi haqlayır. Türkiyənin ən ünlü sənətçilərindən biri olan Cüneyt Arkın böyük öndər Mustafa Kamal Atatürkə qarşı yabançı sömürgə siyasəti aparanların, eyni zamanda başları xurafatla dolu olanların irəli sürdükləri həqarətlərə cavab kimi sinəsini irəli verərək məmləkəti qarış-qarış gəzərək sadə insanların bu rəzalətə qarşı dirənişini düzənlədi. Demək olar ki, bir sənətçi olaraq bir ordunun işini təkbaşına gördü. Atatürk kimi millət atasına qarşı küfrlər etmək, həqarət çamurlarını atmaq ölkənin dayaqlarını sarsıtmaq deməkdir. Belə bir məqamda sənətçi də vətəndaş kimi mövqeyini qoymalıdır. Vətən və dövlət məsələsində bir yumruq kimi birləşmək üçün sənətçilər öz nüfuzundan istifadə etməyi bacarmalıdır. Cüneyt Abi kimi.

–Gələcək planlarnız nədən ibarətdir?

–Çox istəyirəm ki, Qarabağda səngərdə əlində silah gecə-gündüz Azərbaycanın ərazi bötüvlüyü uğrunda hər an döyüşə hazır olan Azərbaycan əsgərlərini bağrıma basım. Onlar təkcə bu günümüzün deyil, sabahımızın tarixini yazan, ancaq heç zaman adları bəlli olmayan gizli qəhrəmanlarımızdırlar. Vətən əslində bu qəhrəmanların sayəsində öz gerçəyini qazanır. Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Lənkəran, Bərdə, Beyləqan, Şəki, Qazax və başqa gözəl şəhərlərdə konsertlər vermək istəyirəm. Qoy İraq Türkmanlarının səsini Azərbaycanın hər qarışında duysunlar. Türkman Elində barışın və istiqrarın əldə edilməsi üçün əlimdən gələni etməyə çalışıram. Onminlərlə İraq Türkman qaçqınlarının doğma torpaqlarına geri dönmələri üçün onlara mənəvi dayaq olaraq konsertlər verirəm. Demək olar ki, hər həftə Türkiyədə məskunlaşmış soydaşlarımızla görüşürəm. Böyük bir konsert proqramı ilə Kərkük, Ərbil, Mosul və digər türkman şəhərlərində, qəsəbələrində  və kəndlərində konsert prqoramı hazırlamışam. May ayının ortalarından Quzey İraqda turnelərə çıxacam. Təbii ki, repertuarımda Azərbaycan xalq və bəsətəkar mahnıları da yer alıb. Öncələr Azərbaycana və onun musiqisinə necə maraq var idisə, bu ənənəni indi də bizlər davam etdiririk. Bakını Azərbaycanın gözü, Təbrizi Güney Azərbaycanın ruhu olduğu üçün sevirik. İraq Türkmanlarının Azərbaycan sevgisinin təməli budur. Ona görə də, sizləri özümüz sayırıq.

Söhbətləşdi: Ə. Yusifoğlu 

16:26