“İranlı Mühacirlər Cəmiyyəti”nə sədr seçilib

 

Rəhim Hüseynzadə yenidən təşkilata rəhbərlik edəcək
 

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi Ümumi Yığıncağını keçirib. Yığıncağı qurumun ən yaşlı üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, 84 yaşlı Ədilə Çernikbulənd açıb. Sonra Xocalı soyqırımı qurbanlarının, o cümlədən fədai Ağayar İmaninin, onun həmin döyüşdə şəhid olan oğlu Malikin, həmçinin iki yığıncaq arasında dünyalarını dəyişmiş bütün mühacirlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Hesabat-seçki xarakterli toplantının sədarəti, işçi qurupu, gündəliyi təsdiqləndikdən sonra qonaqlar adından söz Milli Qeyri –Hökumət Təşkilatları Forumunun vitse- prezidenti Nüşabə Məmmədovaya verilib. O, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin iki gün əvvəl təmsilçisi olduğu nüfuzlu qurumun üzvlüyünə qəbul edildiyini deyib. Bu münasibətlə cəmiyyətin bütün üzvlərinə təbriklərini yetirərək yığıncağın işinə uğurlar arzulayıb. Yeni seçiləcək rəhbərliyin fəaliyyətində əməkdaşlıq amilini diqqətdə saxlayacağını bildirib.

İclasda təşkilatın iki ümumi yığıncaq arasında gördüyü işlərə dair “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Rəhim Hüseynzadənin məruzəsi dinlənərək müzakirə olunub. 2016-2017-ci illəri əhatə edən həmin sənəddə bu müddətdə təşkilati, təbliğati, sosial, iqtisadi və sair sahələrdə reallaşdırılan tədbirlərdən söhbət açılıb, həllini gözləyən problemlərə diqqət yetirilib. Məruzə ətrafında 8 nəfər çıxış edib. Onlar hesabat dövründəki fəaliyyəti məqbul qiymətləndirməklə yanaşı həllini gözləyən vəzifələrə də diqqəti çəkiblər.
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi seçilərkən belə ümumi razılığa gəlinib ki, təşkilatın işində xüsusilə son aylarda yaranan ciddi fəallıq 70 yaşlı cəmiyyətin bir sıra gözəl ənənələrinin dirçəldilməsinə inamları artırır. Buna görə də rəhbər orqanlarının tərkibinin genişləndirilməsi, sədrin birinci müavini vəzifəsinin təsbiti məntiqi hesab edilib.

Ümumi Yığıncaq yekdilliklə Rəhim Hüseynzadəni yenidən sədr, Firudin İbrahimi sədrin birinci müavini, Həsən Babai, Pərviz Kazımi, İsmayıl Abdullahi və Murtuza Müqəddəmi sədrin müavinləri seçilib. Yığıncaqda İdarə Heyətinin də yeni üzvləri seçilib.
 

Cebhe.info

 

09:16