İranın sosial-iqtisadi durumu

2012-ci il ərzində bu ölkədə böhranlar daha da dərinləşmişdir

Tehran rejimi açıq və səmimi şəkildə etiraf etməsə də, ölkənin iqtisadi və sosial həyat tərzində problemlər ağırlaşmaqda davam etmişdir. İran Mərkəzi Bankının bildiriyinə görə bu il ölkədəki infliasiya həddi 17 faiz olmuşdur. Ancaq, mütəxəssislər isə bildirirlər ki,   infliasiya durumu qeyri rəsmi şəkildə 27 faiz olmuşdur. Əhalinin tələbatı isə 22 faiz artmışdır. Milli valyutanın məzənnəsi 1 dollar 18 min rialdan 40 min riala qədər artıbdır. Rəsmi statistikaya görə kasıb təbəqənin sayı 14 milyondan 25 milyona nəfərə kimi yüksəlmişdir. Bu da ölkə əhalisinin 35 faizi deməkdir. Sosial problemlərin dərinləşməsi nəticəsində ölkədə əhalinin adambaşına gəliri 15.5 dəfə azalmışdır. Ölkə rəsmiləri infliasiya həddinin artması nəticəsində işsizlərin sayının 11 faiz olduğunu (əslində 19 faizdir) qeyd etməyə məcbur olmuşdur. Bütün bunlar mütəxəssislərin də qeyd etdiyi kimi, sosial gərginliyin artması gözlənilən böyük təhlükələrə səbəb ola bilər. 

İqtisadi reformlar

 2012-ci ilin başlanğıcından İran hökuməti infliasiya və böhran həddini, eyni zamanda bahalaşmanı nəzərə alaraq əhaliyə enerji resurslarına görə subsidiyaların ödənilməsini irəli sürsə də, mart ayından başlayaraq subsidiyaların ödənilməsində ödəmələri azatlmağa məcbur olmuşdur.  Son 11 ayda aparılan reformlar nəticəsində təbii yanacaq qazının sayəsində 200 milyon, benzin istehsalının azaldılması strategiyasına əsasında  880 milyon, kerosinə görə isə 770 milyon, qazoylla bağlı 2.1 milyard, soba yanacağına görə 1.35 milyard dollar qənaət etmişdir. Bütün bunlara görə sıxılmış təbii qaza olan tələbat 11, kerosin 3, soba yanacağı 6 faiz azalmışdır. Bu ilin yanvar ayından etibarən  hakimiyyət  subsidiyaların ödənilməsinin ikinci mərhələsini başladığını elan etsə də, məhz bu addımı ilə ölkədə 3 milyondan çox ailəyə birbaşa subsidiyaların ödənilməsi dayandırılmışdır. Ehtiyacı olan ailələrə benzin və digər yanacaq məhsullarının alışında əlavə problemlər yaranmışdır. Hökumət yaranmış problemlərdən yayınmaq üçün ən ağır durumda yaşayan ailələrin qayğısına qalacağını elan etmişdir. Mütəxəssislərin də qeyd etdiyi kimi, hökumətin belə bir addımı atmağa məcbur qalmasının əsas səbəbi maliyyə resurslarının çatışmamazlığında aramaq lazımdır. Çünki, beynəlxalq səviyyədə İrana qarşı bir sıra iqtisadi və maliyyə sanksiyalarının tətbiq olunması belə bir durumun yaranmasına səbəb olmuşdur.

Bank və valyuta-maliyyə sektoru

2012-ci ilin yanvar ayında İranda rialın məzənnəsi dollara nisbətdə 30 faiz həcmində qəyərləndirilsə də, ötən müddət ərzində 1 dolların 17 min rialdan sürətlə artmaqda davam edən iflisiyaya görə indi bu rəqəm 40 minə çatmışdır. Faktiki olaraq hökumətin əhali qarşısında çoxsaylı çıxışları nağılvari şəkildə ifadə ritorikasından uzağa getmədi. Ancaq, bununla yanaşı, ölkənin qara bazarında hökm sürən maliyyə çöküşü də dolayı yolla rejimin gücünü saxlaya bilməmişdir. Ekspertlərin bildirdiyinə görə, Tehran rejimi milli valyuta rialın devalvasiya yolu ilə büdcə kəsirlərinin qarşısını almaq üçün 2011-2012-ci illərdə etdiyi bir cəhdlər də boşa çıxmışdır. Bunun əsas səbəbi isə xarici iqitisadi əməkdaşlıq sahəsində sanksiyaların daha da sərt xarakter daşıması olmuşdur. İndiki mövcud durumdan çıxış nöqtəsi kimi hökumət daxili bazara hesablanmış 90 faiz xalis gəlirlərin ümidinə qalmışdır. Bunun üçün milli valyutanın kursunun saxlanılması üçün bir sıra sərt addımlar atmaqdadır. İran Mərkəz Bankı faktiki olaraq ölkənin valyuta bazarını nəzarətə almaqla nəqd şəkildə hesablardan 2 min dollardan artıq vəsaitin çıxarılmasının qarşısını almaq məcburiyyətində qalmışdır. Ölkədə yatırım qoyan bütün investorlara daha geniş səlahiyyət verməklə istədikləri həcmdə heç bir məhdudiyyət olmadan maliyyə qaynaqlarından faydalanmaq üçün şərait də yaradılmışdır. İndi 2002-ci ildən fərqli olaraq, ölkədə əhalinin əlində nəqd şəkildə olan pul kütləsinin 3 trilyon rial (300 milyard dollar) olması hakimiyyəti daha çox narahat etməkdədir. Heç kim malik olduğu vəsaiti bank sektoru vasitəsilə maliyyə əməliyyatlarına cəlb etmək fikrində deyil. Bu da öz növbəsində nəqd maliyyə resurslarının gizliliyinə səbəb olmuşdur. Prezident Mahmud Əhmədinicat banklarda dividentlərin 21 faiz həddində artırılması haqqında qərar qəbul etsə də, bu təşəbbüs heç də səmərəli nəticə verməmişdir.    

Tehranda qiymətli kağız bazarındakı durum

2012-ci il ərzində maliyyə sektorunda davam edən maliyyə sektorunun çöküşü ənənəyə çevrilmiş şəkildə davam etmişdir. 2011-ci ildən fərqli olaraq, 2012-ci il İran hakimiyyəti üçün daha acınaqcaqlı xarakter daşımışdır. Belə ki, Tehranda qiymətli kağızların qiyməti 2011-ci ilə nisbətən daha da ucuzlaşmışdır. Hətta qara bazarda qiymətli kağızların dəyərinin 30 faizdən də aşağı düşdüyü göz önündədir. Digər yandan isə 2010-cu illə fərqdə daşınmaz əmalk bazarında satış həcmi 60 faiz artmışdır. Birbaşa hakimiyyətin tam nəzarətində olan əmlaklar belə özəlləşdirilməyə çıxarılmışdır. Dövlətə məxsus  aksiyalarının satışından əldə olunan  gəlirlərlə büdcədə yaranmış boşluğun doldurullması cəhdləri hələ ki, davam edir. Artıq 2 bank, neft-kimya sənayesi şirkəti, poladəritmə şirkəti və elektron sənayesinə məxsus müəssisələrin aksiyaları satışa çıxarılaraq əldə oluna gəlirlər büdcəyə köçürülmüşdür. 2012-ci ildə 347 dövlət şirkətinin səhmlərinin özəlləşdirməyə çıxarılması hökumətin qiymətli kağızlar bazarında hansı siyasəti aparmasına bir əyani sübutdur.      

İqtisadi sanksiyaların sosial-iqtisadi duruma təsiri

2012-ci ilin yanvar ayından başlayaraq ABŞ və onun müttəfiqlərinin İrana qarşı tətbiq etdikləri iqtisadi və maliyyə sanksiyaların sayəsində bu ölkədə bir sıra neqativ hallara səbəb olmuşdur. Rəsmi Tehran rejimi beynəlxalq səviyyədə iqtisadi təzyiqlərin davam etməsini inkar yolunu tutsa da, ümumi həyat şəraiti isə heç də ürək açan səviyyədə deyildir. Çünki, İranda hər ötən gün ərzində iqtisadi həyat tərzi daha da ağırlaşmaqda davam edir. Çünki, İran beynəlxalq səviyyədə bank və maliyyə resurslarından ortaq şəkildə istifadə etmədən məhrum olmuşdur. İranın maliyyə və iqtisadi sektoruna ən böyük zərbə isə xarici şirkətlərin öz sərmayələrini çıxarması, həm də birdəfəlik köçüb getmələri ilə də müşahidə olunur. Xarici şirkətlərin çoxu 2012-ci ildə faktiki olaraq qaçıb getmişlər. Hal-hazırda İranda fəaliyyət göstərən xarici şirkətlərin çoxu heç bir strateji önəm daşımayan sahələri əhatə etməkdədir. Onlar əsasən yüngül sənaye sektorunda çalışanlardan ibarətdir. Avropa ölkəlırinə məxsus bəzi şirkətlər isə neft-kimya sektorunu çalışdırmaqla əslində xarici ölkələrə xammal ixracatı ilə məşğuldurlar. Bu şirkətlərə Tehran rejimi məcbur olaraq bir sıra iqtisadi güzəştlər etmək məcburiyyətindədir. Çünki, geoloji kəşfiyyat və neft yataqlarının araşdırılması istiqamətində daxili resurslar yetərli deyildir. Bu yöndə xüsusilə Uzaq Şərq ölkələrinin şirkətlərinin çalışmasına izin vermişdir. Avropaya şirkətlərinin İrandan getməsi səbəbindən ölkədə texniki baxımdan ölkəni əslində çıxılmaz duruma salmışdır. Ölkədaxili şirkətlərin heç biri neftçıxarma, təbii qazın istismarı və neft-kimya sahəsini maliyyə və tezniki baxımdan təmin etmək gücündə deyillər. Analitiklərin fikrincə elə amillərə görə, İranda neft, qaz və neft-kimya sahəsində xeyli dərəcədə istehsal sahəsinin tepmi də aşağı düşmüşdür. Avropa Birliyinin İrana qarşı embarqo tətbiq etmək verdiyi qərarı Tehran rejiminin siyasi elitası kəskin şəkildə qarşılasa da, bütün təşəbbüslər hələ ki, heç bir fayda verməmişdir. İran tərəfi özünü sakit və səbirli tərzdə göstərməyə çalışsa da, gerçəklik ondan ibarətdir ki, embarqonun tətbiq edilməsi nəticəsində ölkəyə dəymiş zərərin miqyası milyardlarla dollar hesabında ölçülür. Bütün bunlardan qəzəblənən İran parlamenti hətta Avropa ölkələrinə neftin satışının yasaq edilməsi, eyni zamanda Qərbə məxsus şirkətlərin investisiya layihələrini yasaq elan etmişdir. Digər yandan Avropa Birliyi üzvü olan ölkələrin mallarının da İranda ticarətinə qarşı embarqo tətbiq edilməsi haqqında qərar vermişdir. 2011-ci ilin ortalarına kimi İran neftinin 18 faizi, yəni gündəlik 500-800 min barel Fransa, Almaniya, İspaniya, Yunanıstan və İtaliyaya satılırdı. İran tərəfi indi həmin miqyasda nefti təkcə Çinə satmaq məcburiyyətində qalmışdır. Avropa Birliyinin İranın enerji resurslarını almaqdan vaz keçməsi haqqında haqqında qəbul etdiyi qərarının ucbatından dünya bazarında neftin 20-30 həcmində artması kimi təhlükələr də yarana bilər. Bu da Avropadakı neft emalı fabriklərini çıxılmaz duruma sala bilər. Fransanın “Total”, İngiltərə və Hollandiyanın “Royal Datç Şell” kimi neft nəhəngləri, eləcə də İtaliya, İspaniya və Yunanıstanın enerji şirkətlərinə də böyük zərərlərin dəyməsi proqnozlaşdırılsa da, İranın bütün gözləntiləri heç də istənilən nəticələri verməmişdir. İran tərəfi isə Çin, Güney Koreya və Yaponiya kimi ölkələrə üz tutmaqla əslində öncələr olduğu qədər gəlirlər əldə edə bilmir.  

Neft-qaz sektoru

ABŞ və Avropa Birliyi tərəfindən İrana qarşı tətbiq olunan embaroya baxmayaraq, İran tərəfi neft və qaz sektoru üçün yeni partnyorlar tapmışdır. Məhz bu fakta söykənərək, Tehran rejimi ölkədə enerji sektorunun inkişafı haqqında nikbin notlarla çıxış etməkdə davam edir. Hökumət hətta iddia edir ki, 2011-2012-ci illərdə neft-qaz sektorunda bir sıra böyük uğurlar əldə etmişdir. Bəndər Abbas və Lavana bölgəsində “Iranian Central Regions Oil Company” (ICROC) şirkətinin sayəsində yeni infrastrukturların yaradılması və nefin dünya bazarında ticarətinin normal vəziyyətdə olmasını iddia etmişdir. Hökumətin digər iddiası isə Sadatabad və Sərvestan bölgələrində gündəlik 15-25 min barel həcmində neftin çıxarılmasını təmin etməkdir. Bu yataqlarda hətta gündəlik 55 min barel neftin istismar olunması haqqında da rəylər mövcuddur. Hökumətin qənaətincə bu iki proyektin reallaşması nəticəsində ölkənin neft və qaz sahəsi üzrə 82 faiz həddində gəlir imkanlarını da bərpa etmək mümkündür. İran tərəfinin bu strategiyaya üstünlük verməsinin əsas səbəbi isə neftin xarici bazarda ticarətində İraqa üstün gəlməkdir. Belə bir prosesdə Xəzərətrafı regionlarda da neft yataqlarının istismarı üçün hökumət xeyli səylər göstərməyə başlamışdır. Gilan vilayətindəki Sərdar Cəngəl neft-qaz yataqlarının istismarı üçün büdcədən xeyli vəsait ayırmışdır. Gilan vilayətinin Rudsar şəhərində isə yeni neft-kimya fabrikini inşa etmişdir. 2012-ci il ərzində İran gündəlik 620 milyon kub metr təbii yanacaq qazı çıxarmışdır (bunun 260 milyon kub metri Güney Pars yataqları sayəsində olmuşdur). Gündəlik 32 milyon kub metr qaz emalı gücünə malik olan Fəcr Cəm və Bidboland fabriklərini işə salmışdır. Güney Pars bölgəsində əlavə olaraq 4-5 belə fabrikin inşa edilməsi qərarı da verilmişdir. 2011-ci liin mart ayından 2012-ci ilin yanvarına kimi İran xaricə 7.6 milyard kub metr təbii qaz satmışdır. Hökumət yanacaq qazının eksportunu 9 milyard kub metrə çatrırılması üçün yeni layihələr hazırladığını da bildirmişdir. Bununla yanaşı mütəxəssislərin qeyd etdikləri kimi, xüsusi qəddarlıqla neft və qaz yataqlarını istismar etməklə daha çox gəlir əldə edərək Tehran rejimi öz ömrünü uzatmağa ümid edir. Rejimin ciddi cəhdlə qorunması üçün hakimiyyət ölkənin digər təbii sərvətlərini vəhşicəsinə istismar etməklə yanaşı, bunun xammal şəklində xarici bazarda satılması yönündə bütün güzəştlərə getməkdə belə davam edir. Belə bir durumla bağlı rejimin xərcləri də xeyli dərəcədə artmışdır. Öz tərəfdarlarının ehtiyaclarını ödəməklə çürüməkdə olan siyasi sistemin ömrünü qorumağın zamanı nə qədər sürəcəyi də zatən bəlli deyildir.

Ənvər BÖRÜSOY

 

14:29