İrandan ölkəmizi təhdid edən QƏRAR

İran İslam Şurası Məclisi (parlament) narkotik maddələrin satışına görə tətbiq edilən ölüm hökmünün uzunmüddətli həbslə əvəz edilməsi haqqında qanunu qəbul edib. Bu qanunun qəbulundan sonra məhkəmələr həbs edilən narkotik tacirlərini asılmaqla deyil, 30 il müddətə azadlıqdan məhrum etməklə cəzalandıracaqlar. Narkoticarətə görə tətbiq olunan ölüm hökmünün ləğv olunması onsuzda bütün dünyada günü-gündən genişlənən narkotik dövriyyəsini daha da artıracaq. İran, Əfqanıstan və Azərbaycan narkotik satışında tranzit ölkələrdir. İranın belə bir qərar verməsi region dövlətlərində narkotik dövriyyəsini artıracaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İran bununla özünü Qərbə loyal göstərmək istəyir. Onun sözlərinə görə, region dövlətləri İranın qərarından asılı olmayaraq öz sərhədlərini ciddi şəkildə qorunmasını təmin etməlidir: “Ölüm hökmü problemi onsuzda həll etmirdi. Nə qədər İranda narkotik istifadəçiləri və daşıyıcıları ölüm hökmünə məhkum olunsalar da narkotik daşınmasının həcmi azalmırdı. İran üzərindən xeyli miqdarda narkotik daşınması həyata keçirilir. Həmdə İranın mövcud siyasi rejimi özünü Qərbə bir qədər loyal göstərmək üçün ölüm hökmünü ləğv edib. Qərb ölkələrində ABŞ istisna olmaqla ölüm hökmünə çox mənfi münasibət var. Qərb dövlətləri tələb edirlər ki, ölüm hökmü ömürlük azadlıqdan məhrumedilmə ilə əvəz edilsin. İran hakimiyyəti də başa düşür ki, ölüm hökmü ilə narkotik problemini həll edə bilməyəcək və həm də əhali arasında ciddi narazılıq var. Çünki İranda xeyli sayda günahsız insan da ölüm hökmünə məhkum edilib. Belə faktlar haqqında biz də mediadan məlumatlar alırdıq. Digər tərəfdən də ölüm hökmünü ləğv etməklə İran Qərblə münasibətləri yaxşılaşdırmaq istəyir. İran ölüm hökmünü ləğv etməklə bu məsələnin həllinə nə qədər nail olacaq, bu artıq İranın daxili işidir. Bizim üzərimizə düşən isə sərhəddi ciddi nəzarətdə saxlamaq və narkotiklərin Azərbaycan vasitəsiə digər ölkələrə keçirilməsinin qarşısını almaqdır. İran nə qərar verir, versin, biz onsuz da bu işi görməliyik”.
Politoloq Natiq Miri isə bildirib ki, İranın bu qərarı Azərbaycan üçün böyük təhlükə vəd edir. Onun sözlərinə görə, İran bu qərarla narkoticarətə nəzarət etmək istəyir: “Təbii ki, Avropaya Türkiyə üzərindən gedən tranzit yollardan biri də Əfqanıstan, İran və Azərbaycan üzərindən keçir. Bu da təbii ki, Azərbaycan gəncliyi üçün böyük təhdid, təhlükə vəd edir. Bu baxımdan düşünrəm ki, İranın bu qədər narkotranzitin miqyasının artmasına gətirib çıxaracaq. Bu da müəyyən mənada Azərbaycan üçün böyük təhlükələr yaradır. Ona görə də İranın bu tip qərarlarına qarşı Azərbaycan da adekvat addımlar atmaq məcburiyyətindədir. Ən azından orta məktəblərdə maarifləndirici tədbirləri artırmaq lazımdır ki, gəncliyimiz bu bəlalara düçar olmasın. Terror və terror şəbəkələrinə qoşulmaqla yanaşı narkotikdən istifadə də toplumu məhz edəcək ən ciddi səbəblərdən biridir. Ona görə də, Azərbaycan sığortalanmaq üçün və gələcəyinə ciddi investisiyalar qoymaq üçün bu cür bəlalardan qurtulmaq, bu səbəbləri aradan qaldırmaq üçün konkret işlər görməlidir. İranın bu cür addımı yəqin ki, narkoticarətə nəzarəti gücləndirməklə bağlıdır. Çünki İranın istəyinə rəğmən qeyri-leqal da olsa bu proses davam edir və konkret şəbəkələr vasitəsilə milyardlar qazanırlar. Bu milyardlar da təbii ki, terrorçuluğa və insanlığa qarşı istifadə olunur. Düşünürəm ki, İran dövləti tərəfindən də bunlara nəzarət etmək üçün belə bir qərar qəbul olunub. Hər bi halda bu qərarı doğru hesab etmirəm. Ölüm cəzasının narkotik qəbul edənlərə və satanlara tətbiq olunması müəyyən mənada İran cəmiyyətində çəkindirici amil kimi qəbul olunurdu. Ancaq bundan sonra hər hansı bir çəkindirici amil qalmayacaq və bu narkoticarətin inkişafına zəmin yaradacaq. Bu da Azərbaycan və ümumilikdə region dövlətləri üçün çox böyük təhlükə vəd edir”.

Vilayət Muxtar
(Cebhe.info)

14:46