İran prezidentinin yardımçısından Türk millət vəkillərinə dəstək

İran prezidentinin yardımçısı, hökumət sözçüsü Məhəmmədbağır Nobəxt parlamentdə yaradılmış Türk Millət Vəkilləri Fraksiyasından və onun ölkə üçün fürsət sayılmasından danışıb. Nobəxt deyib ki, ölkədəki mövcud bütün mədəniyyətlərə hörmət bəslənilməli, onlara dəyər vermək gərəkdir: “Parlamentdə bizim Türk həmvətənlərimizdən olan bir qrup millət vəkili Türklərin yaşadığı bölgələrdəki mövcud problemlərin rahat həlli üçün fraksiya yaradıblar. Lakin bu fraksiyanın yaranması müxtəlif reaksiyalara səbəb olub. Belə ki, bəziləri onu milli birliyə qarşı zidd addım sayır, bəziləri isə bu fraksiyanın və onun fəaliyyətinin ölkənin xeyrinə olduğunu düşünürlər. Biz isə hesab edirik ki, işlərin daha rahat irəli aparılması üçün ölkə parlamentində bu kimi fraksiyaların sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Lakin həm də düşünürük ki, yaranan fraksiyaların fəaliyyəti və hərəkət istiqaməti elə olmalıdır ki, milli birliyə və vəhdətə yardım edə bilsin. Güman edirəm ki, ölkəmizdə və bu coğrafiyanın sərhədlərində mövcud olan mədəniyyətlərə ehtiram qoyulmalı, onlara dəyər verməliyik. Həm də unutmayaq ki, mədəniyyətləri bir-birinə yaxınlaşdırmaq və onları koordinasiya etmək də mühüm məsələlərdən biridir. Buna göz yummaq olmaz. Biz bir və ya bir neçə məsələdə ortaq cəhətləri olan toplunu digəri ilə koordinasiya edə və ölkənin inkişafı üçün onların mövcudluğundan faydalana bilərik. Bir daha qeyd edirəm ki, ölkəmizdəki bütün mədəniyyətlərə dəyər verilməlidir”. Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox Türk millət vəkilinin iştirakı ilə yaranmış Türk Millət Vəkillərinin Fraksiyasının ilk iclası keçirilib. Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə təmsil olunan millət vəkillərinin ilk iclasında təbrizli millət vəkili, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türk Millət Vəkilləri Fraksiyasının sədri vəzifəsinə, urmulu millət vəkili Nadir Qazipur ilə ərdəbilli millət vəklili Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən millət vəkili Məhəmməd Həsən Nəjad və təbrizli millət vəkili Şəhabəddin Bimiqdar katib, təbrizli millət vəkili Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.

Fraksiyanın fəaliyyətə başlaması və bu barədə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türk Millət Vəkilləri Fraksiyasının Mərkəzi Şurasının üzvüdür: “Türklərin yaşadığı bölgələrin probleminin həlli yönündə strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, müvazinətli inkişafı təmin etmək fraksiyanın əsas hədəflərindən sayılır”.

Xudaferin.eu 

12:41