İran Ermənistanla silah anlaşması imzaladı

Müdafiə naziri Vigen Sarkisyan bu məqsədlə Tehrana səfər edib

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edib. İrəvandan verilən rəsmi açıqlamaya görə, bu səfər hər iki tərəf üçün yüksək əhəmiyyət daşıyır. Tehranda aparılan müzakirələrin əsas mövzusu müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri ilə bağlı olub. Ermənistan özünün müdafiə sahəsinin qapılarını İranın üzünə açmaq niyyətini bəyan edib. Ermənistanla İran arasında hərbi sahədə əməkdaşlıq həmişə mövcud olub. Hətta 1990-cı illərin əvvəllərində İran rejimi Ermənistana silah yardımı edib. Bu baxımdan, İrəvanla Tehran arasında hərbi sahədə işbirliyi ilk baxışdan təbii görünə bilər. Ancaq Vigen Sarkisyanın səfəri Ermənistanın bu sahədə yeni mərhələyə start vermək niyyətini nümayiş etdirir. Söhbət İran şirkətlərinin Ermənistanın müdafiə sənayesi sektorunun qurulmasına cəlb olunmasından gedir. Yəni, rəsmi İrəvan İranın Ermənistanda silah istehsalı ilə məşğul olmasında maraqlıdır. Tehrana yola düşməzdən öncə jurnalistlərə açıqlama verən V.Sarkisyan bölgədə təhlükəsizlik sahəsində çoxsaylı problemlərin Ermənistanla İran arasındakı əməkdaşlığın xüsusi aktuallıq yaratdığını deyib. Yəni, regiondakı problemlər dedikdə ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi nəzərdə tutulur. İran beynəlxalq sülhməramlıların münaqişə zonasına yerləşdirilməsinin əleyhinədir. Həmçinin Tehran münaqişənin nizamlanmasına dair danışıqlar prosesinə cəlb olunmaq istəyində olduğunu dəfələrlə təklif edib. Xatırladaq ki, İranın 1992-cı ildə etdiyi vasitəçilik missiyası Şuşanın və Laçının Ermənistan tərəfindən işğalı ilə nəticələnib. Eyni zamanda, İran ATƏT-in Minsk Qrupunun üzvü olmadığı üçün danışıqlar prosesində vasitəçilik edə bilməz. İran Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bəyan etsə də münaqişə tərəfi kimi Ermənistanın hərbi mövqeyinin güclənməsinə yardım göstərir. Azərbaycan uzaqmənzilli raketlərin və onun texnologiyasının əldə edilməsi üçün İrana müraciət etsə də müsbət cavab ala bilməyib.  Bundan fərqli olaraq, Tehran Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsində maraqlı görünür. Rusiyanın hərbi-siyasi təsir zonasına daxil olan Ermənistanın müdafiə sənayesi sahəsini İranın istifadəsinə verməsi təbii ki, Kremlin razılığı olmadan baş tuta bilməz. Hazırda Ermənistanın silahlı qüvvələri, eyni zamanda, quru və hava məkanının müdafiəsi birgə müqavilələr əsasında Rusiyanın nəzarətindədir. Rusiyanın bu mövqeyi Ermənistanın silah bazarını İranla bölüşəcəyi inandırıcı görünmür. Lakin son illər Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın artması Ermənistan üçün ciddi bəhanə yaradıb. İrəvan bölgədə İsrail təhlükəsinin olduğunu qabartmaqla İrandan hərbi dəstək almağa çalışır. İranın Cənubi Qafqazda əsas geosiyasi rəqibi olan İsrail Azərbaycanla qarşılıqlı hərbi-texniki əməkdaşlığın Ermənistana qarşı yönəlmədiyini bəyan edir. Ona görə də Ermənistan əsas hədəfin İslam Respublikası olduğunu əsas gətirməklə İranın özünün hərbi-sənaye komleksinə cəlb etmək istəyir.  Ermənistan bununla Azərbaycanın İsraildən döyüş ləvazimatları almasına sakit qalmayacağını nümayiş etdirir. Ötən ilin aprel ayında baş vermiş “dörd günlük müharibə” zamanı Azərbaycan silahlı qüvvələrinin İsrail istehsalı olan pilotsuz uçuş aparatlarından fəal istifadə etməsi bir sıra ərazilərin ermənilərdən azad edilməsində mühüm rol oynamışdı. Həmin günlərdə erməni KİV-ləri guya Ermənistan silahlı qüvvələri tərəfindən vurulmuş İsrail istehsalı olan pilotsuz aparat barədə İrana məlumatın ötürülməsinin vacibliyindən söz açırdı. Halbuki, İsrail “Dron”larının endirdiyi ağır zərbələr qarşısında ağır itki verən Ermənistan ordusu ilə yanaşı, Dağlıq Qarabağda yaşayan ermənilər də xilas yolunu qaçmaqda görürdü. Erməni mediasının yazdığına görə, İsraillə Azərbaycan arasındakı hərbi əməkdaşlıq amili bu gün İrəvanla Tehranı ortaq məxrəcə gətirən təhdid və çağırışlar rolunu oynayır. Onlar bu təhlükəni neytrallaşdırmaq üçün hansısa yol tapmağa çalışırlar.
İranşünas Vardan Voskanyanın sözlərinə görə, pilotsuz qurğulara qarşı birgə mübarizə sistemlərinin işlənməsi Ermənistan-İran hərbi əməkdaşlığının vacib tərkib hissələrindən biridir. O, İranın Ermənistanla birgə yüksək texnologiyalı silah-sursat istehsalında maraqlı olduğunu deyib. Voskanyan İranın Ermənistanın müdafiə sənayesi kompleksinə investisiya yatırmağa razı olduğunu söyləyib.
Hərbi ekspert David Arutyunov isə Ermənistan müdafiə nazirinin Tehrana səfərinin hələ İran prezidenti Həsən Ruhaninin dekabr ayında İrəvana səfəri zamanı razılaşdırıldığını deyib. İranın Ermənistanın müdafiə sahəsində görəcəyi işlərin hələ müəyyənləşmədiyini bildirən Arutyunov bu məsələni reallıqdan uzaq hesab edir: “Mən bilmirəm ki, İran Ermənistana nə təklif edə bilər. İranın özünün silahlı qüvvələrini modernləşdirməyə ehtiyacı var. Əlbəttə, İslam Respublikası müdafiə sənayesi kompleksinə malikdir. Lakin Ermənistanla əməkdaşlığın hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir. Bildiyimə görə, indiyə qədər bu istiqamətdə hər hansı iş birliyi olmayıb”.

Müşfiq Abdulla
Cebhe.info

11:17