İqtidarda çaxnaşma: islahatçılar ənənəvilərlə qırğın edir

İqtidar daxilində çaxnaşmalar yaşanır; Hakimiyyət kluarlarında gedən gərgin və qızğın müzakirələrdə iqtisadi böhranın dərinləşməsi mübahisələrə səbəb olub. Hökumət içindəki islahatçı qanadla ənənəvilər arasında qırğın gedir.

Bu barədə Politika.Az-ın Analitik Mərkəzinə məlumat verilib. Hakimiyyətdəki qaynaqardan sızan xəbərdə deyilir ki, tormozlayıcı qüvvələrə antiböhran tədbirlərinin güclənməsinə imkan vermir. İslahatçı klanın üzvü olan deputat Vahid Əhmədovun üsyan etməsi və manatın günbəgün metastaz verməsi haqda sərt çıxışlarına baxmayaraq, ənənəvilər öz iqtisadi siyasətini dəyişmək istəmir. Deputat vurğulayıb ki, ötən il milli valyutamızı qorumaq üçün 11 milyard vəsait xərcləmişik. Təbii ki, bu da düzgün yol deyildi. Çünki biz bu yolla devalvasiyanın qarşısını ala bilmədik.
“Biz o vaxt da təklif etmişdik ki, manatın tədricən devalvasiyası baş versin. Manat onsuz da gec-tez, tələb-təklif amillərinə görə öz yerini alacaq. Onun hansı səviyyədə olacağını gələcək göstərəcək”, - deyə V.Əhmədov bildirib.
Eləcə də sahibkarlığın fəaliyyəti və prezidentin son fərmanlarının icrası istiqamətində görülən işlər qənaətbəxş deyil. Sanki komanda daxilində ikitirəlik hökm sürür. Bir tərəf prosesləri tətikləyir və böhranın dərinləşməsini önləmək istəyir, digər tərəf isə monopoliyanın qalmasında maraqlıdır, iqtisadi sistemin dəyişməsinə qarşıdır. Mənbə qeyd edir ki, hakimiyyət iindəki çaşqınlıq və toqquşmalar əhalinin güzəranına təsir edir. Siyasi elita və oliqarx məmurların qarşıdurmasından əziyyət çəkən tərəf xalqdır.
Nazirlər Kabineti islahatların lokomotivi ola bilmədiyi üçün antiböhran tədbirlərini də ləngidir. Köhnə və qoca komanda islahatçı qüvvələrin çağırışlarına məhəl qoymur. Politika.Az-ın xəbərinə görə, bəzi işbazlar, inhisarçı qüvvələr və hakimiyyət daxilində monopolist kimi ad çıxarmış məmurlar yaranmış şəraitdən öz xeyrinə sui-istifadə edir. İnsanların maddi vəziyyəti getdikcə çətinləşir. Milli Məclisdə bəzi deputatlar da dilə gəliblər. Prezident də dəfələrlə tapşırıb ki, sahibkarlara imkan verin, süni qiymət artımına getməyin. Ancaq bəziləri az qalan hər fərmandan, hər sərəncamdan öz məqsədləri naminə istifadə edir. İ.Əliyevin son aylarda verdiyi fərmanlar məhz anti-böhran tədbirləri çərçivəsində həyata keçirilir və islahatlara yönəlik addımlardır. Eyni zamanda gömrükdə qeyri-qanuni fəaliyyət göstərmək istəyənlərin mövqelərinə zidd fərmandır. Bununla da İ.Əliyev hakimiyyətdəki bəzi odioz və korrupsioner məmurların olan-qalan rüşvət almaq imkanlarını da məhdudlaşdırır.
Politika.Az xəbər verir ki, prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər. Müasir dünya ilə ayaqlaşa bilməyən nazirlərin, onların müavinlərinin, icra hakimlərinin iqtidarda təmsil olunması adekvat deyil.

Politika.Az

12:58