İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi

"Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbirlər keçirilməsini təklif edirəm".

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

O bildirib ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir: “Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımdan da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm, xanım sədr siz də bu məsələni qaldırasınız”.

İqbal Ağazadənin  təklifi Milli Məclisdə  gündəmə gətirildi
Qeyd edək ki, iki gün əvvəl Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə müraciət edib. Partiya sədri ictimai-siyasi xadimlərə, yazıçılara, şairlərə, sənət adamlarına da səslənib.

Xeberdar.net məlumat verir ki, İqbal Ağazadənin müraciətinə səbəb bu il Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi ilə bağlıdır. Partiya sədri təklif edir ki, Şuşanın 270 illiyi təntənəli şəkildə keçirilsin və bu, bütün ölkə boyu təşkil olunsun:

"Şuşanın əsası 1750-51-ci illərdə Pənahəli xan tərəfidən qoyulub. Baxmayaraq ki, bəzi mənbələrdə ermənilər Şuşanın əsasının guya daha əvvəl, 1428-ci ildə qoyulduğunu iddia edirlər, bu yanlışdır. Çox istərdim ki, bu məsələlərə xüsusi diqqət ayrılsın və Şuşanın 270 illiyinin keçirilməsi üçün xüsusi sərəncam verilsin. Bunun üçün Mədəniyyət Nazirliyinə müraciət olunmalı, ziyalılarımız Prezidentə müraciət etməlidir. Ola bilsin ki, bu, tək mənim müraciətimlə olmaya da bilər, buradan ictimai-siyasi xadimlərimizə, yazıçılarımıza, şairlərimizə, sənət adamlarımıza müraciət edirəm ki, onlar da bu addımı dəstəkləsinlər, Prezidentə müraciət etsinlər və Şuşanın 270 illiyinin keçirilməsi tarixə düşsün, sənədli filmlər də çəkilsin ki, o şəhərin məhz yaranışından işğalınadək yalnız bizə məxsus olduğunu, Azərbaycan şəhərsalma mədəniyyətinin, söz mədəniyyətinin, sənət mədəniyyətinin bir parçası olduğunu bir daha dünyaya sübut edək".

14:14