İmtahanların pullu olması tələbə sayını azaldacaq

 

Kamran Əsədov: “İnsanlar daha ucuz qiymətə xarici ölkələrə üz tutacaqlar”

Bu ildən orta ixtisas, ali təhsilin bakalavr, magistr və rezidentura pillələrində imtahanda iştirak etmək üçün ödəniş tələb ediləcək. Artıq ödənişin müəyyən edilməsi ilə bağlı Tarif Şurasına müraciət edilib.Yaxın zamanda bu barədə açıqlama veriləcək.Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu vaxta qədər hər bir imtahan iştirakçısı üçün xərclərin 25 manat təşkil etdiyini açıqlamışdı. Bu rəqəm isə ali təhsilin müxtəlif pillələri üzrə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərdə narahatlıq yaradıb. Təhsil eksperti Kamran Əsədov bu istiqamətdə “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

“DİM ciddi maliyyə itkisi ilə qarşılaşa bilər”

 

- Sınaq və qəbul imtahanlarının qiyməti ciddi məbləğdə arta bilərmi?

- Cəmiyyətdə belə bir fikir var idi ki, sanki indiyə qədər keçirilən qəbul imtahanları ödənişsiz əsaslarla həyata keçirilirdi, bundan sonra isə ödənişli əsaslarla olacaq. Xeyr, bu belə deyil.Buraxılış imtahanları istisna olmaqla, TQDK-a (DİM) tərəfindən təhsilin istənilən pilləsi üzrə keçirilən qəbul imtahanları ödənişli - pullu olub.Bu imtahanda iştirak edən iddiaçı xidmət haqqı ödədikdən sonra iştirak hüququ əldə edib.Sadəcə olaraq, bu ilə qədər TQDK-ya həm də dövlət büdcəsinin vəsaiti ilə maliyyə dəstəyi olurdu. Bu məbləğ ilərzində beş milyon manat təşkil edirdi. TQDK-a (DİM) ləğv olunub.Publik şəxsə çevrildikdən sonra bu quruma dövlət tərəfindən verilən vəsait dayandı.Bu ildən etibarən TQDK-a (DİM) özü göstərdiyi xidmətlərə görə öz maliyyələşdirilməsini həyata keçirəcək.Bu qurumun hazırda yeganə gəlir mənbəyi təhsilin müxtəlif pillələri üzrə sınaq və qəbul imtahanlarını keçirməklə əldə edəcəyi vəsait olacaq.Hesab edirəm ki, bu ildən etibarən qəbul imtahanlarının iki mərhələdə keçirilməsini zəruri edən halların başında bu gəlir. Nəzərə alsaq ki, hər il bakalavr, magistr və rezidenturaya qəbul imtahanlarında, həmçinin bu pillələr üzrə sınaq imtahanlarında 150 mindən çox insan iştirak edir, məhz bu imtahanları iki dəfə etməklə gəliri iki dəfə çoxaltmaq mümkündür. Dövlət İmtahan Mərkəzi (TQDK) sınaq və imtahanların qiymətini ciddi şəkildə artırsa, nəzərdə tutulan kimi gəlir əldə edə bilməyəcək, əksinə, ciddi şəkildə maliyyə itkisi ilə qarşılaşa bilər.Bunu statistik göstəricilər deyir.İndiyə qədər imtahanlarda iştirak edənlərin sayına diqqət yetirəndə bunu görmək mümkündür. 2014/2015 tədris ilində orta məktəbdə buraxılış imtahanlarının və qəbul imtahanlarının araşdırılması nəticəsində müəyyən olunub ki, abituriyentlərin 64,7 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb ki, bu da əslində qeyri-məqbul (“2”) deməkdir. TQDK-ya ümid edir ki, bu qədər insan yenidən onların ictimaiyyətə eşitdirdiyi 25 manatı ödəyib imtahana girəcək, bu yanlışdır.

- Onsuz da onlar bilirlər ki, yüksək bal toplamayacaqlar, daha boşuna niyə 25 manat pul ödəsinlər?Ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 43,89 faizi 0-100 bal, 20,76 faizi 100-200 bal toplamışdı. 200-300 bal arasında abituriyentlərin 13,61 faizi, 300-500 arasında 15,73 faiz, 500-700 bal arasında isə abituriyentlərin 6,01 faizi nəticə göstərmişdi. Azərbaycan bölməsindəki abituriyentlərin sayı 84739 nəfər, rus bölməsində isə 7904 nəfər olub. Azərbaycan bölməsi üzrə 116,92 bal, rus bölməsi üzrə isə 186,43 bal olub. Sizcə, bu aşağı balı toplayanlar 25 manatı ödəyə bilərmi?

- Əlbəttə ki, yox. Əgər həqiqətən də imtahan qiymətlərini 25 manat müəyyən edərsə, TQDK-ya (DİM)-nin gəlirlərlə bağlı gözlədiyinin tam əksi olacaq. TQDK-ya (DİM) qeyd edir ki, imtahana böyük məbləğdə xərc çəkir. Nələrə pul xərclənir: Son qəbul ilində qəbul prosesində ümumilikdə, respublikanın ümumi təhsil müəssisələrinin 11724 nəfər müəllimi nəzarətçi, ayrı-ayrı dövlət strukturlarından 800 nəfərdən çox mütəxəssis isə imtahan rəhbəri qismində iştirak etmişdi. Xüsusi Dövlət Mühafizə Xidmətinin çoxsaylı əməkdaşları imtahan prosesinin təhlükəsizliyini yüksək səviyyədə təmin etmişlər. Daxili İşlər Nazirliyi, “Azərbaycan Hava Yolları” Dövlət Konserni, Səhiyyə Nazirliyi, Nəqliyyat Rabitə və Yuksək Texnologiyaları Nazirliyi və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşəkarlığı imtahanların mütəşəkkil keçirilməsində mühüm rol oynamışdı. Bunların arasında yalnız nəzarətçilərə pul ödənir.Digərləri xidməti vəzifəsini yerinə yetirir. 10 il bundan əvvəl TQDK-a (DİM) sınaq və qəbul imtahanlarına daha çox xərc çəkə bilərdi. O vaxtı abituriyentə kağız daşıyıcılarla bütün xidmət edilirdi. İndi bütün proses elektron qaydada həyata keçirilir. Elektron ərizə qəbulundan tutmuş hər ixtisas qrupu üzrə qəbul imtahanı keçirildikdən sonra abituriyentlərin imtahan balları internet vasitəsilə əldə edilməsinə qədər bütün proseslər ödənişli olub və iddiaçı buna görə məbləğ ödəyib.Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ qazanmış abituriyentlər internet vasitəsilə ixtisas seçimi edirlər. Deməli, TQDK-a (DİM)-nin xərcləri azdır.

- İmtahan qiymətlərinin təxminən nə qədər olacağını düşünürsüz?

- İndiyə qədər keçirilən sınaq və qəbul imtahanlarının qiymətləri fərqli olub.Sınaq imtahanları 3.54, qəbul imtahanları 2.54 AZN olub. İndi bu rəqəm maksimum 7-8 manat ola bilər. DİM qeyd edir ki, bir sual kitabçası onlara 25 manata başa gəlir.Axı onlar imtahanda iştirak edən hər bir iddiaçıya ayrıca sual kitabçası tərtib etmirlər.Bu gün kifayət qədər kurslar qazanc əldə etmək üçün sınaq imtahanları keçirirlər.Onların qiyməti 7 manatdan artıq deyil.Onlar da DİM-nin xərcləri qədər maliyyə sərf edirlər. Bundan əlavə 2 il ərzində hələ ənənəvi qaydada qəbul həyata keçiriləcək. Yeni test tapşırıqları qəbul edilmir. Deməli, DİM test tapşırıqlarına vəsait sərf etməyəcək.

 

- Belə çıxır ki, indi müəyyən olunan qiymətlər 2 ildən sonra kurrikulum əsasında qəbul aparılanda dəyişəcək?

- Magistr pilləsi üçün imtahan qiyməti isə 10-15 manatdan baha ola bilməz. Ənənəvi test tapşırıqlarının yoxlanılmasına da o qədər vəsait sərf edilmir. Bundan başqa imtahan nəticələrinin öyrənilməsi ilə də bağlı xərclər var. SMS qiymətləri. Hesab edirəm ki, bu da 0.50 AZN-dən çox ola bilməz.

- İmtahan qiymətlərinin artması universitetlərə qəbula təsir edə bilərmi?

- Hazırda Azərbaycanda 36 dövlət, 15 özəl ali məktəb var. Azərbaycanda yalnız dövlət universitetlərinə deyil, özəl universitetlərə də ildə hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Lakin xaricdə tamamilə bunun əksidir.Dövlət universitetləri istisna olmaqla, özəl universitetlər nə qədər tələbə qəbul edəcəklərini özləri müəyyən edir. Xaricdə daha bir üstünlük bundan ibarətdir ki, orada yaxşı təhsil verən özəl universitetə köməklik göstərilir.Lakin bizdə əksinə, yaxşı təhsil verən özəl universitet sıxışdırılır.Bu da öz növbəsində təhsilin keyfiyyətini aşağı salır.Əgər imtahanda iştirak edənlərin sayı azalsa və müsabiqə şərtlərini ödəyən abituriyentlər yalnız dövlət universitetlərini seçsələr, özəl universitetləri böhran gözləyir.

- İmtahan qiymətləri başqa hansı fəsadlar yarada bilər?

- Bir məsələni xatırladım ki, bu ildən etibarən orta məktəblər tam şəkildə təmayülləşməyə keçir. Bu regionlarda şagirdlərin 10-11 -ci siniflərdə kütləvi şəkildə məktəblərdən yayınmasına və təhsildən məhrum olmasına gətirib çıxaracaq.Bundan başqa yüksək qiymətlərlə sınaq və qəbul imtahanları keçirsək, bu da onların təhsilə cəlb olunmasına ciddi şəkildə maneə olacaq. Onsuz da Azərbaycanda ali təhsillilərin sayı o qədər də çox deyil. Dünya ölkələrində əhalinin və burda ali təhsillilərin sayı ilə bağlı bir misal çəkmək istərdim. Azərbaycan: əhali 9,811 milyon. Vətəndaşların 17 faizini ali təhsillilər təşkil edir. Avstriya: əhali 8,39 milyon, vətəndaşların 9 faizin ali təhsillilər təşkil edir. Belarus: əhalisi 9,472 milyon, ali təhsilli kəsimi 19 faiz, İsveç: əhalisi 9,354 milyon, vətəndaşların 21 faizini ali təhsillilər təşkil edir. ABŞ: əhalisi 313, 232 milyon, əhalinin 35 faizi ali təhsillidir. İsrail: əhalisi 7,746 milyon, ali təhsillilərin sayı 34 faizdir. Kanada: əhalisi 34,213 milyon, ali təhsilli əhalinin sayı 23 faiz, Çin Xalq Respublikası: 1347,375 milyon, ali təhsillilərin sayı azdır 4,7 faiz. Həmçinin Rusiya: əhalinin sayı 142,8 milyon, ali təhsillilərin sayı 21 faiz təşkil edir. Almaniya: əhalinin sayı - 81,757 milyon, ali təhsillilərin sayı 15 faiz, Fransa: əhalinin ümumi sayı - 65,447 milyon, ali təhsillilərin sayı 15 faiz, Türkiyə: əhalinin sayı 73,723 milyon, ali təhsillilərin sayı 10 faiz, CAR: əhalinin sayı 49,991 milyon, ali təhsillilərin sayı 3 faizdir. Təhsil Nazirliyi Azərbaycanda ali təhsillilərin sayının artması istiqamətində iş apardığı halda orta məktəblərin təmayülləşməsi və sınaq qəbul imtahanlarının qiymətinin kəskin artması buna mənfi təsir edəcək. İnsanlar yüksək imtahan xərci və yüksək təhsil haqqı ödəyib Azərbaycanda oxumaqdansa, daha ucuz qiymətə xarici ölkələrə üz tutacaqlar.

Yeganə Oqtayqızı

Cebhe.info

 

19:20