İlqar Məmmədov da azadlığa buraxıla bilər

 

Azər Qasımlı: “Avropa Məhkəməsinin növbəti qərarı çıxarılacaq”

Sentyabrın 11-dən bəri Azərbacanda 20 nəfər məhkəmə qərarı ilə azadlığa buraxılıb. Onlar “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, 2015-ci ilin noyabr ayında Nardaran hadisələri zamanı həbs edilmiş 18 nəfər və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlidir. Bu siyahının artacağı gözlənilir. Yaxın günlərdə Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun da sərbəst buraxılması ehtimal edilir. Buna səbəb İlqar Məmmədov barəsində həbs qərarına son verilməsi ilə bağlı beynəlxalq təşkilatların çağırışlarının artmasıdır.

REAL Hərəkatının katibi Azər Qasımlı açıqlamasında İlqar Məmmədovun qısa müddətdə azadlığa çıxmaq ehtimalının az olduğunu bildirib. Lakin A.Qasımlı REAL sədrinin həbsdə çox qalmayacağını da dedi: “İlqar bəyin yaxın saatlarda və yaxın günlərdə azadlığa buraxılacağı barədə bizdə hər hansı məlumat yoxdur. Məsələ burasındadır ki, İlqar Məmmədovun məhkəməsi digər məhbusların məhkəməsindən fərqlənir. İlqar Məmmədova qarşı münasibət hakimiyyətin opponenti kimi fərqli olub. Yəni ola bilsin ki, İlqar Məmmədova münasibət fərqlənsin. Məlum olduğu kimi, ötən il ABŞ Konqresi də Kristofer Smitin hazırladığı layihədə əsasən 4 nəfərin azadlığa buraxılmasını tələb edirdi. Xədicə İsmayıl, İntiqam Əliyev və Anar Məmmədli azadlıa çıxsa da İlqar Məmmədov həbsdə saxlanıldı.  Biz də istərdik ki, İlqar bəy tezliklə azadlığa buraxılsın. Bunun nə zaman baş verəcəyini bilmirik. Yalnız onu deyə bilərəm ki, İlqar Məmmədovla bağlı çoxlu təzyiqlər var. Sentyabr ayının sonu, oktyabr ayının əvvəlində İlqar Məmmədovun azadlığa buraxılmasına dair Avropa İnsan Haqları Məhkəməsinin ikinci qərarı çıxacaq”.

Müşfiq Abdulla

Cebhe.info

 

17:01