İlk milli professional aktrisalardan biri...

(Əməkdar artist Əzizə Məmmədovanın 125 illiyi münasibətilə)

Azərbaycan qadınının səhnəyə gəlişi hər zaman çətinliklərlə üzləşib. Onlar müxtəlif təqiblərə məruz qalmalarına baxmayaraq, öz işlərinin öhdəsindən ləyaqətlə gələrək milli səhnəmizi rəngarəng obrazlarla bəzəyiblər. Belə görkəmli səhnə ustalarından biri də Azərbaycanın əməkdar artisti Əzizə Məmmədova idi.

O, 1892-ci ildə Tiflisdə sənətkar ailəsində dünyaya göz açmışdır. Atası əslən Şuşadan olan Əbdülbaqi Zülalov (Bülbülcan) dövrünün sayılıb-seçilən böyük xanəndələrindən biri idi. İlk musiqi təhsilini atasından alan kiçik yaşlı Əzizə qarmon alətində ifa etməyi də öyrənir. O, çox erkən ailə həyatı qurur və 1907-ci ildə qızları Sona (xalq artisti Sona Hacıyeva) dünyaya gəlir. Və bir ildən sonra əri Şəkili Salman dünyasını dəyişir. Əzizə körpə uşağı ilə yenidən Tiflisə atasının evinə gedir. Onlar Tiflisdə, sonra Aşqabadda və 1919-cu ildə Əbdülbaqi Zülalov, qızı Əzizə və nəvəsi Sona ilə birlikdə Bakıya köçürlər.
Əzizə Məmmədova əvvəl İbrahim Əbilov adına, sonralar isə Əli Bayramov adına qadınla klubunun fəal üzvü olur. O, Qadınlar klubunda səhnəyə qoyulan “Axşam səbri xeyir olar” vodevilində Gülcamal rolunda səhnəyə çıxıb. Bu tamaşada Mina Cəfərova Məşədi Şabanı, Əzizə Məmmədova Gülcamalı, Sona Hacıyeva isə onların qızı Çimnazı ifa etmişdir. C. Cabbarlı bu tamaşa haqqında yazırdı: ““Axşam səbri xeyirli olar”da Məşədi Şaban (Mina Cəfərova-İ.A.) fəna deyildi. Onun arvadı (Gülcamal-Əzizə Məmmədova-İ.A.) rolunu ifa edən xanım tərif foqində gözəl oynadı. Bu xanım öz hərəkət və danışığı ilə səhnəmizdə birinci olaraq bu vəqtə qədər müqtədir aktrisalar tərəfindən yaradılmayan canlı-təbii bir Şərq qadını yaradıb göstərə bildi...
...Hacı Şabanın qızı, (Çimnaz-Sona Hacıyeva-İ.A.) xüsusən oxuması və oxuyarkən aldığı vəziyyətlə sadə ürəkli bir azərbaycanlı türk qızının öz evlərində oxuduğunu andırıyordı. Bu o qədər təbii, o qədər gözəl idi ki, insan yerindən qalxıb “yaşa, Azərbaycan qızı!”-deyə bağırmaq istətirdi”.

Bu məqalədən məlum oldu ki, Əzizə xanımın ifası Cəfər Cabbarlı kimi böyük bir qələm sahibinin diqqətini cəlb etmişdir. Onun ilk uğuru müvəffəqiyyət qazanmış, tamaşaçıların alqışına səbəb olmuşdur. 1921-ci ildə Bakı Azad Türk Tənqid və Təbliğ Teatrı (Bakı Türk İşçi Teatrı) təşkil olunandan sonra Mirzağa Əliyev və Hacağa Abasovun təşəbbüsü ilə bu teatra dəvət alır. Əzizə xanım bu haqda xatirələrində yazır: “...Teatrın açılışı Azərbaycan zəhmətkeşləri üçün bir bayram oldu... Mən həmin gecə çadramı başımdan açıb atdım və səhnəyə çıxdım. Mən səhnəyə gələn ilk azərbaycanlı qızı idim. Bu dövrdə teatrda işləmək azərbaycanlı qadını üçün nə qədər çətin idi!”.
Əzizə Məmmədova 1921-1925-ci illərdə və qısa zamanda otuzuncu illərdə Bakı Türk İşçi Teatrlnda Zeynəb Əkrəmzadə (“İncə”), Səkinə (“Qana qan”), Qoca ərəbin qadını (“Qanlı səhra”), İncə qarı (“Yavğın”), Qadın (“Küləklər şəhəri”), İkinci qadın (“Çin tanrısı”), Maktaq (“Morqanın qohumu”), Günəş (“Qəzəb”), Zəhra bəyim (“Anamın kitabı”), Tafta (“Sevil”) Susanna (“Yollar”), Xanımana (“Gizli əl”) obrazlarını ifa edib. 1923-cü ildə indiki Akademik Milli Dram Teatrına dəvət alan Əzizə Məmmədova iki ilə yaxın hər iki teatrda fəaliyyət göstərib. 1925-ci ilin sonlarında Akademik Teatrda çalışıb. O, bu teatrda müxtəlif xarakterə malik olan qadın obrazları yaradıb. Pəri xanım (“Lənkəran xanının vəziri”), Tükəzban (“Vaqif”), Nabat, Gülsüm (“1905-ci ildə), Tokarçuk (“İntervensiya”), Hafizə (“Pəri cadu”), Tükəz (“Haçı Qara”), Fatmansa və Xanımnaz (“Almaz”), Zalxa (“Toy”), Şərəbanı (“Yaşar”), Sona xanım (“Dağılan tifaq”), Atlasın anası (“Həyat”), Gülgəz (“Oqtay Eloğlu”), Böyük xanım (“Aydın”), Terentyevna (“Dubrovski”), Marfa (“Özgə uşağı”), Lətifə (“İldırım”), Xurşud (“Dönüş”), Sədaqət xala (“Yadigar”), Luka Lukiçin arvadı (“Müfəttiş”), Güllü (“Qardaşlar”), Anna İvanovna (Prokurorun qızı”), Sənəm xala (“Göz həkimi”), Sayad (“İliç buxtası”) və s. tamaşalarda zəngin obrazlar silsiləsi yaradıb.

1923-cü ildən artıq görkəmli sənətkar kimi hörmət qazanmış Əzizə Məmmədova ömrünün sonuna kimi Akademik teatrda fəaliyyət göstərmişdir. Aktrisa bu səhnə də milli və əcnəbi dramaturqların əsərlərində müxtəlif xarakterli, bir-birində fərqli, maraqlı obrazlar qalereyası yaratmışdır. Onun böyük sənətkarlıqla ifa etdi Zalxa (“Toy”) Azərbaycan səhnəsində realist üslubda yaradılmış ən uğurlu səhnə obrazlarından biridir. Əzizə xanımın yaratdığı Zalxa aktrisanın digər rolları ilə müqayisədə bir çox xüsusiyyətlərinə görə fərqlidir. Onun Zalxası möhkəm iradə sahibi idi. Bu məğrur qadın ağıllı, cəsarətli bir vətəndaş idi. Aktrisa Zalxanın bütün jestlərini psixoloji baxımdan əsaslandırırdı. Əzizə xanım canlı, inandırıcı, orijinal bir obraz yaratmağa müvəffəq olmuşdur.
Əzizə Məmmədova çalışdığı teatrlarda ona tapşırılan rolları yüksək peşəkarlıqla ifa edib. O, müxtəlif xalqların qadınlarının obrazını həyəcanla, ehtirasla tamaşaçılara çatdıra bilmişdir. Xüsusən də Azərbaycan qadının həyatını ifa etdiyi obrazlarda düzgün təcəssüm etdirə bilmişdir.
Əzizə Məmmədovanın səhnə həyatı verdiyi obrazların qüvvətli alınmasında əbədi materialın böyük rolu var idi. O, səhnədə canlandırdığı hər bir obrazın sözlərini dərindən təhlil etmək qabiliyyətinə, onu yaradıcılıq süzgəcindən keçirmək qüdrətinə malik görkəmli səhnə ustası idi. Bunun nəticəsində aktrisanın hər bir sözü tamaşaçılara toxunurdu, onlara təsir edə bilirdi. Çünki, aktrisa özü dediyi sözlərə inanırdı, onu olmuş bir həqiqət kimi tamaşaçılara çatdırırdı. Bu belə də olmalıdır. Aktyor dediyi sözə özü inanmalıdır ki, tamaşaçıları da inandıra bilsin. Əzizə Məmmədovanın böyük sənətinin əsas atributlarından bir də bu idi. O, qüvvətli səhnə xadimi kimi obrazlarının hər birini öz varlığı ilə yarada bilirdi.
Ə. Məmmədovanın ifa etdiyi obrazlar sənət boyaları ilə zəngin idi. O, personajın bütün detallarını açmağı bacarırdı. Bu görkəmli aktrisa obrazı təmkinlə, heç bir şarja yol vermədən, böyük ustalıqla tamaşaçılara təqdim edirdi.
Əzizə Məmmədova həmçinin “Azərbaycanfilm”in istehsal etdiyi bir necə filmlərdə də maraqlı ekran obrazları yaratmışdır. Onun “İsmət”, “Sevil”, “Almaz”, “Hacı Qara”, “Yeni horizont”, “Bakının işıqları”, “Görüş”, “Qara daşlar”, “Bir məhlədən iki nəfər”, “Kazbek qutusu”, “Əsl dost”, “Ögey ana”, “Səhər” və başqa filmlərdə müxtəlif xarakterli, maraqlı obrazlar ifa etmişdir.
Öz şərəfli ömrünü teatr və kinoya həsr edən Əzizə Məmmədovaya 1936-cı il fevral ayının 1-də Azərbaycan respublikasının əməkdar artisti fəxri adı verilmişdir.
1961-ci il avqust ayının 14-də Əzizə Məmmədova 69 yaşında əbədiyyətə qovuşdu. Bu haqda Adilə İsmayılova yazır: “1961-ci ilin isti avqust günlərindən birində qəzet səhifələrində rast gəldiyim qara çərçivəyə alınmış Əzizə xanım Məmmədova sözləri məni kədərləndirdi. Azərbaycan teatr sənətinin qocaman xadimlərindən və ilk Azərbaycan aktrisalarından olan Əzizə Məmmədova ilə ilk tanışlığımı xatırlamağa çalışdım. Xəyal məni uzaqlara, uşaqlıq illərinə apardı... teatrda ilk dəfə “Almaz” tamaşasına baxdığım gün yadıma düşdü. Əzizə xanımın çox böyük ustalıqla yaratdığı Kərbalayı Fatmansa obrazı gözlərimin önündə canlandı. O zaman kiçik olmağıma baxmayaraq, aləmi bir-birinə qarışdıran, ağa qara deyən, özünü ağıllı bir “həkim” kimi qələmə verən, əslində isə tamaşaçıda ikrah hissi oyadan Fatmansaya qarşı məndə bir qəzəb oyanmışdı. İndi bu görüşdən otuz beş il keçir. Həmin tamaşanı və Əzizə xanımın yatatmış olduğu Fatmansanı xatırlayanda, heç bir professional təhsil görməmiş bu azərbaycanlı qadınının sənətkarlığına heyran olmamaq çətindir”.
Xarakterik obrazların ən kamil ifaçılarından biri olan Əzizə Məmmədova Akademik teatrın tarixində mühüm yer tutan simalardan biridir. O, yaratdığı obrazlar ilə qaynayıb-qarışan, onların daxili aləmini həssaslıqla duyan və incə detallar ilə tamaşaçılara göstərməyi bacarırdı. Aktrisa qəhrəmanlarının fikir və əməlləri ilə yaşayır və bununla da tamaşaçılarda yüksək bədii zövq formalaşdırırdı.

İmran AXUNDOV
fəlsəfə doktoru

17:09