İldə 10 milyard xərclədiyimiz marketlər: Dövriyyələrini niyə gizlədir?

 

Son illər Azərbaycanda böyük marketlər şəbəkəsinin fəaliyyəti genişlənib. Diqqətçəkici məqamlardan biri bu marketlər şəbəkəsinin aylıq dövriyyələrinin nə qədər olmasıdır. Təəssüf ki, Bazarstore, Rahat market, Araz supermarketlər şəbəkəsi informasiyanın məxfi olduğunu bildirərək dövriyyəni gizli saxlamağa üstünük verirlər. Bu isə vergidən yayınma barədə fikirlərin formalaşmasına səbəb olur. O da məlumdur ku, böyük marketlər şəbəkəsinin genişlənməsi kiçik sahibkarların fəaliyyətinə mənfi təsir edir. Kiçik marketlərlərdən fərqli olaraq böyük supermarketlər çox çeşiddə, daha artıq məhsul ala bilirlər ki, bu da onların alıcıları özlərinə cəlb etməsinə şərait yaradır. Bəs görəsən, bu supermarketlərin aylıq dövriyyəsi nə qədərdir?

Cebhe.info mövzunu iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib: “Böyük marketlər şəbəkəsinin bir neçə dükanı olduğu üçün onların aylıq dövriyyəsini hesablamaq çətindir. Görünən odur ki, son zamanlar böyük marketlər şəbəkəsi fəaliyyətini genişləndirib. Onların xərcləri çox olsa da, kampaniyalar təşkil etməyə imkanları var. Bu cür endirim aksiyaları müştəriləri cəlb edə bilir. Böyük supermarketlərdə daha çox çeşidlər olduğu üçün, həmçinin qiymətin münasibliyi əhalini bu cür böyük marketlər şəbəkəsinə yönləndirir. Bu amil isə məhəlləarası mağazaların bağlanmasına səbəb olur ki, bu da kiçik sahibkarların işsiz qalması ilə nəticələnir”. Bu prosesin təbii olduğunu deyən iqtisadçı-eskpertin sözlərinə görə, kiçik mağazalardan fərqli böyük supermarketlər şəbəkəsi daha çox üstünlüyə malik olduqlarından münasib qiymətlərlə alıcıları cəlb edə bilir: “Kiçik mağazalardan fərqli olaraq böyük supermarketlər şəbəkəsi dövriyyənin çoxluğundan daha çox gəlir əldə edirlər”.

Azərbaycanda hansısa supermarketin, yaxud da ümumilikdə bu cür böyük marketlər şəbəkəsinin aylıq dövriyyəsi ilə bağlı hansısa qurum tərəfindən araşdırmaların aparılmadığını deyən N. Cəfərli ümumi olaraq ticarət dövriyyəsi haqda fikir yürüdüb: “Azərbaycan əhalisinin qazancının təqribən 70 faizi ərzaq məhsullarına xərclənir. Əhali ildə ərzaq məhsullarına 10 milyard dollaradək vəsait xərcləyir. Təəssüflər olsun ki, ümumi olaraq böyük marketlər şəbəkəsinin illik, aylıq gəlirləri ilə bağlı hansısa hesabat, araşdırma yoxdur. Bu da böyük problemdir. Bir çox xarici ölkələrdə nomral analizlərin aparılması müəyyən fikirlər yürütməyə imkan verir”.

Nigar Məhərrəm

Cebhe.info

 

06:40