İkinci respublika festivalının qalibləri mükafatlandırılıb

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalının bağlanış mərasimi olub.

 

BMA-nın məktəb-studiyasının bazasında – eksperimental laboratoriyasında keçirilən budəfəki festivalın xüsusiyyəti ondan ibarətdir ki, bütün iştirakçılar 8-12 dəqiqə ərzində Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərinin işləmələrini hər əsərin ifasından əvvəl onun lad strukturunu nümayiş etdirməklə, yəni milli ladların səs sıralarını və kandensiyalarını ifa etməklə təqdim ediblər.
Bağlanış mərasimidə BMA-nın prorektoru Nərminə Quliyeva və akademiyanın professoru, xalq artisti Xuraman Qasımova çıxış edərək iki ildir təşkil olunan müsabiqənin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, müsabiqənin keçirilməsində məqsəd yetişməkdə olan musiqiçilər nəslinin ifa etdikləri əsərləri, başlıcası isə onun lad strukturunu dərindən başa düşməsi, öz mənbələrini – milli musiqini, xalq mahnılarını və rəqsləri bilməsi üçün təşkil edilib.

Bildirilib ki, festival dörd nominasiya – “Fortepiano”, “Simli alətlər”, “Nəfəs alətləri” və “Vokal” üzrə keçirilib. Festivalda iştirak etmək üçün Bakının və respublikanın 19 regionundan 100-dan çox ərizə verilib. İdeya müəllifi və rəhbəri professor Tərlan Seyidov olan layihənin qalibləri BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçiliblər.

Qalibliləri təbrik edən natiqlər onlara gələcək həyatlarında uğurlar arzulayıb. Sonra müsabiqənin qalib iştirakçılarına diplom və fəxri fərmanlar təqdim edilib.

Xudaferin.eu

09:15