İki süpergüc vuruşur: necə edək ki, “sendviç” olmayaq?

Politoloq: “Nə Rusiya, nə İranın əvəzindən cavabdeh rolunda olmayacağıq”

Son zamanlar dünyanın iki supergüc dövləti olan ABŞ-la Rusiya arasındakı münasibətlər daha da gərginləşərək, pik həddə çatıb. Bununla yanaşı, Amerikanın cənub qonşumuz olan İranla da münasibətləri daha da pisləşib. Amerikanın hər iki qonşumuza tətbiq etdiyi ağır siyasi sanksiyaların, təzyiqlərin bizə hansı təsirləri olacaq?

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, kiçik dövlət olan Azərbaycan əslində elə də böyük ambisiyalarla yaşamır: “Yəni dünya nizamına bir narahatlıq gətirən, bunu pozan hər hansı bir addım atmırıq. Bəli, Amerikanın əsas hədəfində duran ölkə Rusiyadır və hazırda ABŞ Rusiyanı sıradan çıxarmağa çalışır. Buna Rusiyanın müəyyən hərəkətləri də səbəb olub. Krımın ilhaqı, Ukraynaya olan basqılar, Gürcüstanın müəyyən əyalətlərinin işğalı, Suriyada aparılan əməliyyatlar və sair. İran da sakit dayanmır. Son bir neçə ildə İran, həm İraqı, həm də Suriyanın müəyyən hissələrini özünün təsiri altına sala bilib. Hətta bəzi məlumatlara görə, İran artıq Aralıq dənizinə çıxan bir ölkəyə çevrilib. Üstəlik də onun nüvə texnologiyalarına yiyələnmək uğrunda apardığı mübarizəsinin bitdiyini söyləmək risklidir. Proses bir miqyasda da olsa, davam edir. Deməli, İranın da dünya üçün müəyyən təhdid yarada biləcəyi Amerikanı narahat etməkdədir. Azərbaycan isə bu iki dövlətin arasındadır. Lakin bu iki dövlətin arasında çox ustalıqla siyasi gedişlər edib, onlarla münasibətləri qorumağa çalışır. Heç kim deyə bilməz ki, Azərbaycanın İran və yaxud da Rusiya ilə ikitərəfli münasibətləri ideal səviyyədədir. Yaxud da kimsə söyləyə bilməz ki, Azərbaycan hər iki dövlət üçün ciddi bir müttəfiqə çevrilib və onların yerinə cavab verməlidir. Tarixən Azərbaycan həm Rusiya, həm də İrandan ziyan görmüş ölkədir. Azərbaycanın bu ölkələrlə münasibətləri qoruyub saxlaması çox böyük əzab-əziyyətlər hesabına başa gəlir. Azərbaycanın Dağlıq Qarabağ probleminin yaranmasında Rusiya səbəbkardır. Bu gün isə həmin problemin beynəlxalq hüquq normalarına uyğun formada həll edilməməsində müəyyən xidmətlər göstərən İran var. Bir zaman Səməd Seyidov söyləmişdi ki, Azərbaycan ”sendviç" formasındadır, hər tərəfdən sıxılır. Zənnimcə, bu gün dövlətlərlə münasibətləri müəyyən qədər qoruyub saxlamaq mümkün olubsa, bu da Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasi xəttin və siyasi müdrikliyin hesabına baş verib. Əks təqdirdə, biz də Gürcüstan, Ukrayna kimi Rusiyadan, İrandan müəyyən zərbələr ala bilərdik".

 

Politoloq bildirib ki, Amerikanın Azərbaycandan tələbləri əsasən insan haqları ilə bağlıdır: “Bu gün Qərblə bizim münasibətlərimizdə müəyyən dərəcədə gərginlik yarada biləcək bir hal varsa, bu, ilk növbədə siyasi məhbuslar məsələsi ilə bağlıdır. Azərbaycan Qərb üçün həm geostrateji, həm də özünün təbii ehtiyatlarına görə əhəmiyyətlidir. Azərbaycanın neft ehtiyatlarının böyük bir hissəsi Amerikanın müttəfiqləri olan Qərb ölkələrinin və İsrailin ehtiyaclarının ödənilməsinə gedir. TANAP layihəsi də Qərb ölkələrinin qaz təchizatına və burada Rusiyanın təbii qazdan siyasi təhdid elementi kimi istifadə etməsinin qarşısını ala biləcək layihə kimi dəyərləndirilə bilər. Azərbaycan Qərblə Şərqi bir-biri ilə birləşdirən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin demək olar ki, hamısını öz vəsaiti hesabına çəkib, işə saldı. Bütün bunlar indiki dünya iqtisadi böhranı səviyyəsində, dünyaya töhfə verə biləcək amillərdəndir. Azərbaycan NATO-nun da bir sıra tədbirlərində iştirak edir. Əfqanıstana əsgərlərlə bağlı daşınan yüklərin 80 faizi bizim üzərimizdən və Xəzər dənizi vasitəsilə çatdırılır. Əvvəl əgər Azərbaycan Əfqanıstana 80 nəfərlik qoşun heyəti göndərirdisə, indi bunu NATO-nun xahişi ilə 120 nəfərə qaldırmışıq. Bir sözlə, Azərbaycan özünün resursları, xarici siyasəti ilə Qərbin maraqlarına cavab verir. Avropa İttifaqı ilə də intensiv danışıqlar aparırıq. Yəqin ki, çox da uzaq olmayan dövrdə Avropa İttifaqı ilə də sazişə imza atacağıq. Siyasi məhbuslarla bağlı isə ”qızıl amnistiya" deyilən misli görünməmiş layihə üzərində iş gedir. Bu amnistiya inanıram ki, siyasi məhbus problemini də həll edəcək. Doğrudur, heç də liberal dəyərlərin hamısını ideal səviyyədə həyata keçirmirik. Müəyyən nöqsanlar var. Ancaq hər halda, Azərbaycan Qərb üçün əhəmiyyətlidir və bu əhəmiyyət getdikcə artır. Ona görə də biz nə Rusiya, nə İranın əvəzindən cavabdeh rolunda olmayacağıq. Rusiyadan silah alırıq ki, bu da artıq başa çatmaq üzrədir. Müqavilə tarixinin bitməsinə az qalıb. Bitərsə, çox güman ki, Azərbaycan Rusiyadan silah almağı dayandıra bilər. Bu, Rusiyaya tətbiq edilən növbəti sanksiya dalğasından da asılıdır. Azərbaycanın Qərbə inteqrasiyası yeni mərhələdə başlayacaq. ABŞ-la münasibtələrimizdə isə gərginliyin olacağı qənaətində deyiləm".

Əli RAİS, 
“Yeni Müsavat”

20:11