İki nazirlik bir nazirlikdə birləşdirilir

Gələn ilə görə artıq dövlət büdcəsində bir sıra ciddi kəsirlər yaranıb. İqtisadi böhran qənaət rejiminə keçidi şərtləndirib. Bir çox dövlət orqanlarında ixtisarlar baş alıb gedir. Nəticədə bəzi qurumların ləğvi və birləşdirilməsi prosesi başlanıb. Bütün sektorlarda struktur islahatları həyata keçirilir. Beləliklə də indi növbə başqa nazirliyə çatıb. Gənclər və İdman Nazirliyinin ləğv edilərək Mədəniyyət və Turizm Nazirliyinə birləşdirilməsi nəzərdə tutulur. Hakimiyyət düşərgəsində artıq bu yöndə ciddi müzakirələr gedir. İki nazirliyin birləşdirilməsi təklif olunur. Bu nazirliklərin humanitar sahələr olması və bir-birinə yaxınlığı belə bir struktur islahatını aktuallaşdırıb.

A.Rəhimovun rəhbərlik etdiyi nazirliyin funksiyalarını MTN də realizə edə bilər. Bu da GİN-də ixtisarların gedəcəyi ehtimalı yaradır. Əldə etdiyimiz xəbərlərdə deyilir ki, hökumət manatın getdikcə ucuzlaşacağını bilir. İqtisadi fəlakət qapını döyməkdədir. Nazirlər Kabinetinin də islahatların lokomotivi ola bilməməsi struktur islahatlarına getməyə məcbur edir. Eyni zamanda A.Rəhimovun nazirliyinin fəaliyyəti əlavə xərcdir. Bu struktur MTN tərkibində də fəaliyyət göstərə bilər. Bir sıra mütəxəssislərin də etiraf etdiyi kimi, 2013-cü ilin sonlarında Azad Rəhimovun fəaliyyəti ilə bağlı ölkədə ciddi qalmaqal yaşanmışdı. Nazirin rəhbəri olduğu nazirlikdə Hesablama Palatasının sonuncu yoxlamaları ilə bağlı böyük skandala səbəb olmuşdu. Rəhimovun idman komplekslərinin inşası ilə bağlı yol verdiyi pozuntular hətta onun tezliklə işindən azad ediləcəyinə işarə idi. Hətta Azərbaycan mətbuatında gənclərlə bağlı fəaliyyətində «vurulmuş» keçmiş İrəli İctimai Birliyinin rəhbərliyi ilə müəmmalı fəaliyyəti də araşdırıldı. Və nəticə etibarilə də Azad Rəhimovun fəaliyyəti, xüsusilə də biznes qurumlarının tezliklə əlindən alınacağı söylənirdi. Ancaq o, çox nüfuzlu fiqurun hesabına postunda qaldı. Sonra biznes imkanlarını genişləndirdi.
Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb. Bu qrupa əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin - de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.

Xudaferin.eu

12:55