“İftixar Piriyev teatr adamı deyil”

Dəyərli oxucular! 16 sentyabr 2007-ci ildə “Reytinq” qəzetinin 35 (424) sayında səhifə 22-də İftixar Piriyevin əməlləri ilə bağlı geniş reportaj çap olunubdur. Fikrimizcə bu yazı elə bu gün də öz aktuallığını saxlayır. Ona görə də yazını yenidən yayınlamaq qərarına gəldik.

Xalq artisti Tariyel Qasımov: “İftixar Piriyevin dövlət pulunu mənimsəməsi ilə bağlı əlimdəki bütün sənədləri Əbülfəs Qarayevə verdim”

“Gənc Tamaşaçılar Teatrı”nın aktyoru, xalq artisti Tariyel Qasımovla “Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı”nın direktoru İftixar Piriyev arasında yaranmış qalmaqal səngimək bilmir. Sərhədləri Nəsimi rayon 22-ci Polis Bölməsinə qədər genişlənən soyuq müharibəni dayandırmaq üçün işə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də qarışıb. Amma, İftixar Piriyevin güclü olduğunu görən nazir,  deyəsən Tariyel Qasımova verdiyi sözə əməl etmək fikrindən daşınıb. Xalq artisti isə bu mübarizəni sona qədər davam etdirəcəyini deyir:

- İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırkı direktoru İftixar Piriyev bir neçə il bundan öncə Dövlət Akademik Milli Dram Teatrında sərəncamçı direktor işləyib. Onun rəhbərliyi dövründə Akademik Teatrda həddindən artıq böyük miqdarda pul mənimsənilib. Həmin vaxt indiki Heydər Əliyev adına Sarayın, yəni o vaxtkı Respublika Sarayının baş mühasibi də başda olmaqla yoxlama aparılıb. Yoxlama zamanı məlum olmuşdur ki, İftixar Piriyev doğrudan da dövlətin pulunu bilərəkdən mənimsəyib. Sonda pulu qaytarmaq şərti ilə 4 nəfəri tutduğu vəzifədən uzaqlaşdırdılar. Halbuki, həmin adamların heç bir günahı yox idi. Onlar İftixar Piriyev yeyintisinin qurbanı oldular. 

- Akademik Milli Dram Teatrında aparılan yoxlamada Heydər Əliyev adına Sarayın baş mühasibinin nə işi vardı? Axı bunlar başqa-başqa mədəniyyət ocaqlarıdır?

-  O, mühasib öz işini gözəl bilirdi. Ona görə də bu yoxlamaya onu da dəvət etdilər. Açığı mədəniyyət və turizm naziri külli miqdarda olan mənimsəməni kənara çıxarmaq istəmirdi. Onlarn bir məqsədi vardı: bu biabırçılığı ört-basdır etmək.

- Deməli bu məsələ nazirliklə teatr arasında ört-basdır edildi?

-  Bəli. Məsələni öz aralarında həll etdilər. Pulu yeyən İftixar Piriyev, “günahkarlar” isə işdən çıxarılanlar oldu. Onların adamları bütün pulları ancaq İftixara verirmiş.

- Bu pullar haradan yığılırmış?

- Teatrdan və rayonlardan. Həmin işdən çıxarılan 4 nəfər hər şeyi boyunlarına alıblar. Bu adamlar gözləyiblər ki, İftixarı cəzalandıracaqlar. Axı 350 min manat böyük məbləğdir. Ancaq, heç kəsin gözləmədiyi bir gediş olub. İftixarı cəzalandırmadıqları halda, onu İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor da təyin ediblər.

- Bütün bu danışdıqlarınız barəsində Əbülfəs Qarayevə məlumat verdiniz?

- Əlbəttə. Elə onun qəbuluna buna görə getmişdim. İftixar Piriyevin hərəkətləri barədə nazirə məlumat verdim.

- Nazir nə dedi?

- Əbülfəs Qarayev dedi ki, danışdıqların barədə əlində sübut barmı. Dedim ki, bəli mən sübutsuz heç nə danışmıram. İftixar Piriyevin dövlət pulunu mənimsəməsi ilə bağlı əlimdəki bütün sənədləri Əbülfəs Qarayevə verdim.

- Akademik Milli Dram teatrındakı yoxlama ilə bağlı sənədlər əlinizə haradan düşmüşdü?

- İftixarın pul mənimsəməsi ilə bağlı sənədləri mənə rəhmətlik Əlabbas Qədirov vermişdi. O vaxt Əlabbas Qədirov Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edirdi. Onun üstündə münaqişə olmuşdu. Odur ki, İftixarı tələm-tələsik Akademik Milli Dram Teatrdan çıxarıb İrəvan Teatrına direktor qoydular. Əlabbas Qədirov hələ dünyasını dəyişməzdən qabaq yoxlama zamanı üzə çıxan bütün yeyinti işləri ilə bağlı olan sənədləri mənə vermişdi.

- Əlabbas Qədirov bu sənədləri niyə məhz sizə verib?

- O bilirdi ki, İftixarla mənim aramda münaqişə var. Özü də bu münaqişə düzələn deyil. Əlabbas Qədirov bir gün məni yanına çağırtdırdı. Bu gəlişin səbəbini öyrəndikdə “Tariyel, İftixar çox pis adamdır. O, nə vaxtsa, sənə zərbə vurmağa çalışacaq. Al bu sənədləri, surəti səndə qalsın, bəlkə nə vaxtsa dadına çatar”, - dedi. Mərhum bir növ mənə əl uzatdı ki, birdən nə vaxtsa yekə-yekə danışsa, bu sənədləri onun qarşısına çıxart.

- Əbülfəs Qarayev İftixar Piriyevin dövlət malını mənimsəməsindən xəbərdar idi?

- Əlbəttə. Mən ona bu barədə deyəndə Əbülfəs Qarayev dedi ki, mənim bu barədə xəbərlərim var. Amma buna baxmayaraq, Əbülfəs Qarayev müavinlərinin xahişini yerə sala bilmir. Neçə-neçə adam deyir ki, İftixar direktorluğa yaramır. Əlbəttə, nazir bu barədə düşünməlidir.

- Nazir yeyinti ilə bağlı olan sənədləri sizdən alandan sonra nə dedi və kimə hansı göstərişi verdi?

- Əbülfəs Qarayev o sənədləri məndən aldı. Elə həmin andaca nazir kadrlar şöbəsinə göstəriş verdi. Düzü, mən bu sənədləri məhkəməyə təqdim etmək fikrindəydim. Amma Əbülfəs Qarayev məni qabaqladı. Dedi ki, Tariyel, narahat olma, bu məsələni kökündən araşdıracam. Məhkəmə nəyə lazım? Mən də onun bu sözlərinə inandım. Amma nə bilim ki, nazir onu dəstəkləyəcək. İftixar Piriyev puluna arxayındır. O, istədiyi qapını pulla açır.

- Aktyorda pul hardandır? Müğənni deyil ki, toylardan qazana?

- Rayonlara qastrollara gedir. Həmin qastrollarda möhtərəm prezidentin sərəncamını bayraq edərək, bütün icra başçılarına hədə-qorxu gəlir və istədiyinə nail olur...

- İftixar Piriyev icra başçılarına necə hədə-qorxu gələ bilər ki?

- Deyir ki, siz icra başçıları İrəvan Dövlət Azərbaycan Dram Teatrına baxmalısınız. Teatra pul köçürməlisiniz. İcra başçıları ona 500 manat verir. O da sənədlərdə bu rəqəmi azaldaraq 300 manat edir. Yerdə qalan 200 manatı da atır cibinə.

- Məsələn?

- Elə bizim Qazax rayonu. İcra başçısı ona 500 manat verib. Yoxlasınlar, görək, bu rəqəmi nə qədər dəyişdirib? Çox yazsa 200 manat. Bundan artıq yaza bilməz.

- Belə çıxır ki, bölgələrdə tamaşalarla çıxış edən teatrın kollektivi olsa da, qazanan məhz İftixar Piriyevdir?

- Mən nazirə dedim ki, vaxtı ilə Azərbaycan teatr sənətinə gəlib, səhnəyə çıxıb, rollar yaradan bütün aktyor və aktrisalar teatra məbəd kimi baxıblar. Amma İftixar Piriyev teatra ancaq və ancaq gəlir mənbəyi kimi baxıb və baxacaq. Həqiqət acı olsa da belədir. İftixar teatr adamı deyil, o, biznesmendir. Mağazaları olub, satıcı işləyirmiş. Teatr hara, satıcı hara? Çox qəribədir ki, sənətkarların başına onun kimi rəhbər qoyulub. Bu, yolverilməzdir. Onun məni təhqir etməsi ilə əlaqədar Nəzimi rayon Polis İdarəsində təhqiqat aparıldı. Məndən xəbərsiz pullarını alıb işi yekunlaşdırdılar. Bu da hüquq-mühafizə orqanlarının apardığı iş. Gördüm ki, onlardan səs-soraq yoxdur. Axırda özüm polislə əlaqə saxladım. Nəsimi polisindən verilən cavaba baxın: “Biz təhqiqat apardıq. Orada cinayət xarakterli heç nə görmədik. Şahid yoxdur ki, bu işləri təsdiq etsin. İftixar Piriyev sadəcə xuliqanlıq edib. Onu sən də söyə bilərsən. Götür telefonu istədiyin qədər söy”. Nə deyəsən, bu istintaq aparanlara? Bu, cavab deyil. Maraqlar var bu işdə, özü də lap çox. Xeyir ola, təhqir edilən mən, müdafiə olunan İftixar? Biz bilirik ki, o müdafiənin arxasında nə durur? O, tək mənə deyil, bir çoxlarına güc gəlmək istəyir.

- Musiqili Komediya Teatrının sabiq direktoru, mərhum sənətkar Hacıbaba Bağırov vaxtilə bizimlə söhbətində İrəvan Dövlət Azərbaycan Dram Teatrında tərbiyəsizliyin baş alıb getdiyini demişdi...

- Hacıbaba Bağırov tamamilə düz deyib. Çox təəssüflər olsun ki, nazir bunları bildiyi halda onun hərəkətlərinə göz yumur.

- İftixar Piriyevlə aranızdakı münaqişənin kökü nə vaxtdan başlanıb?

- Həmin teatrda Hidayət Orucovun “Məhəbbət yaşayır hələ” pyesi əsasında tamaşa qoyulurdu. Həmin tamaşaya məni də dəvət etmişdilər. O zaman teatrın direktoru Vidadi Əliyev idi. İrəvan teatrını bərpa edənlərdən biri də mən olmuşam. Cəfər Cabbarlının “Sevil” əsərində mən Balaş rolunu oynamışam. Bu günlərdə İlham Rəhimlinin təzə kitabı çıxıb ki, orada bütün həqiqətlər qeyd edilib. Hidayət Orucov məndən xahiş etmişdi ki, baş rolu oynayım. Çünki, çətin roldu. Mən də oynadım. Tamaşa iki dəfə Akademik Milli Dram Teatrının səhnəsində oynanılmışdı ki, mənə Dərbənd Azərbaycan Dövlət Dram Teatrından dəvət gəldi. 2000-ci ildə isə yenidən Bakıya qayıtdım. O zaman eşitdim ki, Vidadi Əliyevi çıxarıb, yerinə İftixar Piriyevi təyin ediblər. Bundan bir-iki gün sonra, Piriyevdən dəvət gəldi. Getdim. Dedi ki, “sən vaxtilə bu teatrda “Sevil” tamaşasında Balaş rolunu oynamısan. Sən gedən gündən bu tamaşa oynanılmayıb. Gəl müqavilə bağlayaq ki, bu rolu y3enidən oyna. İstəyirsən maaş al, istəmirsənsə hər çıxışına pul al”. Mən də dedim ki, heç bir şey lazım deyil. Çünki, bu məkan mənim üçün doğmadır. İkincisi, bu teatrı bərpa edənlərdən biri də mənəm. Hidayət Orucovun isə yaxın dostuyam. Soruşanda ki, məşqlər nə vaxtdır, dedi ki, yaxın vaxtlarda. Gəldim məşqlərimi etdim. Bu ərəfədə Oqtay Mirqasımov “Ovsunçu” filmini çəkirdi. Xəstə kənçi obrazının çəkilməsi uçun mən Şamaxıya getməliydim. Gəldim ki, İftixar mənə bir həftəlik  icazə versin. Otaqda mərhum sənətkarımız Lütfi Məmmədbəyovla Mərahim Fərzəlibəyov da var idi. Mənə dedi ki, sənə icazə vermirəm. Mən də dedim ki, bir həftə nədir ki? Mən Oqtay Mirqasımovdan imtina edə bilmərəm. Çox yekəxana şəkildə qayıtdı ki, gedirsən, cəhənnəmə get. Təbii, mən də cavabını verdim. O çıxan çıxdım. Film çəkiləndən sonra Mərahim Fərzəlibəyovla rastlaşdım. Dedi ki, “Tariyel, sən gedəndən sonra Lütfi Məmmədbəyov onu biabır etdi”. O gündən bu günə aramız dəyib. Harada gördümsə uzaq düşdüm, üzümü çevirdim.

-İctimai Televiziyanın “Yeni gün” verilişi isə aranızdakı mübahisəni bir az da qızışdırdı...

- Burada televiziyanın günahı yoxdur. İrəvan Teatrının 125 illik yubileyi ilə əlaqədar ölkə başçısı sərəncam vermişdi. Mövzu da elə bu sərəncam üzərində qurulmuşdu. Teatrın bərpası barəsində danışdım. Dedim ki, mən qıraqdan çox şeyləri eşidirəm. Kimsə deyir ki, “Balaş”ı mən oynamışam, teatrın bərpasında əməyim olub. Bunlar yalnış fikirlərdir. Bu teatrın necə yaranmasını bilirəm. Telekanalın şöbə müdiri Rafiq Səməndər göstəriş verib ki, Tariyeli çağırın, bu barədə geniş məlumat versin. Bizim teatrın muzeyində çıxış etdim. Aktyor Hacı İsmayılov da oradaydı. Elə oradaca məlum oldu ki, mənim qarşıma sədd çəkərək, telekanallardan gələn dəvətlərin qarşısını kəsir. Onlardan xahiş edir ki, Tariyeli verilişlərə dəvət etməyin. Həmin ədavət içərisində gəzdirir. Səhər isə telefonuma zəng gəldi.

- Kim idi?

İftixar. Dedi ki, dünən İTV-də nə demisən. Dedim ki, eşitdiklərini. Elə bunu demişdim ki, söyüşü söyüşün ardınca işlətdi. Özüm də maşındayam. “Dostluq” kino-teatrının yanında. Dedi, tez teatra gəl. Dedim ki, mənim orada nə işim var? Aradan azca keçmişdi ki, başqa bir nömrədən zəng edib söyüşlərini davam etdirdi. Maşını sürüb Nəsimi polisinin yanında saxladım, olanlarla bağlı ərizə yazdım. 22-ci Polis Bölməsi əl-ayağa düşüb izahatı izahat ardınca aldı. Axırı da sizə bəllidir. 

- Əbülfəs Qarayevin qəbuluna ikinci dəfə düşmək istəmirsiniz?

- Qarayevin qəbuluna düşmək sizə asan gəlməsin. Elə bilirsiniz ki, Əbülfəs Qarayev məni görən kimi qapını açıb – ay Tariyel, dərdin nədir – deyəcək? Bəlkə bunun üçün illər tələb olunur. Mən həqiqəti deyirəm. Bilirsiniz, mən xalq artistiyəm, prezidentin fəxri təqaüdçüsüyəm. 45 ildir ki, səhnədə rollar dəyişirəm. Əbülfəs Qarayev məni ölkə başçısı İlham Əliyevə vurduğum 3 dəfə təkidli teleqramdan sonra qəbul edib. Yoxsa, “mən istəyirəm ki, Əbülfəs Qarayevin qəbuluna düşəm”, - bu söhbət yoxdur. Bəlkə ölkə başçısının qəbuluna düşmək asandır ki, nəinki Qarayevin.

- Deyilən görə, sizi İrəvan Teatrına direktor təyin etmək istəyirlər. İftixar Piriyevi də narahat edən məhz budur...

- İftixar Piriyev elə bundan ehtiyatlanır. Teatrın 125 illik yubileyi keçiriləcək. O, qorxur ki, birdən kimlərsə bu teatrın təməlini qoyanlarla maraqlanar. Tariyel Qasımovun adı gələr və onu teatrdan çıxararlar. Teatra gəlir mənbəyi kimi baxan adamdan bundan artıq nə gözləmək olar?

Bahar Rüstəmli     

15:56