İdlibdə kimyəvi hücum: müqəssir kimdir?

 

“İdlib şəhərində azı 72 nəfərin ölümü ilə nəticələnən kimyəvi hücumun arxasında Suriya rejiminin dayandığına əminik”. Bu fikri mətbuat konfransında ABŞ-ın xarici işlər naziri Reks Tillerson səsləndirib.

Tillerson, həmçinin Rusiyanın Suriyaya göstərdiyi hərbi dəstəyi bir daha diqqətlə nəzərdən keçirməyi tövsiyə edib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Təhlükəsizlik Şurasının iclasında İdlibdə qətlə yetirilən uşaqların fotoşəkillərini nümayiş etdirərək bu faciəyə biganə qalmamağa çağırıb. Rəsmi Moskva isə öz növbəsində səsləndirilən informasiyaları yalan adlandırıb və Suriyaya dəstək verməkdə davam edəcəyini bildirib.

Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin qərəzli olduğunu qeyd edən Rusiya Xarici İşlər Nazirliyinin informasiya departamentinin direktoru Mariya Zaxarova keçirdiyi mətbuat konfransında yayılan xəbərləri ABŞ, Fransa və İngiltərənin dünya ictimaiyyətinə sırımağa çalışdığı yalan və əsli olmayan hekayə adlandırıb.
Digər tərəfdən, Rusiya Bəşər Əsədə sadiq qüvvələrə məxsus təyyarələrin müxalifətə aid silah anbarlarına zərbə vurduğunu, insanların zəhərlənməsinə bu anbarlarda saxlanan qazların səbəb olduğu iddia edib.

Xatırladaq ki, BMT nümayəndələri əvvəllər də Hələb şəhərinə hücumu zamanı rejimə aid silahlı qüvvələr tərəfindən xlor qazından istifadə olunduğu barədə informasiya yaymışdı.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

06:41