İcra başçısı müəllimlərdən Bayraq Günü pulu yığdırır

9 noyabr Bayraq Günü adı ilə məktəblərdən pul yığılır. Bu barədə Politika.Az-a daxil olan xəbərə görə, Bakının Nəsimi rayon ərazisində orta məktəblərin müəllimlərindən 50 manat tələb olunur. Məktəb direktorları bu vəsaitin Bayraq Günü ilə əlaqədar təşkil ediləcək ziyafət məclislərinə sərf olunacağını bildiriblər.

Onların sözlərinə görə, bu tapşırıq Nəsimi rayon İcra Hakimiyyətindən gəlib. Rayonun icra başçısı Asif Əsgərovun təlimatı əsasında müəllimlərdən 50 manat qoparılır. Bu da məktəblərdə ciddi narazılıq doğurub. Müəllimlərə bildirilib ki, həmin pulları şagirdlərin valideynlərindən çıxarsınlar. Amma bunun mümkün olmadığını anlayan və şagirdlərin kasıblığını nəzərə alan əksər müəllimlər öz maaşından kəsilməsinə razılıq verib. Məktəb direktorlarının bu vəsaitin hamısını Nəsimi RİH-nin vəzifəlilərinə çatdıracağı da şübhə doğurur. Deyilənə görə, həmin pulların müəyyən faizi direktorların cibinə gedəcək. Məqsədin nə olduğu isə tam aydındır. Sadəcə bu pul yığma kampaniyasını Bayraq Günü adı altında həyata keçirirlər.
Politika.Az-a daxil olan xəbərə görə, Nəsimi rayon ərazisindəki 44 saylı orta məkəbdə bu fakt qeydə alınıb. Müəllimlərdən 50 manatdan pul istənilib. A.Əsgərovun belə bir özbaşına qərar verməsi təəccüb doğurmur. İddialara görə, Səbayel rayon icra hakimi olduğu dövrdə də qanunsuz yığımlar aparılıb. Müəllimlər adlarını açıqlamaqdan ehtiyat edirlər. Amma bildirilir ki, Təhsil Nazirliyinə və Nəsimi RİH-nə anonim məktublar ünvanlanacaq. Bu narazılıqla bağlı yazıda ittiham olunan tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Politika.Az

11:29