İcra başçısı 250 min manatlıq avtobus aldı: Sürücülərə isə “qapını göstərdi”

 

Sumqayıtlı avtobus sürücüləri: “Xəttə öz maşınlarını buraxıb, bizə işləməyə imkan vermir. Sumqayıtda müvəqqəti məskunlaşmış məcbur köçkün sürücülər bu gün səhər saatlarında Prezident Adminstrasiyası yaxınlığında yerləşən parka toplaşaraq öz etirazlarını bildiriblər”.

“Bizi xəttdən uzaqlaşdırırlar”

Avtobus sürücüləri Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, icra başçısının adamları onların fəaliyyətinə mane olur: “Uzun illərdir ki, biz Sumqayıtda 7 və 7a nömrəli avtobusların sürücüləriyik. Ölkə başçısının da bəyəndiyi “Daevoo” markalı avtobus idarə edirik. Sahibkarımız da bizi yığıb ətrafına, işləyirik. Lakin bu yaxınlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov orta hesabla qiyməti 250 min manata olan “Mercedes” markalı avtobuslar alaraq xəttə buraxıb, bizi bazardan çıxarır. Öz adamlarını da təyin edib, bizi xəttdən uzaqlaşdırırlar”.

“Başçı evimizi buldozerlə sökdü”

 

Digər bir narazı vətəndaş isə adıçəkilən avtobus xəttində çalışanların hər birinin məcburi köçkün olduğunu deyib. Bildirib ki, onların başına gətirilənlər birmənalı olaraq başçının məcburi köçkünlərə münasibətidir: “Bura yığışan 50-yə yaxın adam Şuşa, Zəngilan, Qubadlıdan olan məcburi köçkündür. Başçı özü qəsdən məcburi köçkünləri incidir. Mən şəxsən şəhid qardaşıyam, burdakıların çoxu da Qarabağda döyüşən insanlardılar. Başçı gözümüzün qabağında Qarabağda savaşan müharibə veteranının evini buldozerə verərək sökdü, indi də öz qohum- əqrəbasını işlə təmin etmək üçün bizi işimizdən uzaqlaşdırır. Bu günə qədər də başqa avtobus xətlərini və sahibkarları sıradan çıxararaq öz qohum-əqrəbasına yer edib. Xəttdən çıxmayan avtobusları isə polis zor gücü ilə saxlatdırıb qaraja apartdırırdı. Hətta qarajı da möhürlətdirirdi. İndi də növbə bizə çatıb. 50-dən çox sürücü burdadır, 100-dən çoxu da bizdən indi cavab gözləyir. 50-dən çox yaşımız var, biz sürücülükdən çıxsaq ailəmizi necə dolandıracıq?”.

 

İcra hakimiyyəti susur

Narazı sürücülər 2018-ci ilin yanvar ayına qədər müqavilələri olduğu halda xəttdən çıxarılmalarına öz etirazlarını Prezident Adminstrasiyasının nümayəndələrinə çatdırıblar. Sürücülərinin şikayətinə baxılacağı, məsələnin araşdırılacağı bildirilsə də sürücülər şikayət üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə üz tutublar. Şikayətçilər qeyd ediblər ki, qaçqın və məcburi-köçkünlərə qarşı bu birmənalı münasibətə aydınlıq gətirilməli və bu məsələ araşdırılmalıdır: “Ölkə başçısı da bütün çıxışlarında sahibkarlara səslənir ki, sıravi insanlara köməklik edin, cibinizi düşünməyin. Bizim hazırki sahibkar da yığıb aztəminatlı, imkansız, məcburi-köçkünləri başına, bizi dolandırır. Bir tikə çörəyimizi qazanırıq, amma icra başçısı ölkə başçısının sözlərini yerə salır, ona məhəl qoymayaraq adi insanlara əl tutan sahibkarı sıxmaqla, onu bazardan çıxartmaqla məşğuldurlar. Xahiş edirik ki, bizim səsimizi ictimailəşdirin, buna bir tədbir görülsün”. Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab verilməyib.

Rövşən Əsədov
Cebhe.info

 

06:40