Hüsniyyə Nemət ilə müsahibə

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün proqram həyata keçirməkdədir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir. 
Bu görüşlərin sırasında ictimai sektorun ünlü simalarından Şəhla İsmayıl, bisnes mühitindən tanınmış xanım Jalə Əmirbəyova vardır. Eləcə də professor Fuad Məmmədov, tarixi şəxsiyyət olan Tahirə Zərrintacın araşdırmaçıları, o cümlədən Azər Cəfərov `Yeni Nəsil Qadın Koalisiyası`nın görüşünə gəlmişlər.
Hazırda görüşlə, müsahibələr, ictimai təqdimatlar davam etməkdədir.
Bu günkü müsahibimiz isə `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Nüsniyyə Nemət Həşimovadır. Hüsniyyə hazırda tərcüməçi olaraq çalışır, eləcə də çoxyönlü ictimai fəaliyyətlə məşğuldur. Gələcəyə bağlı maraqlı fikirləri və planları vardır. Onlardan biri də yüksək səviyyəli xarici unuversitetlərin birində təhsilini davam etdirməkdir.

 

— Tərcüməçilik maraqlıdırmı, səni ən çox cəlb edən nədir bu işə?

— Tərcümə etmək düşünmək deməkdir. Düşünmək anlamaq, anlamaq isə empati qurmaq. Bu, artıq məndə elə bir vərdişə çevrilib ki, mütaliə edərkən və ya filmə baxarkən ümumi mövzu, məzmun qalır bir kənarda, söz birləşmələri, ifadələr haqqında fikirləşirəm. Tərcümə fəaliyyətinə başladıqdan sonra mənim üçün sözlərin əhəmiyyəti artıb. Tez-tez sözün bəddi tilsiminə düşürəm. Bəzən bir səhifə materialın üzərində saatlarla işləyirəm. Doğru kəlməni tapana qədər. Özümü müəllifin yerinə qoyub, əslində nə demək istədiyini anlamağa çalışıram… Hal-hazırda uşaq ədəbiyyatına marağım var və yaxın zamanlarda bir kitab üzərində işləməyi planlaşdırıram. 

İndi bu sahəyə daha çox qadınlar gəlir, yoxsa kişilər?

— Universitetdə qrupda 13 qız idik. Digər qruplarda da vəziyyət eyni idi. Ancaq nədənsə bu sahədə kişi tərcüməçilər daha çox göz önündədirlər. Mağaza rəflərindəki kitablara, konfranslardakı tərcümə kabinələrinə nəzər salsanız, nə demək istədiyimi anlayacaqsınız. Demirəm ki, bu müsbət və ya mənfi haldır. Ortada gözəl, səlis tərcümə varsa, tərcüməçinin cinsi şəxsən mənim üçün önəmli deyil. Sadəcə fikirləşirəm, bəlkə qadın tərcüməçilərin parlaması üçün qarşılarında hər hansısa süni maneələr var. Ya da ki, özləri bu sahədə maraqlı deyillər. Bunu araşdırmaq, səbəblərini tapmaq lazımdır. 
   
— Kitab maraqlıdır, yoxsa kino? Bəlkə ictimai işlər, rəfiqələrlə bir araya gəlmək, partilər?

Məhsuldar və yaradıcı istənilən fəaliyyət mənim üçün maraqlıdır. Ümumiyyətlə, təklikdə vaxt keçirməyə üstünlük verirəm. Əyləncə anlayışım fərqlidir. Ona görə də partilərdə həm sıxıcıyam, həm də sıxılıram. Kinoya gəlincə, gündəlik məşğuliyyətimdir. Mütaliə edərkən isə daha çox elmi məqalələr və köşə yazıları oxuyuram. 

— Biz balaca olanda soruşurdular, böyüyəndə nəçi olacaqsan. 10 il, 15 il, 20 il sonra `nəçi` olacaqsan? Özünü hansı zirvədə görürsən?

İngilis dilində yaxşı bir ifadə var – rolling stone. Bir yerdə qərar tutmayan insana deyilir. Əgər 10, 15 il sonra özünü hardasa görürsənsə, deməli çox maraqsız həyatın var. İnsan illərini necə proqnozlaşdıra bilər axı? Bəs yaradıcılıq? Təbiilik? Hər hansısa bir hədəfiniz varsa, planlı, məqsədyönlü çalışmaq yaxşıdır. Ancaq nizam-intizamı, ambissiyaları bütün həyatına tətbiq etmək mənə yad hissdir. 

— İndi gənclər ölkədən gedirlər, kimi oxumağa, kimi işləməyə, kimi yaşamağa. Sən bu barədə nə düşünürsən? Nə kimi planların var? Öz gələcəyini, həyatını hansı ölkədə görürsən? Hansı cəmiyyət sənin xəyallarının mühitidir?

— Çox təəssüf ki, beyin axını realdır. İnsanlar iqtisadi, siyasi və ya sosial səbəblərdən yaşayış yerlərini dəyişir, şəxsi və iş həyatlarına sıfırdan başlamaq məcburiyyətində qalırlar. Sevdiyim rejissor Jodorowsky-nin bir sözü var: “Fransada yaşamıram. Öz içimdə yaşayıram”. Bunu anlasaq, daima harasa getmək üçün heç can da atmarıq. Özümü də nəzərdə tuturam. Problemdən qaçmaq çıxış yolu deyil. Getsəm, həmişəlik istəmirəm. Sevdiklərim burdadır, gözüm arxada qalacaq. Ancaq təhsilimi başqa bir ölkədə davam etdirmək çoxdankı arzumdur. Fərqi yoxdur, hansı ölkə. Əminəm ki, hər bir diyarda kəşf edə biləcəyim çox şey var. 

— Ölkəmiz, cəmiyyətimiz üçün nələri etmək istərdin, əskiklərimiz nədir? Biz nələri dəyişməliyik ki, inkişaf etmiş, qadın iştirakçılığı mükəmməl olan bir cəmiyyətə çevrilək? Bizə hansı dəyişikliklər lazımdır ki, ölkəmizdə yaşamaq istəyək?

— Bir mütəxəssis kimi, Azərbaycanda maşın tərcümə sisteminin inkişafına töhfə vermək istərdim. Yeni, işlənməmiş sahədir. Bunun üçün potensial və həvəsim var. Hüsniyyə kimi, qadınların hüquq və səlahiyyətlərinin, ətraf mühitə qarşı həssaslığın, LGBT nümayəndələrinə qarşı normal rəftarın təbliğini hər zaman edirəm. O ki qaldı cəmiyyətə, ən böyük çatışmazlıq insanların biganəlik və məsuliyyətsizliyidir. Əvvəllər bunu özümə çox dərd edərdim. İki il ingilis dilində Söhbət Klubuna moderatorluq etmişəm. Adətən həssas sosial məsələləri müzakirəyə qoyurdum. Elə absurd fikirlər eşidirdim ki, heç bir zaman sivil bir cəmiyyət kimi formalaşmayacağımıza get-gedə daha da əmin olurdum. İndi bu, məni o qədər də narahat etmir. Ailəm, dostlarım, həmsöhbətlərim, mədəni, savadlı və mehriban insanlardır. Bu, məni qane edir. 

— Nəyə çox sevinirsən?

— Sağlam olmağıma. Çoxları sağlamlığın dəyərini bilmir. Tarix kitablarına inansaq, hələ qədim Yunanıstan və Romada bir uşağın təlim-tərbiyəsinə onun fiziki gümrahlığı ilə başlayardılar. Bunu biz də gündəlik həyatımıza tətbiq etməliyik. Tək fiziki deyil, əqli, ruhi sağlamlıq da çox önəmlidir. 

— Nədən çox qüssələnirsən?

— Kədər təbii hissdir. Onu heç vaxt gizlətmirəm. 

— Yeni Nəsil Koalisiyasının layihəsi çərçivəsində baş tutan görüşlər, təlimlər, təlimçilər və s. oldu. Ən çox yadında qalan bir fikir, hadisə və ya söz hansıdır?

— Layihənin təşkilində iştirak edən hər kəsə təşəkkür edirəm. Ən çox yadımda qalan isə Azər bəyin təlim zamanı söylədiyi fikri oldu: “Əgər problem haqqında uzun illər danışılmasına rəğmən həll olunmursa, deməli onun qalmasında maraqlı olanlar var!”

Xudaferin.eu

15:26