Hüquqşünaslar: “Nümayəndəlik institutunun ləğvi hüquqi müdafiəni zəiflədəcək”

 

Demokratik ictimaiyyətin nümayəndələri oktyabrın əvvəlində parlamentdə təklif edilən düzəlişləri tənqid ediblər. Bu düzəlişlər hüquqi nümayəndəlik institutunun ləğvini nəzərdə tutur. Düzəlişlərə görə, mülki və inzibati işlərdə, həm də cinayət icraatında vətəndaşların hüquqlarını ancaq vəkillər müdafiə edə bilər.

Bu barədə şənbə günü hüquqşünasların və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə "Nümayəndəlik institutunun ləğvi: vətəndaşları kim müdafiə edəcək" mövzusunda keçirilən tədbirdə bildirilib. "Ölkədə onsuz da vətəndaş cəmiyyəti, QHT, medianın hüquqları məhdudlaşdırılıb, saytların çoxu bloklanıb, tanınmış hüquqşünaslar müxtəlif bəhanələrlə Vəkillər Kollegiyasından xaric edilib", - NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Qurbanlı görüşü açarkən deyib.

İndi də hakimiyyət hüquqşünasların hüquqlarını məhdudlaşdırmağa başlayıb. "Əvvəllər mitinqin keçirildiyi əraziyə istənilən tərəfdan daxil olmaq mümkün idi, indi ancaq bir girişdən buraxırlar, vətəndaşlar polis tərəfindən ciddi yoxlanılır, adamların tanınması üçün kameralar quraşdırılıb. Hüquqların məhdudlaşdırılması ilə bağlı hakimiyyətin son addımı nümayəndəlik institutunun ləğvi ideyası olub. Bugünkü tədbirdə məqsəd ictimai qınağa nail olmaqdır", - Ə.Qurbanlı bildirib.
Hüquqşünas Ruslan Əliyev deyib ki, hüquqşünasların vəziyyətinin pisləşməsi iki mərhələdə baş verib. "2015-ci ilədək nümayəndələr cinayət işləri üzrə şahid ifadələrinin verilməsi zamanı iştirak edə bilirdilər. Sonra bu hüquq onlardan alındı və vəkillərə verildi. İndi də nümayəndələri dövlət orqanlarında və məhkəmələrdə mülki işlər üzrə çıxış etmək hüququndan məhrum etmək istəyirlər. Bu sahəni də vəkillərin inhisarına vermək istəyirlər.

Azərbaycanda vəkillərin sayı çox azdır və onlar fiziki baxımdan çox iş görə bilmirlər. Bu sahənin vəkillərə verilməsi onunla əsaslandırılır ki, hüquqi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq istəyirlər. Əslində isə xidmətin keyfiyyəti pisləşəcək. Avropa İnsan Hüquqları Məhkəməsinə gedən işlərin çoxu nümayəndələr tərəfindən hazırlanır. Ancaq AİHM-ə şikayət göndərmək üçün ölkə daxilində bütün məhkəmə instansiyalarını keçmək lazımdır. Qanunvericilikdə dəyişiklik olarsa nümayəndələr məhkəmələrdə çıxış edə bilməyəcəklər", - R.Əliyev bildirib.

Vəkil Nemət Kərimli qeyd edib ki, vəkillər bütün işlərlə məşğul ola bilmir, çünki onların buna vaxtı çatmır və vətəndaşlar elementar hüquqi yardımdan məhrum olacaqlar.

"Bu düzəlişlərin qəbulu Konstitusiya və Avropa konvensiyasının pozulması olacaq. Çünki hər bir vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququ var. Almaniyada elə işlər var ki, onlarla ancaq nümayəndələr məşğul olur, vəkillərin bu cür işlərlə məşğul olmağa vaxtı yoxdur. Nümayəndəlik institutunun ləğvi yaxşı heç nəyə gətirib çıxarmayacaq", - N.Kərimli vurğulayıb.

Hüquqşünas Rövşanə Rəhimli deyib ki, heç kim bilmir ki, qanunvericiliyə dəyişiklik nədən ibarətdir. "Ancaq bir şey dəqiqdir: nümayəndəlik institutunun ləğvi faciəyə gətirib çıxaracaq. "Zənnimcə, dəyişiklik qəbul edilərkən Rusiya praktikasına əsaslanmaq lazımdır, yəni, nümayəndələr ancaq hüquq təhsilli olan şəxslər olmalıdır", - o əlavə edib.

Hüquqşünas Samirə Ağayeva bildirib ki, 10 milyonluq əhalisi olan ölkədə 904 vəkil var. Bu, çox azdır və onlar bütün işlərlə məşğul ola bilmir və bu da vətəndaşları müdafiəsiz qoymaq deməkdir. "Bəzi QHT-lərə, mediaya qarşı cinayət işləri qaldırılıb. Onların əməkdaşları şahid kimi dindirməyə çağırılanda onlarla nümayəndələr gedir. Əksər hallarda bunu pulsuz edirlər. Vəkillər bu işləri pulsuz yerinə yetirməzlər. Bundan əlavə, AİHM-ə göndərilən işlərin sayı azalacaq", - o əlavə edib. Hüquqşünaslar iştirakçıların suallarını cavablandırarlən deyiblər ki, qanunvericiliyə dəyişiklikdə məqsəd insan hüquqları sahəsində ixtisaslaşan hüquqşünasların fəaliyyətini məhdudlaşdırmaqdır. Bundan əlavə, hüquqşünasların demək olar ki, zorla Kollegiyaya cəlb edilməsi yeni vəkillərin Kollegiyadan asılılığına gətirib çıxaracaq.

TURAN İA

 

09:57