Hüquqşünas: “Vergilər Nazirliyi açıq doyüşdən yayınır”

 

“İddiam nağdlaşdırmaya görə 1%-lik verginin qanunsuz olması ilə bağlı idi”

“Dünən 1 saylı İnzibati-İqtisadi Məhkəmənin hakimi Müseyib Bayramovun sədrliyi ilə Vergilər Nazirliyinə qarşı iddiam üzrə hazırlıq iclası oldu".

Bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib: “İddiam nağdlaşdırmaya görə 1%-lik verginin qanunsuz olması ilə bağlı idi. İclasda nazirliyin əməkdaşı bildirdi ki, iddia nazirliyə qarşı deyil, vergini tutmuş banka qarşı irəli sürülməli idi. Bildirdim ki, tutulan verginin geri qaytarılması səlahiyyəti banka deyil, nazirliyə məxsusdur, nazirliyə müraciət etmişəm, amma məsələni həll etməyib. Nazirliyin əməkdaşı dedi ki, nazirlik Vergi Məcəlləsini rəhbər tutur, vergini qanunsuz hesab edirəmsə, Konstitusiya Məhkəməsinə müraciət etməliyəm, Milli Məclis qanun qəbul edib, nazirlik nə etsin. Buna cavab olaraq da dedim ki, edə bilsəydim edərdim də, elə birbaşa Konstitusiya Məhkəməsinə müraciət edə bilmədiyim üçün inzibati məhkəməyə müraciət etmişəm. Nazirliyə gəldikdə isə o, bütün qanunvericiliyi rəhbər tutmalıdır”.

 

“Apellyasiya şikayəti verəcəyəm və məntiqi sonluğadək davam etdirəcəyəm”
 

Hüquqşünas deyib ki, hakim iddianı mümkünsüz hesab etdi: “Səbəbini izah etmədi. Qərardadı alandan sonra bu barədə bildirəcəyəm. Hələlik isə bütün kartlarımı açmaq istəmirəm. Görək nə yazacaq, bu absurd qərarı necə əsaslandıracaq? Təbii, bu qərar cəfəngiyatdır, amma gözləniləndir, nazirliyin prosesdə deyəcəyi adekvat mövqeyi yoxdur deyə ondan sadəcə yayınır. Bankı məhkəməyə versəydim, mülki məhkəmə də deyəcəkdi ki, inzibati məhkəməyə müraciət etməli idin. Yəni sadəcə vaxtı uzadırlar ki, ilin sonunadək Məcəlləyə müvafiq düzəlişləri edə bilsinlər. Təbii, mən də apellyasiya şikayəti verəcəyəm və işi mövcud şəratidə məntiqi sonluğadək davam etdirəcəyəm. Burada əsas məqsəd dövlət orqanlarını qanuna, oradakı hər bir sözə hörmətlə yanaşmağı aşılamaqdır. Özü də onu da deyim ki, Vergilər Nazirliyi bu məsələdə qabaqcıl, mütərəqqi dövlət qurumudur. İndi təsəvvür edin ki, digərləri nə gündədir”.

 

“Qərbdə demokratiya məhz vergi qanunvericiliyi uğrunda orta təbəqənin şüurlu sivil mübarizəsi vasitəsilə qurulub”
 

Həsənov nəzərə çatdırıb ki, hüquqi dövlətə malik olan bütün cəmiyyətlər vergilər uğrunda mübarizə yolunu keçib: “Ölkə tarixində bu, ilk belə haldır. Vətəndaş cəmiyyəti və dövlət arasındakı bir nömrəli körpüdür . Vətəndaşlar hökumətə ilk növbədə bu körpü vasitəsilə təsir etməlidir. Qərbdə demokratiya və hüquqi dövlət bu gün Şərqə sırınan küçə hərəkatları, lümpenlərin inqilabı yolu ilə deyil, əsasən, məhz vergi qanunvericiliyi uğrunda orta təbəqənin şüurlu sivil mübarizəsi vasitəsilə qurulub. Biz də bu mübarizəni aparmalıyıq.”
 

Şamo
Hurriyyet.org

 

10:12