Həsrətində olduğumuz qatar

Kiçik bir dəmiryolu vağzalında qatarların hərəkət istiqaməti ancaq saat 21.15-i göstərir. Təsadüfən buraya gələn hansısa sərnişin onu həsrətlə gözləsə də, o qatar gəlməyəcək. Niyə gəlməyəcək? Sorun nədir? Akademik Milli Dram Teatrının səhnəsində Bəhram Osmanovun tamaşaya qoyduğu “21.15 qatarı” pyesində bu suallara tamaşaçılar, elə aktyorların özləri də  bu suallara cavab arayırlar. Türkiyənin ünlü dramaturqu Toyqun Orbayın bu məşhur əsəri Ankara, Tokio, Nyu-York, Berlin, Paris kimi dünyanın nəhəng mədəniyyət ocaqlarının səhnələrində oynanılmışdır. “Qatarı bir ömür boyu gözləməyin anlamı varmı?”, sualına əslində hər kəs öz yorumu və ya yozumu ilə cəhd etsə də, o,  gəlməyəcək.

Uğurlu sənət tandemi

“21.15 qatarı” tamaşasına ünlü rejissorumuz Bəhram Osmanovun yorumunda sadəcə əsərin illüstrasiyası verilməmişdir. Şüuraltı düşüncənin dərin qatlarına qədər hər anın incəliklərinin yozumunu ortaya qoymaqla onu hərəkətə gətirməyi hədəf seçmişdir. Bu  psixoloji dram üslubunun səhnəmizdə canlandırılmasının təməlini qoymaqla əslində “Sadəcə Azərbaycanda deyil, dünyanın hər yerində bu imza ilə milli teatrımızı təmsil etməyə layiq rejissor və aktyorlarımızın varlığı”nı təsdiq etmişdir. Bu tamaşa sübut etdi ki, indiki zamanda “Rejissor Teatrı” anlayışına kimsənin qarşı çıxması mümkün deyil. Teatrı savadsızcasına eksperimentlər sınaqlarına çevirmək olmaz. Ancaq öz işinin professionalı olan rejissorlar aktyorlarla birlikdə bütün bunların öhdəsindən gələ bilərlər. “21.15 qatarı” tamaşasında bütün bunları görmək tamaşaçıları uzun illərdir gözlədiyi sənət uğurunun canlı şahidinə çevrildilər. Elə bil ki, ölkənin ana teatrı bunun həsrəti ilə yaşayırdı. Tamaşanın baş rollarını ifa edən Nurəddin Mehdixanlı və Sənubər İsgəndərli daşıdıqları fəxri adlarına görə deyil, bu günün sənət uğuruna rejissorla birlikdə gərəkən imzanı atmışlar. Tamaşa üçün özəl bir musiqi bəstələnməsə də, quruluşçu rəssam Samirə Həsənova və işıq üzrə rəssam Rəfael Həsənov bu psixoloji əsərin ruhuna uyğun çox uğurlu səhnə tərtibatını veriblər. Dörd nəfərlik personajı olan və düz 75 dəqiqə davam edən əsərdə fasilə olmadan belə, tamaşaçılar sonacan həyəcanla baş verənlərin ilğımında yaşadılar. Çünki, hər şey tandemlə uyğunlaşmışdır. Aktyorların belə bir abstrakt əsərin öhdəsindən gəlməsi, tamaşaçının ruhuna sirayət etmənin psixoloji yozumu, rejissorun və teatrın uğuru kimi qəbul edildi. Bu tamaşa bir daha sübut etdi ki, Azərbaycanda teatr var və onun bütün yükünü öz çiyinlərində daşıya biləcək sənət və sənətkarlar mövcuddur. Ölkənin istənilən teatrını bu standartlara uyğunlaşdırmaq mümkündür. Yetər ki, teatrlarda əsil sənət ruhu hökm sürsün. “Mədəniyyət feodalları” sənətə və sənətkarların işlərinə müdaxilə etməsinlər. Qılaflarına bürünüb sənəti öz maraqlarına uyğunlaşdırmaq istədikləri “teatr müəssisəsi” qavramından uzaq dursunlar.              

Professional sənətin öz standartı var

“21.15 qatarı” əsərinin baş rollarını ifa edən Nurəddin Mehdixanlı və Sənubər İsgəndərli  tamaşanın əvvəlindən sonunacan səhnədə oynadıqları obrazların özünə çevrilmişdilər. Kiçik bir əyalətin hansısa dəmiryol vağzalında bir-birinə rast gələn naməlum Qadın və Kişi saat 21.15 qatarının gəlişini gözləyə-gözləyə bir-biri ilə tanış olmaqla yanaşı, daxili aləmlərinin psixoloji məqamları sayəsində bəzən söhbət edir, bəzən də dərdləşirlər. Əslində bütün bunlara insancasına “olmuş” və “olacaqlar”a anlaqlı şəkildə paylaşma  demək daha doğru olardı. Həyat bəzən abstraktlarla və onun macəraları ilə dolu olsa da, insan ruhən və psixoloji baxımdan onun öhdəsindən gəlməyi, ən azından paylaşmağı bacarırsa, deməli yaşamağına dəyər. Tamaşada Kişi (Nurəddin Mehdixanlı) və Qadının (Sənubər İsgəndərli) fərqli xarakterik özəllikləri olsa da, həyata yanaşma tərzi dediyimiz  bu uzlaşmanı məntiqə çevirə bilirlər. Gözlədikləri qatarın gəlməyəcəyinə inansalar da, musiqidən və həyat fəlsəfəsindən, dünyanın olmuşlarından və olacaqlarından söhbət edərək saat 21.15 qatarının hər an gözlənilən gəlişini gözləyirlər.
Xalq artisi Nurəddin Mehdixanlı oynadığı Kişi rolu ilə demək olar ki, zahirən absktrakt görünən hadisələrin psixoloji məqamlarını çox yüksək məharətlə ifa etməklə sübut etdi ki, Azərbaycan səhnəsində kimsəyə yarınmadan professional sənət adamı istedadını nümayiş etdirməyi bacarmalıdır. Hər kəs özünün istedadı və intellekti ilə bu sənətdə imzasını qoymalıdır. Tamaşaya qoyulan əsərin janrından asılı olmayaraq, sənətkarlıqla yanaşmaq və onun səhnə taleyini sənət bayramına çevirmək mümkündür. Nurəddin bəy ifa etdiyi Kişi rolunun intellektual səviyyəsinin dəyərini göstərməklə yanaşı, həyatın öz axarı ilə baş verənlərə də aydınlıq gətirir. Hər şeyin vəzifə ilə, haralardasa,  uzaq üfüqlərdə xəyal edilən meşşancasına yaşamağın həsrətini çəkənlərin cavablarını böyük ustalıqla verə bilmişdir. Bu naməlum Kişi obrazının dili ilə insanın intellektual və  kübarcasına yaşadığı zaman həyat maraqlıdır, anlamını psixoloji cəhətdən isbatlayır. Onun ifa etdiyi Kişi obrazı öz intellektual səviyyəsi ilə yanaşı, həm də təmənnasızlıq, qoşulsuz yaşamaq kimi dəyərləri sərgiləməklə bütün bunları tamaşaçının ruhuna çevirə bilir. Burada Kişinin dramatik xarakterində yer alan mövzuları bir-bir və həm də səbrlə onun daxili aləmini yaşamaq aktyordan sadəcə peşəkarlıq deyil, həm də böyük istedad tələb edir. Çünki, zamanın nəfəsini, onun günəşin hərarəti qədər aranan istəklərini, hamının gözlədiyi qatarı, yəni qaranlıqlardan aydınlığa səsləyən yolun yolçularına sadəcə Nurəddin bəyin ifa etdiyi Kişi obrazı cavab vermək gücündədir. O isə bu yolun nə başlanğıcını, nə də onun bəlirsizlik içində boş ümidlərlə kimsəni aldatmaq istəmir. Nurəddin bəy Kişi obrazının dili ilə tərəfdaşlarına və həm də tamaşaçılara apaydın şəkildə bildirir ki, bu həyatın min üzü olsa da, çətinliklərin və ağırlıqların içindən öz ruhunuzun səsi ilə yola çıxın. Bax onda həyat da, ümidlər də bənzərsizliyi ilə hər kəsin yanında olacaqdır.        
Əməkdar artist Sənubər İsgəndərli bu gün milli teatrımızın səhnəsində fikrimizcə, nadir istedada malik qadın sənətkarımız kimi bu imzanı çoxdan təsdiq etmişdir. “21.15 qatarı” əsərində Qadın obrazının xarakterindəki təzadların psixoloji məqamlarını o qədər təbii oynayır ki, elə bil bu rol sadəcə onun üçün yazılıb. Sənubər xanım Qadın obrazının xarakterik özəlliklərinin palitrasını göstərməklə insanın həyatda üzləşə biləcəyi problemlərin yollarını incəliklə ortaya qoya bilib. Yəni, insan ruhən paylaşmaqla və  uzlaşmaqla duyğularının suallarına cavab tapa bilər, anlamını bəlirləyir. Sənubər xanımın ifa etdiyi Qadın obrazına bəlkə də hamımız həyatda rast gəlirik. Ancaq, onun tanımadığı birisinə, daha doğrusu bir Kişinin intellektual səviyyəsinə dəyər verməsi, həm də onunla adi insanlar kimi dərdləşməklə öz yolunu davam etməsi, bəlkə də qeyri adi görünə bilər. Bəli, insanlıq və onun daxili aləminin ruhsal enerjisinin bitib-tükənmədiyi anlamların palitrasını səhnəyə gətirmək nə qədər çətindirsə, onun möhtəşəmliyini  sərgiləmək sənət adamı üçün bu həm də uğur qaynağıdır. Sənubər xanımın ifa etidyi Qadın obrazının xarakterindəki enerjinin plastikasını yüksək səviyyədə oynaması ilə   əslində tamaşaçıya kosmoqonik anlamların şərtlərini irəli sürmüşdür. Beləliklə hər bir canlı varlığın ruhsal və fiziksəl enerjisinin tandeminə sahib çıxa bilmənin sirrini aşılayır. Belə olduğunda bəlirsiliklərdən, uyumsuzluqdan, psixoanalizlərin girdabında çabalayan hər kəs sorunlarının acısını asanlıqla çözə bilmək gücünə sahib ola bilər. Sənubər xanım məhz bunun sirrini səhnədə oynadığı rolu ilə öz yorumunu ortaya qoya bilmişdir. Tamaşaçı Qadın obrazına və aktrisanın yozumunda sərgilənən inama etibar edə bilir. Sənubər xanım fitrəti ilə bütün bunları məharətlə ifa edir.
Tamaşada digər personajlar qismində daha iki obraz da vardır. Bunlardan biri vağzalın  çayçısı, rəisi və nəhayət ömrü boyu gələcəkdəki perspektivlərinin xəyallarını yaşayan məmur obrazını xalq artisti Hacı İsmayılov ifa edir. O, illərdir vağzalda çalışmağına baxmayaraq, özü də bilir ki, saat 21.15-də hamının gözlədiyi qatar gəlməyəcək. Ancaq, nə etsin ki, onun da öz gözləntisi var. Bəlkə də o qatar gəldi, deyə taleyini bu əyalətdə davam etdirməkdədir. Əsərdəki digər personaj isə Yaşlı Kişi obrazıdır. Bu rol əməkdar artist Firuz Xudaverdiyev və Ramin Şıxəliyevin ifasında maraqla qarşılanıb.

Beton və sarkazm

Bir rejissor kimi Bəhram Osmanov müəllifin abstrakt janrda yazdığı əsərin ümumbəşəri dəyərlərini böyük məharətlə Azərbaycan mühitinə uyğunlaşdıra bilmişdir. Elə bizdə də hər kəs öz həyat qatarının, istəklərinin ruhuna hopduğu dəyərlərin ardınca baxır. Bunun üçün hər əzaba qatlaşmağa hazırdır. Ancaq, zaman və durum heç də istənilən kimi  deyil. Gözlədiyimiz o qatar, bəlkə də gəlməyəcək. Bütün bunlara baxmayaraq, onun həsrəti ilə yaşayırıq. Həyatın dibindəki acılar bütün bunların sonu demək deyil, kimi qavramlar bizləri daim irəliyə baxmağa sövq edir. Rejissorun tamaşadakı uğurlu tapıntılarından biri də, gecə qaranlığında uzaqdan fit səsi eşidilən qatarın elə gecənin bəlirsizliyində itməsi yozumu, ümidlərin sonunun tükənmədiyinə bir işarədir. Ona görə ki, yaşamaq sevgisi insanın ruhundadır. Bütün bunlara baxmayaraq Tanrının unutduğu bu məkanın özünə məxsus bir həyat ritmi var. Rejissorun yozumunda daha bir uğurlu məqam böyük səhnədə iki aktyorun ifa etdiyi tamaşanın sonuna kimi kimsəni usandırmamasıdır. Yəni, əsərin personajlarının sayı ilə deyil, gündəmə gətirilən mövzunun başlıca səbəb olması ideyası bütün standartları üstələyə bilir. Aktyorların sənətkarlığına  etibar edən rejissor məhz bu üsuldan yararlanmışdır. Zamanla insanların dəmir-beton evlərə üz tutması və yola çıxanda belə, dəmir qutularda (qatar, avtobus, istənilən maşın) yol getməsi həyatın bəlkə də ən böyük ironiyasıdır. Rejissorun quruluşunda bu anlam  abstraktcasına irəli sürülsə də, onun daxili sarkazmı tamaşaçının ruhuna və iliyinə qədər uzanır. Əsərdə hamının həsrətlə gözlədiyi qatarın gecə qaranlığında gəlməsi motivi fikrimizcə dramaturqun və eləcə də rejissorun yorumunda böyük bir ironiyaya bənzəyir. İnsan xəyallarının yolçusu olan ümidləri elə o bəlirsiz qatar kimi nə zamansa qaranlıq bir boşluqdan həyatımıza daxil olacağı günün həsrəti bəlkə də böyük dəyişimlərə yol açacaq. Yox... yox... O qatarın xəyalımızda canlandırdığımız fit səsi belə bizə onu anladır ki, həyat o zaman dopdolu və maraqlı olur ki, özümüz öz qatarmızın sahibi olmağı bacarmalıyıq. Xəyal və ümidlərin ilğımında itirilmiş dünyanın sönüklüyü elə bütün faciələrimizin təməlidir. Çünki, betonlaşmış yaşam tərzi, dəmir qutularda bir ömür sürmək elə o bəlirsiz qatarın sonsuzluğu qədər acıdır. Bizlərə əslində hər şeydən çox acı verən bəlkə də bütün bunlardır.  
Bəhram Osmanov bir rejissor kimi ənənəvi baxışlardan çox-çox uzaqdır. Çünki, onun quruluş verdiyi tamaşalarda demək olar ki, XXI yüzilin fəlsəfəsinin və estetik yanaşma tərzinin ünsürləri üstünlük təşkil edir. Onun sinergetik şərtlərinin semantik və semiotik yorumlarını irəli sürür. Buna görə də, keçmişdə olduğu kimi quruluş verdiyi tamaşaların illüstrasiyasını deyil, əsərin ruhunun psixoloji qatlarını önə çıxartmağı hədəf seçmişdir. Ona görə də Bəhram bəyin hazırladığı tamaşalar maraqla qarşılanır və həm də quruluş verdiyi əsərlər teatrlarımızda əsil sənət hadisəsinə çevrilir.           

Bir qədər müəllif haqqında

Toyqun Orbay “Mat”, “Şərəfinə insan oğlu” və “21.15 qatarı” adlı pyeslərin müəllifidir. İxtisasca həkim olan bu ünlü şəxsiyyət dramaturq və rəssam kimi də məşhurdur. Onun pyesləri Türkiyə, Almaniya, Yaponiya, ABŞ və başqa ölkələrin teatrlarında uzun müddət repertuarda oynanılmaqdadır. Toyqun bəyin bir rəssam kimi əsərləri Türkiyənin Ankara, İstanbul, İzmir və başqa şəhərlərindəki sərgi salonlarının bəzəyinə çevrilmişdir. Ünlü sənətçinin  özəl rəsm qalereyası belə vardır. Amerikanın məşhur teatr aktyoru Marc Bruzee 2004-cü ildə Toyqun Orbayın əsərində oynadığı “Şahmat Oyunçusu” roluna görə, “Nyu-York Teatrlar Birliyi” tərəfindən ona “İlin ən mükəmməl aktyoru” ödülü verilmişdir. Bizim Toyqun Orbay haqqında ayrıca bu bilgini yazmaqda amacımız, Azərbaycan Milli Akademik Dövlət Teatrının səhnəsində tamaşaya qoyulan bu əsərinə görə, ən azından onun Bakıya dəvət edilməsi məsələsidir. Bu gün dünyanın hər yerində hər hansı bir film və tamaşanın premyerası olanda müəllifi dəvət etməklə, ona nə qədər dəyər verildiyini  gündəmə gətirirlər. Bu baxımdan qardaş Türkiyənin bu ünlü şəxsiyyətini “21.15 qatarı” əsərinə görə teatrın rəhbərliyi və Mədəniyyət və Turizm nazirliyi tərəfindən dəvət etməliydi. Fikrimizcə, “21.15 qatarı” tamaşası Azərbaycan teatr sənəti üçün öz mövzusuna görə, yeni dramaturji ənənələrin əsasını qoya bilər. Bu, bizim milli teatrımızın artıq dünya standartlarına uyğunlaşdırılması, ideya və məzmunu ilə bəşəri xarakter alması deməkdir. Bəhram Osmanovun bir rejissor kimi quruluş verdiyi bu tamaşa ilə Akademik Milli Dram Teatrı dünyanın istənilən səhnəsində layiqincə ölkəmizi sənət baxımından təmsil edə bilər.

Ənvər BÖRÜSOY, sənətşünas   

12:48