“Həsrət” - şuşalıların 25 illik həsrəti

 

 

Şuşa şəhər 1 saylı orta məktəbində Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 25 illiyi ilə əlaqədar “Həsrət” adlı musiqili ədəbi–bədii kompozisiya nümayiş olunub. Tədbir “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdiklərini bildirib. O, uzun illər işğal altında qalan torpaqların da qəribsədiyini söyləyib.

Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı tədbirdə Xurşidbanu Natəvanın, Molla Pənah Vaqifin, Kərim Kərimlinin, şair-publisist, AZƏRTAC-ın müxbiri Zərəngiz Qayalının şeirləri səsləndirilib. Həmçinin Xan Şuşinskinin ifa etdiyi muğamlardan, Cahangir Cahangirov, Şəfiqə Axundova və Rauf Məmmədovun mahnılarından ibarət videoyazılar nümayiş olunub. Tədbirin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi rəhbəri əməkdar mədəniyyət işçisi Nəsib Məhərrəmovdur.

Xudaferin.eu

09:49