Həsəni təcili Həccə göndərin

Rayondan satmağa beş ton kartof gətirən Cahid yük dolu "Kamaz"ını binanın həyətinə sürdü. Cahid "Kamaz"dan düşüb həyətin ortasında başında buxara papaq, saqqalı bir kişini sevincək salamladı və ürəyində düşündü ki, vəssalam, işim düzəldi. Sanballı kişi də Cahidə biganə qalmadı:

- Salam, ay bala, nə axtarırsan?

Cahid:

- Ağsaqqal, 5 ton kartof gətirmişəm satmaq üçün.

Kişi:

- Mənim adım Hacı Qulamdı, özüm də, oğlanlarımın ikisi də hacıdır. Təkcə oğlum Həsən həccə getməyib.

Cahid çox sevindi.

Hacı Qulam oğlanlarının üçünü də çağıraraq dedi:

- Ədə, bura gəlin görüm.

Oğlanların üçü də gəldi. Hacı Qulam Cahidi göstərdi:

- Bu oğlan beş ton kartof gətirib. Kömək edin, töksun həyətə. Sabah gəlib pulunu aparar.

Oğlanlar üçü də öz razılıqlarını bildirdi. Cahid isə beş ton kartofu binanın həyətinə boşaldıb sevincək getdi.

Sabahısı Cahid rahat bir şəkildə həmin binanın həyatinə girərək, səsləndi:

- Salam Hacı!

Hacı Qulam təəcüblə Cahidin üzünə baxıb salamı aldı və dedi:

- Tanımadım a bala, sən kimsən?

Cahid həyəcanlı və heyrət dolu baxışla:

- Necə yəni tanımadım? Ağsaqqal, dünən sizə beş ton kartof satmışam. Siz dediniz ki, adım Hacı Qulamdı. 3 oğlum var, onların da ikisi hacıdır.

Hacı Qulam:

- Vallah, mən səni birinci dəfədir görürəm. Yaxşı, gözlə.

Ardınca Hacı Qulam oğlanlarını çağırdı:

- Ədə, bura gəlin görüm.

Oğlanların üçü də sakitcə atalarına yaxınlaşdı. Hacı Qulam üzünü həccdən təzəcə qayıtmış böyük oğluna tutub dedi:

- Bu oğlan deyir ki, dünən bizə beş ton kartof satıb. İndi də gəlib pulunu almağa.

Hacı Qulamın böyük oğlu:

-Ata, mən bu adamı birinci dəfədir görürəm.

Cahid donub qaldı. Hacı Qulam iki il əvvəl həcc ziyarətində olmuş ortancıl oğlundan da soruşdu:

- Bu oğlanı tanıyırsan?

Ortancıl oğlu təəcüblə Cahidin üzünə baxıb dedi:

- Yox, yox, qəti bu adamı xatırlamıram.

Cahid düşündü ki, bəlkə səhv salır. Doğurdan da bu adamlara kartof satmayıb.

Hacı Qulam heç nə olmamış kimi təmkinlə üzünü oğlu Həsənə tutdu:

- Ay bala, bu oğlanı tanıyırsan?

Oğlan suala cavab verməmiş Cahid düşündü ki, əgər üç hacı məni tanımadısa, yəqin Həsən məni heç dünəndən tanımaz. Ancaq Həsən üzünü atası Hacı Qulama tutub aramla dedi:

- Əlbəttə tanıyıram. Dünən bu oğlana demədin ki, kartofu tök həyətə, sabah gəlib pulunu apararsan?!

Cahid çiynindən ağır yük götürülmüş kimi toxtadı və inandı ki, həqiqətən dünən kartofu bu həyətə boşaldıb.

Hacı Qulam üzünü hacı oğlanlarına tutub dedi:

- Gedin, o kartofun pulunu gətirin, bu oğlanı yola salın. Həsəni də təcili həccə göndərin.

Səməd Vəkilov
Xudaferin.eu

15:40