Hərbi xidmətdə ayağını itirdi, indi küçələrdə yaşayır

 

Qarabağ əlilindən birinci vitse-prezidentə müraciət

Naftalan şəhər sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Ələkbərov Rasim Əlövsət oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır:

“Mən 19.03.1987-ci il tarixdə Naftalan şəhərində doğulmuşam. 7 yaşım olalnda ailəmiz dağılıb, əmi-dayı himayəsində böymüşəm. Gələcəyə ümidlə baxıb, xəyallarda sağlam, xöşbəxt ailə quracağımı arzulayırdım.

Rusiyada 9 illik məktəbi bitirib, doğma vətənim Azərbaycana gəldim, öz ərizəmlə 2005-ci ildə könüllü hərbi xidmətə getdim. 08 mart 2006-cı ildə vəzifə borcumu yerinə yetirərkən minaya düşdum, sol ayağımı amputasiya etdilər. Ayılanda sol ayağımın tamamilə olmadığını gördum. Həyatımdan, taleyimdən, bəxtimdən küsdüm. 8 mart 2006-cı ildə etibarən dövlətimiz tərəfindən mənə 2-ci qrup əlillik və prezident təqaüdü təyin edildi. 2014-cü ildə isə bir ayağımın olmamasına baxmayaraq mənə əlillər ücün "NAZ LİFAN" markalı mexaniki maşın da verildi. Sağ olsun dövlətimiz, amma sürməkdə çətinlik çəkirəm. Yaxşı olardı ki, avtomat karobka veriləydi. Verilən təqaüdlə dolana bilmirəm, çünki yaşamaq üçün isti ocağım yoxdur.

2011-ci ildən həm Naftalan şəhər İcra Hakimiyyətində, həm də Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7-ci yerdə mənzil novbəsindəyəm. Yuxarda göstərdiyim qeydiyyatda olduğum Naftalan şəhəri V.Namazov küçəsi ev 53 ünvanından 2016-ci ilin son ayında mənim xəbərim olamadan qeydiyyatdan çıxarılmışam. O gündən gah dost-tanışın evində, gah da çox zaman maşında gecələyirəm. Olur ki, axşam saat 22:00-da evə gəlməli oluram, utanıram gecə saatlarında dost-tanış qapısı döyüb, onları narahat etməyə. Kirayə çıxıram, aldığım təqaüdlə ev pulunu ödəyə bilməyəndə yenə çıxıb maşinda gecələməli oluram.

Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Naftalan İcra Hakimiyyətinə və hətta Prezident Aparatına müraciət etməyimə baxmayaraq, mənə eyni cavabı veriblər: "2014-dən 2018-ci ilədək hamı kimi sənin də mənzil problemin həll olunacaq".

Mən hazırda Naftalan şəhərində metlax sexində yaşayıram. Buna isə yaşamaq demək çətindir. 30 yaşım var, subayam, evsizliyə görə xəyyalarımdakı xoşbəxt ailəni qura bilmirəm. Mən mətbuat vasitəsilə Mehriban xanım Əliyevadan çox-çox xahiş edirəm, evsiz olmağımı, subay olduğumu, maddi cəhətdən vəziyyətimi, qohum, dost-tanış himayəsində yaşadığımı, küçələrdə qaldığımı nəzərə alıb, mənə muvəqqəti sığınacaq, yaxud imkan olarsa, mənzil verilməsinə köməklik gostərəsiniz. Bu işlə əlaqədar muvafiq qrumlara, icra orqanlarına öz təklif və tapşırıqlarınızı verəsiniz”.

Muxalifet.az

 

09:49