Hər maaşa bir kart: "Kart oyunu" məmurların qazanc yeridir

 

Əkrəm Həsənov “İşəgötürən heç kimə deyə bilməz ki, get, bu bankdan kart al”

Toğrul Əliyev “Təəssüf ki, bizdə vətəndaşın seçim etmək hüququ yoxdur”

Hökumət bankları xilas etmək üçün əlindən gələn hər cür addımı atır. Ancaq bu addımlar atılarkən düşünülməyən tək məsələlə, bu qərarların icrası zamanı vətəndaşların üzləşəcəyi çətinliklərdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) göstərişi əsasında bankların nəğdsiz hesablaşmalara start verməsi artıq yaranacaq ciddi problemləri öncədən xəbər verir. Problemlərin yaşanacağına əsas sübut isə ölkə ərazisində nəğdsiz hesablaşmaların aparılması üçün infrastrukturun olmamasıdır.Bütün bu məsələlərdən qaynaqlanan problemlərə daha biri əlavə olunur. Belə ki, artıq bir şəxs çalışdığı bütün qurumlardan əmək haqqı almaq üçün ayrı-ayrılıqda bank hesabları (maaş kartı) açmalıdır. Məsələn, bir müəllim 4 ayrı-ayrı məktəbdə tədris aparırsa, yeni qərara görə hər birindən ayrıca maaş kartı almalıdır. Yəni, 4 ayrı-ayrı bankda hesab açmalıdır.Bu qərar təkcə tədris müəssisəsində deyil, digər bütün sahələrə də aid edilir. Maraqlı məqam isə ondadır ki, bir müəssisədə iki ştatda çalışan şəxs də iki maaş kartı almalıdır. Bəs bütün bunları mərkəzləşdirilmiş qaydada etmək olmazdımıMəsələn, sosial sığorta kartları mərkəzləşmiş sistemdir. Hansı müəssisədə işləməyindən asılı olmayaraq ödənişlər bir mərkəzə (oxu eyni karta) ödənilir. Bu isə həm vətəndaşların, həm də bu prosesi həyata keçirən qurumların işini asanlaşdırır.Banklara verilən göstəriş isə tamamilə bunun əksinədir. Yuxarıda da qeyd olunduğu kimi bir şəxs çalışdığı hər müəssisənin adına ayrı bir bank kartı açmalıdır. Bu isə həm uzun zaman, həm də maliyyə itkisi deməkdir. Qeyd edək ki, banklar hər bir plastik kartı üçün 1 illik 8 manat, 2 illik isə 12 manat ödəniş tələb edir. Əslində bu qərarın da məhz buna hesablandığı bildirilir.Bankları nağd vəsaitlə təmin etmək üçün düşünülən yollardan biri də məhz budur. Nəzərə alsaq ki, bu gün ölkədə kifayət qədər müəssisə, təşkilat, dövlət qurumlar, şirkətlər və digər işçi qüvvəsi çalışdıran yerlər var, hər bir iş üçün ödənilən 8 manat kifayət qədər pul kütləsi deməkdir. Ekspertlər hesab edir ki, bu prosesi mərkəzləşdirilmiş qaydada təşkil etmək daha məqsədəuyğun və effektli olardı.Bir şəxsin bir neçə yerdə işləməsinə baxmayaraq bütün aldığı əmək haqqı eyni bank hesabına köçürülsün. Vətəndaş bir bankla əməkdaşlıq etsin. Bu həm nəğdsiz hesablaşmaların (oxu hökumətin istədiyini), həm də vətəndaşın rahatlığını təmin edərdi. Ancaq görünən odur ki, kimlərsə maliyyə sistemində “oyun quraraq” vətəndaşları hökumətdən narazı salmağa çalışır.

“Oyun quranlar” isə əslində məlumdur. Bu işlərin görülməsində tək səlahiyyət sahibi Maliyyə Nazirliyidir.Ehtimal olunur ki, bu işlərində başında məhz maliyyə naziri Samir Şərifov durur. Ümumiyyətlə əhalinin ciddi narazılığına səbəb olan bütün maliyyə işlərində məhz Samir Şərifovun adı hallanır. Ölkədə baş verən ilk kəskin devalvasiyada məhz maliyyə nazirinin adına yazıldı.

Qeyd olundu ki, Samir Şərifovun ciddi “səyləri” nəticəsində hökumət ilk devalvasiyaya 1.55 məzənnə ilə getdi.Halbuki, ilkin müzakirələrdə 1.25 məzənnə ilə devalvasiyaya getmək nəzərdə tutulurdu.Digər tərəfdən problemli kreditlərə kompensasiya ödənilməsinin də qarşısının alınması Samir Şərifovun “fəaliyyətinin” nəticəsi kimi dəyərləndirilir.Məlumatlara görə problemli kreditlərin həlli istiqamətində Milli Məclisin hazırladığı təkliflər paketi hökumətin yuxarı instansiyalarında müzakirə olunaraq, müsbət rəy verilib.Ancaq sonra Samir Şərifovun bu məsələyə kəskin etiraz etməsi layihənin icrasını təxirə salmağa kifayət edib.Bütün bu məsələlər icra olunsaydı əhalinin üzərində olan yükün böyük bir hissəsi götürülmüş olacaqdı.Ancaq maliyyə nazirinin niyə bütün bunlara sədd çəkməsinin səbəbləri hələ də məlum deyil. Digər tərəfdən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) verdiyi qərarların da arxasında məhz Samir Şərifovun durduğu bildirilir. İlkin olaraq prezidentin sərəncamında bankda olan vəsaitlərin nağdlaşdırılması üçün tətbiq etdiyi 15 min manat həddi, Palata tərəfindən özbaşına 5 min manata qədər endirmişdi. Bu qərar da cəmiyyətdə kifayət qədər narazılıqlar yaratdı.Son olaraq isə əməkhaqlarının kart sisteminə keçirilməsində tətbiq olunan qaydalar bir neçə müəssisədə işləyənlərin ciddi nazarazılığı ilə müşahidə olunur.Nəzərə alsaq ki, MBNP-nı o, qədər də nüfuzlu qurum deyil və o, quruma rəhbərlik edən Rüfət Aslanlı bu cür qərarları öz iradəsilə verə bilməz.Ehtimal olunur ki, Palatanın bütün qərarları, məhz Samir Şərifovun göstərişi ilə verilir.Bütün bunlar isə onu deməyə əsas verir ki, Maliyyə Nazirliyi və MBNP-nın bu cür qərarlar verməkdə yeganə məqsədi məhz cəmiyyətdə narazılıq yaratmaqdır.

 

“Bankı vətəndaş seçməlidir”

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov açıqlamasında deyib ki, belə bir məhdudiyyətin tətbiq olunması qanunsuzdur. İşlədiyin müəssisənin sayından asılı olmayaraq 1 bank hesabından əmək haqqını almaq mümkündür “Nağdsız hesablaşma haqqında qanunda deyilir ki, işəgötürənlər əmək haqqını mütləq qayda da bank vasitəsilə ödəməlidir. Amma bu qanun hər kəsə aid deyil.Məsələn, pərakəndə satış, iaşə obyektləri işlədən şirkətlər əmək haqlarını nağd qaydada ödəyə bilərlər.Kartla ödənilən əmək haqqına görə isə qanunvercilik hər müəssisənin ayrıca bank kartının olmasını məcbur etmir.Ümumiyyətlə, bankı vətəndaş seçməlidir. İşəgötürən heç kimə deyə bilməz ki, get, bu bankdan kart al. Onu vətəndaş deməlidir ki, mənim bu bankda hesabım var və siz mənim əmək haqqımı bu banka ödəyin. Əmək Məcəlləsində də belə bir maddə var ki, maaşların hara ödənilməsini işçi seçir.Yəni, şəxsin hər hansı bir bankda hesabı varsa istənilən müəssisə əmək haqqını həmin ünvana göndərməlidir. Ola bilər ki, işəgötürənin seçdiyi banka vətəndaş heç etibar etmir. Hansısa müəssisə bir bankla razılaşıb ki, işçilərin maaşını sizin vasitənizlə ödəyəcəm.Belə olan halda belə işçi bundan imtina edə bilər və digər bankdan hesab nömrəsini şirkətə təqdim edim maaşını həmin bankdan ala bilər.Yəni, hər kəs bir bank hesabı ilə hətta 10 yerdən əmək haqqı ala bilər.Qanunvercilik buna heç bir məhdudiyyət tətbiq etmir”.

Maliyyə məsələləri üzrə ekspert Toğrul Əliyev də həmçinin vurğulayıb ki, nağdsız hesablaşmalara keçidlər bağlı bir çox çatışmamazlıqlar var. Onun sözlərinə görə, hər bir vətəndaşın sərbəst şəkildə bank seçmək hüququ var “Artıq aprel ayının 1-dən etibarən ölkə ərazisində əmək haqqı ödəmələrinın nağd şəkildə verilməsi qadağan edilib. Hesab edirəm ki, bu qərar əslində bir qədər gecikmiş və bir o qədər də vacib qərardır.Çünki nağdsız ödəmələrə kütləvi şəkildə keçid müasir iqtisadiyyatın yeni müstəvidə inkişafına və artıq pul kütləsinin qarşısının alınmasına yardım edən ən vacib amillərdən biridir.Digər tərəfdən, normal və azad bazar iqtisadiyyatının sürətlə inkişaf etdiyi ölkələrdə məvaciblərin plastik kartlarla ödənilməsində ilkin olaraq sahibkarlar və müəssisə rəhbərləri maraqlı olmalıdırlar. Bunun isə bir çox obyektiv səbəbləri var İlk növbədə müəssisə alqı-satqı prosesində iri həcmli pul kütləsi işləməkdən azad olur; Müəssisə əməkdaşlarının əmək haqqlarının verilməsində məxfiliq prinsipinə riayət olunur; Əməkdaşların ezamiyyət və digər məsələlərdə xaricə səfərlərində xərclərinə müəssisə tərəfindən tam nəzarət olunur. Ölkəmizdə isə plastik kartlara keçidin tənzimlənməsi ilə bağlı bir çox çatışmazlıqlar hələ də qalmaqdadadır. Son günlər bunlardan ən çox müzakirə ediləni isə “Mərkəzləşdirilmiş hesablar”ın yaradılmaması və məvaciblərin müəssisənin istəyinə uyğun tənzimlənməsi ilə bağlıdır. Yəni, əgər bir vətəndaş 2 və daha artıq müəssisədə çalışırsa hər müəssisəyə görə ayrıca olaraq müxtəlif banklarda kart hesabı olmalı və təbii olaraq 2 və ya daha artıq plastık karta sahib olmalıdır. Beynəlxalq təcrübəyə əsasən bir çox ölkələrdə müəssisə əməkdaşının məvacibinin alacağı bankı sərbəst şəkildə seçmək hüququ vardır. Yəni, hər bir vətəndaş istədiyi bankda hesab açaraq əmək haqqının məhz həmin banka yönəldilməsini tələb edə bilər. Lakin təəssüflər olsun ki, bizim ölkəmizdə vətəndaşların belə bir seçim hüququ yoxdur.Seçim ya müəssisə tərəfindən edilir, ya da daha yuxarı qurumlar (Nazirliklər, Təşkilatlar və s.) tərəfindən.Nəticədə isə bu əlavə vaxt itkisi, saatlarla bankomatların qarşısında növbələrdə gözləmə və sairə bu kimi narahatçılıqlara yol açır”.

“Vətəndaşın kredit məhsulundan faydalanma hüququ məhdudlaşır”

 

T.Əliyev hesab edir ki, hər bir vətəndaş üçün mərkəzləşmiş hesabların yaradılmasının və müstəqil olaraq “bank seçimi” hüququnun verilməsinə ehtiyac var. Ekspert həmçinin vurğulayıb ki, bunun kifayət qədər üstünlükləri var “İlk növbədə müştəri məhsullarının daha faydalı olduğu bankı seçərək gələcəkdə bir sıra məhsullarından yararlana bilər. Məlumdur ki, bankların daxili prosedurlarına görə müştərilərə bir sıra güzəştlərin tətbiq etmək hüququ vardır.Konservativ yanaşma üsulunun geniş yayıldığı bank sektorunda isə kart sahiblərinə daha geniş imkanlar yaradılılr.Məsələn, tutaq ki, vətəndaş “X” adlı bankdan əmək haqqı alır və bu bank maddi imkanları baxımından bir çox kredit məhsulundan imtina edib.Belə olan təqdirdə avtomatik olaraq həmin vətəndaşın da mövcud kredit məhsulundan faydalanma hüququ məhdudlaşır. Bu həmçinin “Time Management” (zamanın idarə edilməsi) qaydasının pozulmasının qarşısını alır.Əgər vətəndaş paralel olaraq 2 və ya daha artıq müəssisədə işlədiyinə görə 2 və ya daha artıq bankadan məvacib alırsa bu zaman onun uyğun zamanda və yerdə pul vasaitini əldə etməyində əsaslı problemlər yaranacaqdır.Məsələn, tutaq ki, vətəndaş Binə qəsəbəsində yaşayır.Lakın məvacibi kart vasitəsi ilə ödəyən “X” bankın həmin qəsəbədə bankomatı və ya hər hansı xidmət ofisi yoxdur.Bu halda vətəndaş 35 km yol və əlavə maddi vəsait sərf etməklə şəhər mərkəzinə gələrək öz məvacibini əldə etmək məcburiyyətində qalacaqdır.Nəticədə isə əlavə vaxt itkisi yaranmış olacaq. Digər tərəfdən bir müəssisənin işçilərinin eyni bankdan maaş alması da müəyyən çətinliklər yaradır. Hər kəs eyni vaxta maaş almaq üçün ən yaxın bankomatlara üz tutur və nəticədə sıxlıq, uzun növbələr yaranır və nəticədə bankomatlarda olan vəsait maaşların tam ödənilməsinə kifayət etmir. Bu hall ilə hər birimiz dəfələrlə rastlaşmışıq və misal olaraq təhsil işçilərini və hərbçiləri göstərmək olar. Hamıya məlumdur ki, Respublikanın müxtəlif yerlərində fəaliyyət göstərən müəllimlər yaşadığı yerə görə eyni bankomatdan maaş almalı olurlar. Nəzərə alsaq ki, ölkədə 300 mindən çox müəllim var və onlar eyni gündə maaş alırlar, görərik ki, bankomatlarda pul kütləsinin tez-tez bitməsi halları qaçılmazdır”.

 

Vilayət Muxtar

Cebhe.info

 

09:33