Hökümətin MSŞT Koalisiyasına müdaxiləsi iflasa uğradı

 

Dövlət Neft Fondunun binasında Fondun direktoru, MSŞT üzrə Hökümət Komissiyasının sədri Şahmar Mövsümovun Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bir qrup üzvü ilə görüşü keçirilib. Öncədən bildirdiyimiz kimi bu görüş Koalisiya Şurası ilə razılaşdırmadan, tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun tələblərinə və əməkdaşlıq prinsiplərinə zidd olaraq Koalisiyanın daxili işlərinə müdaxilə məqsədi ilə keçirilib.

 

Bütün cəhdlərə, sərf edilən resurslara baxmayaraq 160- a yaxın üzvü olan MSŞT Koalisiyasının çox az saylı üzvləri toplantıya qatılıb. Dövlət Neft Fondunun yaydığı məlumatda iştirakçıların sayı 50 nəfər qeyd olunsa da Koalisiya üzvlərinin sayı az olub. İştirakçıların 7- 8 nəfəri Neft Fondunun işçiləri olub. Təxminən 10 nəfəri Koalisiya üzvü olmayıb və ya indiyə qədər Koalisiyanın yığıncaqlarında iştirak etməyən şəxslər olub…

Bu görüş və orda müzakirə olunan məsələlər bir daha göstərdi ki, Koalisiya daxilində gərginlik yaratmaq istəyən qüvvə hakimiyyət və onun Koalisiyadakı təmsilçiləridir. Məqsəd Koalisiyanı nəzarətdə saxlamaq və 07- 08 mart Boqota konfransı öncəsi diqqəti vətəndaş cəmiyyətinin problemlərindən yayındırıb daxili qarşıdurmaya yönəltməkdir.

Şahmar Mövsümovun arbitr olmaq istədiyi, hakimiyyətin qurduğu oyunda iştirak etməyən, mövqeyini qoruyub saxlayan bütün dəyərli Koalisiya üzvlərinə təşəkkür edirəm!

Dostlar, dirəniş göstərin. Bu hakimiyyət istəyir ki, ölkədə müstəqillik adına heç nə qalmasın. Ölkədə tənqid səsləri gəlməsin. Bu hakimiyyət istəyir ki, sözünü deyə bilən, düşünən, danışan hər kəsi 5- 10 manata satın alsın. Satın ala bilmədiklərini isə nüfuzdan salsın, şərləyib həbs etsin.

Haşiyə. Əziz dostlar, müxalifətçilər! Sağınıza, solunuza diqqətlə baxın. Yalançı vətənşüvənlərə, “müstəqillər”-ə, “müxaliflər”-ə, “ziyalılar”- a inanmayın. Bir ayağı hakimiyyət koridorunda, bir ayağı sizlərin yanında olan saxtakarları partiyanızdan, təşkilatınızdan, yanınızdan qovun! Satqınlığın, dönüklüyün, saxtakarlığın ayaq tutub yeriməsinə, stimullaşmasına imkan verməyin! Belə olsa hədəflərimizə daha tez çatarıq.

 

P. S. Əldə etdiyimiz məlumata görə Dövlət Neft Fondunda keçirilən “Şəffaflıq Forumunda” MSŞT Koalisiyasının üzvlərindən Mehriban Vəzir, Mirvari Qəhrəmanlı, Taleh Əliyev, Hafiz Həsənov, Mirəli Hüseynov və digərləri iştirak ediblər. Onlar görüşdə çıxış edərək hakimiyyətin son illər vətəndaş cəmiyyəti ilə bağlı yaratdığı süni problemlərdən deyil, Koalisiya daxili problemlərdən danışaraq yeni seçilmiş Şuradan Şahmar Mövsümova şikayət ediblər.

 

Oqtay GÜLALIYEV,
MSŞA Koalisiyasının Şura üzvü

 

09:35