Hökumətdən 4 milyardlıq İSRAFÇILIQ

Bakıda ikinci dairəvi avtomobil yolunun tikilməsi nəzərdə tutulub.Yeni dairəvi yol Bakı-Sumqayıt yolu ilə birləşdiriləcək.Plana əsasən, yolun tikintisi şəhərin şimal zonası ərazisində planlaşdırılır.Bu layihənin mərkəzi Maştağa qəsəbəsi olacaq. İnkişaf planına uyğun olaraq, Maştağada “Sakit şəhər” (Slow city) konsepsiyasının reallaşdırılması nəzərdə tutulur. Bundan başqa, Maştağa qəsəbəsində kənd bazarının yaradılması da təklif olunur. Qeyd edək ki, Bakının Zonalaşdırılması Planına əsasən, Bakı və Abşeron 9 zonaya bölünəcək.Plan ümumi sahəsi 248 min hektar olan ərazini əhatə edir. Ümumilikdə, 2035-ci ilədək Planın icra olunması dəyəri 283,97 milyard manat həcmində ölçülür. Ekspertlər ikinci dairəvi yola təxminən 4 milyard manata yaxın olan vəsaitin xərclənməsini absurd hesab edirlər.Onların dediyinə görə, məqsəd əgər yollardakı tıxacları aradan qaldırmaqdırsa, bu qədər məbləğin ikinci dairəvi yola xərclənməsi düzgün deyil. Tıxac məsələsində müsbət dəyişikliyə doğru heç nə dəyişməyəcək. Ekspertlərin fikrincə, hazırki iqtisadi böhran şəraitində dövlət büdcəsindən yüksək məbləğdə vəsaitlərin bu cür primitiv məsələlərə sərf edilməsi sadəcə yalnışlıqdır. Yaxşı olardı ki,həmin vəsair hər hansı bir iqtisadi sahələrə yönəldilsin, zavodlar, fabriklər açılsın. Yaxud da regional inkişafa sərf edilsin.Çünki dövlət büdcəsində hər hansı bir sahədən gəlir daxil olmasa, iqtisadi böhran daha da dərinləşəcək və konkret olaraq əhali “dilənçi” vəziyyətə düçar olacaq.

Yollara xərclənən “çirkli” pullar...

İqtisadçı ekspert Akif Nəsirli açıqlamasında deyib ki, qeyd olunan  vəsait hazırki dövlət büdcəsinin 20 faizini təşkil edir: “Bu layihə uzun müddətə nəzərdə tutulub. Layinənin müddəti baxımından məbləğ o qədər də çox deyil.Amma məsələ burasındadır ki, artıq 10 ilə yaxındır ki, hökumətə səslənirəm ki, Bakıda yol layihələrinə yönəlik münasibətlərini dəyişmək lazımdır. Yəni Bakıda bu gün körpü tikməklə, 5 dənə dairəvi yol çəkməklə nə tıxacı aradan qaldırmaq, nə də paytaxtın yükünü  azaltmaq mümkün deyil. Bunun üçün yol infrastruktur layihələrinə sərf olunan vəsaitləri hökumət indiyədək iqtisadi çətinliklərin aradan qaldırılmasına sərf etsəydi, nə tıxac, nə də yol problemi qalardı.Bu gün Azərbaycan iqtisadiyyatının 90 faizindən çoxu Abşeron iqtisadiyyatına yönəlib.Əhalinin 70-80 faizi Bakı və onun ətrafındakı ərazilərdə, yəni Abşeron yarımadasında yerləşir.Müxtəlif yollarla hökumət infrastruktur və abadlıq, bərpa işləri əvəzinə iqtisadiyyatı regionlara yaymaqla məşğul olsa, o problemlər təbii yollarla həll olunacaq.Burada həm yol problemi aradan qaldırılacaq, həm iqtisadi potensialı artıracaq, həm də atmosfer çirklənməsinin qarşısı alınacaq.Əgər o problemi 4 milyona yaxın vəsaitlə aradan qaldıra bilsələr, bu israfçılıq deyil.Amma problem olduğu kimi qalacaq.Yəni bu problemə yanaşmanın fəlsəfəsini dəyişmək lazımdır. Bu gün səbəblə məşğul olmaq lazımdır, nəticə ilə yox.. ”.

“Regionlar inkişaf etdirilməlidir”

Ekspert vurğulayıb ki, bu gün Bakıda müxtəlif xarakterli tıxaclar mövcuddur: “Problemini həlli üçün ölkənin  iqtisadiyyatını Abşerondan rayonlara inteqrasiya etmək lazımdır. Azərbaycanın 10 iqtisadi rayonu var. Onun 9-da Azərbaycan dövlət büdcəsinin 7-8 faizi formalaşır.Büdcənin 90 faizi isə Abşeron rayonunda formalaşır.Bu anormallıqdır, raxit uşağa bənzəyir.Baş böyüyür, bədən yoxdur.Problem odur.Azərbaycan hökumətini səsləyirəm ki, o qədər vəsaiti dairəvi yola xərcləmək lazım deyil.Vəsaiti regionların real inkişafına, bölgələrə iqtisadiyyatın yayılmasına sərf eləsinlər.Çıxış yolu budur”.

“Kəndi dirçəltmək lazımdır”

Ekspert qeyd edib ki, 8-9 il Bakıya xərclənən infrasturktur layihələrinə regionda yüzlərlə zavod tikmək olardı: ”Zavodlardan əlavə emal sexləri də yaratmaq olardı. Şikəst müəssisələri özəlləşdirməyə çıxarıblar.Heç olmazsa onları sağlamlaşdırsınlar, işlək hala gətirsinlər.Real dövlət müəssisələri yaratsınlar, sonra da özəlləşdirib alternativ qurumlara, yəni özəl sektorun sərəncamına versinlər.Pulu real sektora xərcləmək lazımdır.Bundan sonrakı dövr böhran dövrüdür.Böhran dövründə infrastruktur layihələrinə pul xərcləməyin özü iqtisadi baxımdan səmərəsizdir.Çünki Azərbaycanda infrastrukturdan büdcəyə vəsait daxil olmur.Bu Azərbaycan hökumətinin özü üçün də sərfəlidir.İnfrastruktura xərclənən pul elə bil ki, vəsaitin passivləşdirilməsidir. Bu gün yolla rahat getmək mümkün olsa da, həmin rahatlığa görə Azərbaycan dövlət büdcəsinə vəsait daxil olmur.Dövlət büdcəsinə hansı sahələrdə vəsait daxil ediləcəksə, gəlir gözləmək mümkündürsə, ora pul xərcləmək lazımdır.İkincisi isə həmin o sahələri regionlarda tapmaq lazımdır.Əhali üçün iş yerlərinin yaradılmasına stumul vermək lazımdır ki, insanların çoxu köçüb bölgələrdə yaşasın. Bu gün əhalinin 50 faizindən çoxu Bakıya ehtiyac üzündən regionlardan gələnlərdir.Həmin insanlar heç Bakıdakı yaşayışa uyğunlaşmırlar.Çünki onlar şəhər əhalisi deyil, kənd əhalisidir. Kənd əhalisi isə öz yerində, məskunlaşdığı, yerləşdiyi ərazidə iş tapacaqsa, avtomatik olaraq məkanına gedəcək. Bununla paytaxtın yükü də azalacaq, ekologiya da təmizlənəcək, iqtisadiyyat da inkişafını tapacaq”.

Alçina Amilqızı
Cebhe.info

16:15