Hökumət vergiləri artırır

Qalib Toğrul: “Müəyyən sektorda çalışan sahibkarlara güzəştli əlavə dəyər vergisi tətbiq olunacaq”

Yanvarın 1-dən etibarən Azərbaycanda ƏDV-nin diferensiallaşmasına başlanılacaq. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.  Onun sözlərinə görə, bu məsələ üzrə bəzi dövlət qurumları ilə müəyyən fikir ayrılıqları mövcuddur: "Bu, layihədir. Amma hələlik buna qarşı müqavimət var. Əgər parlament sənədi qəbul edərsə, yanvarın 1-dən etibarən layihə bu formada qəbul olunacaq".
Nazir müavini deyib ki, bu il olduğu kimi, gələn il də nazirlik üçün ağır il olacaq. Bəzi ekspertlər hesab edir ki, ƏDV-nin diferensiallaşması yeni qiymət artımı yarada bilər. Diferensiallaşma dedikdə həm vergi yükünün azaldılması nəzərdə tutula bilər, həm də artırılması. Lakin bəzi iqtisadçılar düşünür ki, çox güman nazirliyin təklifində artırılma məsələsi qaldırılıb. Yəni ƏDV-nin müxtəlif şkalalarla tətbiqindən söhbət gedir. Ümumilikdə isə bu məsələyə münasibət fərqlidir. Vergi yükünün artımı büdcənin doldurulması ilə müşahidə ediləcək. Vergi yükünün artırılması heç də iqtisadi proseslərin, işgüzar fəallığının canlanmasına səbəb olmayacaq. İqtisadçılar ƏDV-nin tətbiqi ölkədə mənfi fəsadlar yaradacağı qənaətindədir. Rəqabət mühiti olmayan, beynəlxalq bazarlarda öz ixrac resursları ilə iştirak edə bilməyən milli iqtisadiyyatlara ƏDV tətbiqi artıq yükdür. Əlavə dəyər vergisinin artırılması işgüzar fəallığın azalmasına, milli istehsal prosesinin inkişafına ciddi mane göstərməklə makroiqtisadi proseslərə mənfi təsirlər edir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul açıqlamasında vergi islahatları ilə bağlı bir sənədin olduğunu deyib: “Həmin sənəddə 20-yə yaxın islahat istiqaməti var idi. Onlardan biri də ƏDV-in diferensiallaşması idi. ƏDV-nin diferensiallaşması bütün dünyada sınaqdan keçirilmiş bir alətdir, bundan istifadə olunur. Burda məqsəd müəyyən məhsullar üzrə qiymətlərin səviyyəsinin aşağı olmasına hesablanır. Adətən, 1 sabit, əlavə 1 və ya 2 diferensiallaşdırılmış dərəcə olur. Çox güman ki, əksər məhsullar üzrə Azərbaycanda hazırkı 18 faizlik səviyyə saxlanılacaq. Amma digər 1 və ya 2 dərəcə tətbiq olunacaq. Bu da uşaq qidalarına, nəşriyyat məhsullarına tətbiq olunur. Sonda kitabların, qəzetlərin, jurnalların  ucuzlaşması ilə nəticələnə bilər. Yəni, nəşriyyat işində xərcləri aşağı salacaq. Avropa Birliyi və birliyə üzv olan digər ölkələrdə də diferensiallaşdırılmış dərəcələr var. Hesab edirəm ki, bu islahat istiqaməti həm sahibkarların, həm istehlakçıların xeyrinə olacaq. ƏDV elə bir vergi sayılır ki, adətən, bu vergi sahibkardan çıxmır. Bu vergi lap sonuncu istehlakçıdan çıxır. Yəni, bir dəfə ödənilir və sonra əvəzləşdirilir lap sonda o bir dəfəni sonuncu istehlakçı ödəyir. Hesab edirəm ki, bu, yaxşı addımdır və bunun müsbət nəticələri olacaq”.
İqtisadçı hesab edir ki, ƏDV-nin diferensiallaşmasında məsələ hazırkı 18 faizlik səviyyənin artırılmasını nəzərdə tutmur: “Məsələn, Avstriyada bir sabit dərəcə var, bu da 20-dir. Bu göstəricidən əlavə 2 differensiallaşdırılmış 10 və 12 dərəcə var. Bolqarıstanda da əsas sabit dərəcə 20-dir və əksər məhsullara bu tətbiq olunur. Bundan əlavə 9 dərəcəli əlavə dəyər vergisi də var. Burda söhbət bəzi məhsullar üzrə dərəcələrin aşağı salınmasından gedir. Söhbət faiz dərəcələrinin artırılmasından getmir. Büdcənin doldurulması ilə bağlı əsas yükün biri Vergilər Nazirliyinin üzərindədir. Amma bu addım həmin öhdəliyin icrasına yönəlməyib. Əksinə, müəyyən sektorda çalışan sahibkarlara güzəştli əlavə dəyər vergisi tətbiq olunacaq. Bu da təqdirəlayiq haldır”.

Yeganə Oqtayqızı
Cebhe.info

13:31