Hökumət sosial müavinətdən də kəsir

 

Akif Nəsirli: “Sistem inzibati qaydada çalışır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumata görə, ötən illə müqayisədə sosial yardım alan şəxslərin sayı azalıb. Belə ki, ölkədə 120,3 min aztəminatlı ailənin 498,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alır və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edir. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı isə 10,7 faiz azalıb. Ancaq əhalinin gəlirlərinin aşağı düşdüyü bir dövrdə sosial müavinət alanların sayında azalmaların olması qəribə mənzərə yaradır. Qeyd edək ki, sosial müavinəti yalnız aylıq gəliri qanunvericiliklə tənzimlənən yaşayış minimumundan aşağı olan şəxslər ala bilər. Sosial müavinətlər iki il müddətində verilir. Yəni, ünvanlı dövlət sosial yardımı haqqında qanuna görə iki il müddətində təyinat aparılır. Yəni həmin vətəndaş ünvanlı dövlət sosial yardımı aldıqdan sonra da, təkrar müraciət hüququnu itirmir. Təkrar ehtiyac olarsa, vətəndaş eyni qayda ilə müraciət edərək mövcud olan şərtlərə uyğun şəkildə, eyni ardıcıllıqla prosesi yerinə yetirəcək və təyinat aparılacaq. Xüsusilə, ölkədə baş verən iki ardıcıl devalvasiyadan sonra əhalinin gəlirlərinin kəskin azalmasını, işsizliyin artdığını nəzərə alsaq, əslində sosial müavinət alan vətəndaşlarda azalma deyil, artım müşahidə olunmalıdır. Bəs sosial müavinət alanların sayının azalmasının səbəbi nədir?

İqtisadçı-ekspert Akif Nəsirli açıqlamasında bu prosesin inzibati qayda da aparıldığını deyib. Ekspert hesab edir ki, sosial müavinətlərin azalması yalnız büdcə xərclərinə qənaət etməkdən irəli gəlir: “Əslində bu məsələni dövlət məmurları izah etməlidir. Onların da özlərinin səbəbləri var ki, böhran dövrü yaşansa da, ölkə iqtisadiyyatı inkişaf edir, gəlirlər artır.Yəni, statistik rəqəmlərdən çıxış edib bu məsələni izah edəcəklər.Amma reallıq başqa məsələləri diktə edir. Bu ilin mart-aprel aylarında dövlət sosial yardımı alan vətəndaşlara qarşı kampaniya aparıldı. Vətəndaşların böyük əksəriyyətinin bu və ya digər şəkildə bəhanələrlə sosial yardımları kəsildi.Bununla bağlı kifayət qədər şikayətlər də oldu.Bu da büdcə xərclərinin azaldılması məqsədilə görülən müxtəlif tədbirlərin tərkib hissəsi idi.Hətta bir nəfərin sosial yardımı oğlunun əsgər getməsi səbəbilə dayandırılıb.Amma əslində yalnız əsgər gedənin payı dayandırılmalıdır. Digər tərəfdən ünvanlı sosial yardım düzəldilməsi çox mürəkkəb prosesdir.Əvvəllər sənəd toplanırdı, indi isə onlayn müraciətlərə baxılır.Bu da kifayət qədər mürəkkəb prosesdir və bu prosesin şəffaf olması da şübhəlidir.Şəffaflığı şübhəli olan məsələdə istənilən zaman vətəndaşı günahlandırmaq və sosial yardımını dayandırmaq çox asandır.Sosial yardımı təyin edən şəxslərin əlində müxtəlif alibiləri olur.Ona göstəriş gələndə ki, bu qədər sosial yardım dayandırılmalıdır, o, zaman həmin alibilərdən istifadə olunur.İndi də eyni qaydada büdcə xərclərinin azaldılması üçün sosial müavinətlərin bir hissəsi dayandırılıb.Səbəbini soruşanda isə bildirilir ki, tapşırıq bu cürdür.Ölkədə inkişafın, devalvasiyanın və ya digər amillərin sosial müavinətlərə təsirindən söhbət gedə bilməz.Sadəcə olaraq sistem inzibati qaydada çalışır.Ona görə də sosial yardımın azaldılması, çoxaldılması nazirliyin öz əlindədir”.

V.Muxtar

Cebhe.info

 

09:32