Hökumət qeydiyyat məsələsində süründürməçilikdən əl çəkmir

Azərbaycanda qeyri-hökumət təşkilatlarının, o cümlədən ictimai birliklərin dövlət qeydiyyatına alınması məsələsi ciddi problem olaraq qalır. Baxmayaraq ki, bu problemlə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı çoxsaylı qərarları var, amma yenə də problem həllini tapmır. Bugünlərdə Ədliyyə Nazirliyi “Insan Hüquqları və Sosial Bərabərlik İnstitutu” İctimai Birliyini qeydə almaqdan növbəti dəfə imtina edib. Bu barədə “Azadlıq”a birliyin təsisçisi və sədri Elnarə Ağayeva məlumat verib. Bildirib ki, xeyli müddətdir təsis olunmuş təşkilatın dövlət qeydiyyatına alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət olunub, amma hər dəfə bir bəhanə ilə rədd cavabı alınıb. Elnarə Ağayevanın sözlərinə görə, nazirlik bu dəfə təşkilatın hüquqi ünvanını göstərən daşınmaz əmlakla bağlı artıq sənədin olmasını imtina səbəb kimi göstərib: “Halbuki, artıq sənədi normal şəkildə geri qaytarmaq olardı. Əslində, Ədliyyə Nazirliyi texniki çatışmazlıqları aradan qaldırmaq üçün bir dəfə sənədləri geri qaytara bilər. Problem ondadır ki, bu süründürməçilik Azərbaycanda məqsədli şəkildə edilir. Bunun nəticəsidir ki, Azərbaycanda illərdir QHT-lərin qeydiyyat problemi var. Bu isə həm milli, həm də beynəlxalq qanunvericiliyə ziddir, insan haqlarının təməl prinsipi olan sərbəst toplaşmaq hüququnun pozulmasıdır”.

Elnarə Ağayeva deyir ki, Azərbaycanda bu hüquq illərdir Ədliyyə Nazirliyi tərəfindən pozulur və bu, hökumətin siyasi qərarıdır. Çünki hökumət vətəndaş cəmiyyətinin güclənməsini istəmir: “Vətəndaş cəmiyyəti güclü olan zaman şəffaflıq, hesabatlılıq, azad düşüncəyə hörmət, siyasi və iqtisadi azadlıq tələb edəcək. Bu da bizim hökumətin xoşuna gəlmir”.
Təşkilat rəhbəri onu da əlavə edib ki, problemlə əlaqədar yaxın vaxtlarda məhkəməyə müraciət olunacaq: “Təşkilatımızın qeydiyyatı üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Avropa Məhkəməsinə müraciət etmək də mümkün perpsektivlər sırasındadır”.

Aytən
(Azadliq.info)

10:04