Hökumət monopoliya qarşısında acizdir

 

Akif Nəsirli: “Bu məsələni hökumət elə səviyəyə qaldırıb ki, ona qarşı mübarizə imkanları məhduddur”

Ölkə iqtisadiyyatının bütün sahələri monopoliyanın cəngindədir. Hökumətin isə monopoliyaya hansısa formada təsir imkanları yoxdur.Son günlər ölkəmizin iqtisadi həyatında baş verən dəyişikliklər, eləcə də manatın son devalivasiyası dərhal sosial həyatımıza təsir etməyə başlayıb. Qeyri-neft sektoru ölkədə az qala iflic vəziyyətindədir. Bu illər ərzində qeyri-neft sektoru inkişaf etdirilməyib. Qeyri-neft sektorunun inkişaf etdirilməməsinin səbəbi isə Azərbaycanı virus kimi ağuşuna alan monopoliyadır. İqtisadiyyatın inkişafı üçün əsas şərt azad rəqabət mühitinin yaradılmasıdır.Maraqlıdır ki, Azərbaycanda bütün sahələrdə - təhsildə, gömrükdə, bazarda, səhiyyədə, ərzaqda, ayrı-ayrı servis sahələrində monopoliya hökmranlıq edir.Hökumət isə bunun qarşısını almaqda acizdir. Fevralın 1-də parlamentin sonuncu plenar iclasında deputat Vahid Əhmədov bildirib ki, Milli Məclisin əvvəlki iclaslarında Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçsə də, sonradan qanun layihəsi “yoxa çıxıb”. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur.Millət vəkili hesab edir ki, rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir.Yəni bu çox vacib sənəddir.Bu sənədlə monopoliyanı aradan qaldırmaq mümkün olar.

Qeyd edək ki, Rəqabət Məclləsi bütün dünyada qəbul olunub.Bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da hökumətə və parlamentə 3 hissəli “Anti-böhran Təkliflər Paketi” təqdim etmişdi.Hətta sonradan islahat paketinə baxılması ilə bağlı partiyaya bildiriş gəlib.Amma sənədə hökumət səviyyəsində baxılsa da, nəticə yoxdur.Nəticə yoxdursa, demək ki, kimlərsə bunu əngəlləyir.Buna bənzər islahat paketi hökumətə bəzi iqtisadçılar tərəfindən də təqdim edilib.
 

Maraqlıdır, hökumətin monopoliyaya hansısa təsir imkanları varmı?Yoxsa monopoliya bu təsir imkanlarını əngəlləyir?

İqtisadçı ekspert Akif Nəsirli deyib ki, monopoliya ilə mübarizə həddindən artıq çətin məsələdir: “Monopoliyada olan ölkələrin hakimiyyətinin monopoliyaya qarşı mübarizəsi demək olar ki, alınmır. Çünki əsasən o ölkələrdə monopoliya dövlət orqanları, məmurları ilə bağlıdır.Bu gün ölkəmizdə monopoliya yüksək çinli məmurların əlindədir.Dövlət məmurları birbaşa o monopoliyalara özləri nəzarət edir. O halda məsələnin həlli çətinləşir. Ümumiyyətlə, potsovet məkanında ən çox monopoliyaya qarşı ən zəif mübarizə imkanları Azərbaycandadır.Çünki artıq Azərbaycanda monopoliya sahibkar səviyyəsində deyil.Məmurlar birbaşa olaraq iqtisadiyyatın sahələrini öz aralarında bölüşdürüblər.Onlar həm monopolistdir, həm də hökumət nümayəndələridir.Belə olan halda hökumət bu sahə ilə bağlı necə mübarizə apara bilər.Bunun üçün ilk növbədə siyasi iradə lazımdır.Biz hələ bunu müşahidə eləmirik.İkincisi, buna qarşı mübarizə metodları üçün bir dövlət qurumu olmalıdır.Belə götürsək dövlətin içində xüsusi qurum yaradılmalıdır.Necə ki, hökumət ölkədə rüşvərxorluğa, korrupsiyaya qarşı mübarizə məqsədilə ASAN xidmət yaradıb, buna bənzər bir qurum yaratmaq olar.Doğrusu, həmin qurumun necə fəaliyyət göstərəcəyini təsəvvür edə bilmirəm.Yəni indiki şəraitdə Azərbaycan hökumətinin monopoliyaya qarşı mübarizə immuniteti çox aşağı səviyyədədir.Bunun üçün hansı metodlardan istifadə etməyin nələrdən ibarət olduğunu da demək çətindir.Bu məsələdə düşüncələrim acizdir.Bu məsələni hökumət elə səviyəyə qaldırıb ki, ona qarşı mübarizə imkanları məhduddur”.

Ekspertin sözlərinə görə, monopoliyanı yox etmək üçün hökumət özünə qarşı mübarizə aparmalıdır: “Məsələn, prezident öz komandasına qarşı mübarizə aparmalıdır. Sovet məkanında Qazaxıstanda monopoliyaların əhatə dairəsinin kiçildilməsi məsələsi qoyuldu və uğurla nəticələndi.Monopoliya faizlə ölçülmür.Məsələn, Qazaxıstanda monopoliya iqtisadiyyatın 60 fazini, Rusiyada isə 60-70 faiz əhatə edir.Potsovet məkanı olan ölkələr bu faizlərə enməyə başladı.Amma Azərbaycanda mən elə bir rəqəmə rast gəlməmişəm ki, məsələn monopoliya müəyyən faizlə göstərilir.Bunu deyən də yoxdur.Çünki Azərbaycanda monopoliya 99 faizə yaxındır.Ona görə ölçülmür ki, bu rəqəm bir qədər hökumətin reytinqini aşağı salmış olar.İqtisadiyyat tam şəkildə monopoliyanın altındadır”. Monopoliya ilə mübarizədə hökumətə təqdim edilən islahat paketlərinə gəlincə, Akif Nəsirli qeyd edib ki, layihə hazırlamaq çox asandır: “Dünyanın bununla bağlı standart layihələri də var. Söhbət ondan gedir ki, hökumətin bütün komandası oliqarxlardan ibarətdir. Monopolistlərə qarşı necə və kim mübarizə apara bilər? Hökumət aparmalıdır... Monopoist də hökumətin özüdür.Belə çıxır ki, hökumət özü-özünə qarşı mübarizə aparmalıdır.Layihə kağızdır, amma bu kağızı reallaşdırmaq üçün şərait yoxdur.Hesab edirəm ki, öz-özünə mübarizə aparmaq isə mümkün deyil.Əgər mən nazirəmsə, təbii ki, şəxsi, korporativ maraqlarımı dövlət maraqlarına qurban verməyəcəm.Əslində reallıq bundan ibarətdir”.

Alçina Amilqızı

Cebhe.info

 

06:27