Hökumət bizə köhnə ərzaqlar yedizdirəcək - YENİ QAYDA

 

Eyyub Hüseynov: “Qida təhlükəsizliyi ilə bağlı məsələ tamamilə DİN-in nəzarətinə verilməlidir”

Azərbaycanda ət məhsulları ilə bağlı standartlara dəyişiklik edilir. Beynəlxalq standartlar milli standartlara uyğunlaşdırılır. Bunun üçün ət məhsulları istehsalçılarının xahişi ilə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən işçi qrupu yaradılıb və milli standartlarda olan boşluqlar araşdırılıb. Komitənin sözçüsü Fazil Talıblı bildirib ki, kolbasa və sosislərin tərkibinə əlavələrin edilməsi onun saxlama müddətinin artmasına da səbəb olacaq: “Əvvəllər kolbasanın tərkibinə tərəvəzlərin kök, çuğundur, göyərti və müxtəlif məhsulların vurulmasına standartlar yol vermirdi. Ekspertlər tərəfindən beynəlxalq praktika araşdırıldı müəyyən olundu ki, bəli, xaricdə ət məhsullarının tərkibinə bu cür tərəvəz məhsullarının vurulmasına yol verilir. Bunu Azərbaycan niyə etməsin?” Qurum sözçüsü onu da qeyd edib ki, kolbasa və sosislərin tərkibinə əlavələrin edilməsi, onun saxlama müddətinin artmasına səbəb olacaq: “Kolbasa məmulatlarının saxlanması tutaq ki, 3, 6 və ya 8 ay göstərilirsə, xammallar artırıldıqdan və tərkib dəyişdirildikdən sonra məhsulların saxlanma müddəti artırılacaq. Həmçinin xarici bazarda keyfiyyətini saxlamaqla rəqabət qabiliyyəti yüksələcək”.

Fazil Talıblının sözlərinə görə, Azərbaycanda istehsal edilən kolbasa və sosislərin ixrac edilə biləcəyi ölkələr də məlumdur: “Əsasən qonşu ölkələrin bazarına xüsusən İrana və MDB-yə ət məhsulları ixracı təşəbbüslərinin olduğu bilindi. Standartlara edilən dəyişikliyin iyunun 15 -nə kimi qəbul və tətbiq ediləcəyi gözlənilir”.

Ölkədə son vaxtlar ərzaq bazarında ət qıtlığı yaranıb. Ekspertlər hesab edirlər ki, hökumət ət məhsullarının saxlama müddətini uzatmaqla ət bazarında qıtlığı kompensasiya etməyə çalışır. Bundan istifadə edən işbazlar vaxtı keçmiş kolbasa və sosiskaları bazara çıxara biləcək. Qarşıdan yay aylarının gəldiyini nəzərə alsaq, deməli, bu da zəhərlənmə hallarının baş verməsinə səbəb olacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bunu hər hansı məqsədlə edirlərsə, etsinlər, birmənalı şəkildə ərzaq mallarının yararlılıq müddətinin artırılmasının qəti əleyhdarıdır: “Uzun illərdir ki, ərzaq malları istehsalçıları mənə müraciət edirlər ki, yığılıb bir protokola imza atıb ərzaq mallarının yararlılıq müddətini uzadaq. Bir dəfə də olsun bu cür toplantıda iştirak etməmişəm. Çox təəssüflər olsun ki, bəzi alimlər və texnoloqlar pul xatirinə bu işə cəlb olunub. Bütün məqsədim odur ki, ərzaq mallarının yararlılıq müddəti minimuma endirilsin. Ölkədə yararlılıq müddəti 4 gün olan və şüşə qablara qablaşdırılmış süd çıxarılan gün elə bildim ki, dünyanın ən xoşbəxt adamıyam. Həmin süd indi də satışda var. İstehsalçı öz üzərinə məsuliyyət götürməlidir, malın yararlılıq müddətini qısa etməlidir. Bu gün bazarlarda aylarla yararlılıq müddəti olan qaymaq, süd, qatıq, kolbasa və sosiskalar görürük. Hətta yerli istehsalçılar bəzi malları ümumiyyətlə, ölməz ediblər. Yaxın vaxtlarda keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etdim. Orada belaruslarla, gürcülərlə böyük mübahisəm oldu. Belə ki, araqların yararlılıq müddətini sonsuz qoyublar. Yaxınlarda Milli Məclisə müraciət etdim ki, seqmentlərin yararlılıq müddəti müəyyən edilsin, yəni sonsuz olmasın. İnsan əlilə yaradılan hər şey sonlu olmalıdır. Bu tendensiyanın qəti əleyhinəyəm. Nə məqsəd güdürlərsə, güdsünlər, bu, istehlakçı hüquqlarına ziddir və onları zəhərləyən bir tendensiyadır. Bütün qərarlar istehlakçının xeyrinə olmalıdır”.

AİB sədri onu da vurğulayıb ki, yararlılıq müddətinin artırılması işini daim anti-reklam edəcək: “Bir tərəfdən təhlükəli ət məhsulları ifşa olunur, digər tərəfdən Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi deyir ki, it, at, eşşək ətini satmaq olar, ancaq bir şərtlə ki, üstündə adları yazılsın. Yəni, qanunla qadağan olunmuş hər şeyi etmək olar. Buna etirazımı bildirirəm, bu, düzgün mövqe deyil. 1982-ci ildə SSR-də ət qıtlığı oldu, heç onda da belə bir tendensiya olmamışdı. Digər paradoksal vəziyyət odur ki, 1 ton mənşəyi məlum olmayan əti DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ifşa edir, cinayət işi qaldırır. Yəni, işin hüquqi nəticəsi olur. Lakin Baytarlıq idarəsi bunu etmir, cərimələyib buraxır. Əgər həqiqəti axtarırlarsa, nə üçün dövlət qurumlarının biri başqa, digəri başqa cür addım atır? Buna görə də hesab edirəm ki, qida təhlükəsizliyi ilə bağlı məsələ tamamilə DİN-in nəzarətinə verilməlidir. Bu sahədə ciddi problemlər yaşanır. Ölkə başçısı bu ilin fevralında imzaladığı fərmanla Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Böyük ümidlərlə həmin agentliyə baxıram. Əgər o agentlik şəffaf işləyərsə, ictimai nəzarət olarsa və ya qohum-əqrəbalar üçün iş yerinə çevrilməzsə, bəlkə onda vəziyyət düzələr”.
 

Hazırda Azərbaycanda istehsal olunan kolbasa və sosiskaların tərkibi beynəlxalq standartlara cavab verirmi?

 

Eyyub Hüseynovun sözlərinə görə, bütün hallarda yerli kolbasa və sosiska məhsulları xaricdən gətirilən məhsullardan üstündür: “Çünki ekoloji təmizlik var. 2011-ci ildə ABŞ-ın bizə müraciəti əsasında AİB dünyada ilk təcrübəni etdi. Qida təhlükəsizlik nişanını qeydiyyata aldırdı. Azərbaycanda qida təhlükəsizliyinə uyğun kolbasa istehsal edən bir neçə şirkətə bu nişanı şamil etmiş. “SAB”, “Zəhmət Ruzi” və “Sevimli Dad” şirkətləri təhlükəsiz mal istehsal edir. Ümumi götürdükdə yerli kolbasa istehsalçılarının bir çoxu kiçik sexlərdir. Məlum olub ki, “Elba” kolbasa sexi murdar ətlərdən istifadə edir. Bazarda təxminən 30 faiz standarta uyğun kolbasa məhsulları var”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

11:01