Həmvətənlərimizin əsərləri Luvrda “Art shopping” sərgisində

 

İyunun 9-da Luvr muzeyinin Karusel salonunda 20-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi öz qapılarını sənətsevərlərin üzünə açıb. Bu il sərgidə 15 ölkədən 400 rəssam iştirak edir. Ölkəmiz Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli və İrradiyyət Mirzoyeva kimi rəssamlar, həmçinin “Dəbz”, “deCamie” və “Can” atelyeləri ilə təmsil olunur.

Əməkdar rəssam Əsmər Nərimanbəyova sərgidə nümayiş olunan əsərlərində miniatür mövzulardan istifadə edib. Rəssamın əsərləri milli elementlərlə zəngindir və ekspressionist janrdadır. İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərləri artıq beşinci ildir Luvr muzeyinin Karusel sərgi salonunda sənətsevərlərin qəlbini oxşayır.

Fransız incəsənət həvəskarları qarşısında öz əsərlərini dəfələrlə sərgiləyən istedadlı gənc rəssam Məryəm Ələkbərli həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tablolarda əks etdirir. Məryəmin rənglər dünyası onun seçimini, dünyaya baxışını, təbiətsevərliyini, insanlara münasibətini, mövzu axtarışını duymağa imkan verir. Gənc rəssam daxili aləmini incəliklə ağ kətan üzərinə köçürür. Sərgidə gənc rəssamın “Qaraçı”, “Gül dəstəsi”, “Həyat ağacı” kimi əsərləri nümayiş olunur.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva əsərlərini MDB çərçivəsində nümayiş etdirsə də, bu, onun Avropa məkanında ilk sərgisidir. O, əsasən impressionist janrda mənzərələr çəkib. Rəssamın “Azərbaycan təranələri”, “Cənnətdən cəhənnəmə”, “Kaspi”, “Şəhərimiz”, “Şollar” və ölkəmizdə keçirilmiş İslamiadaya həsr edilmiş əsərləri nümayiş olunur. Əsmər Nərimanbəyovanın yetirməsi İrradiyyə Mirzoyeva isə əsasən qədim mis qablarımızı çəkib. Elnarə Debirboeti “Art shopping”də “Dəbz” aksessuarlar sərgisi ilə iştirak edir. “Dəbz” aksessuarları artıq dünyanın bir çox ölkələrində tanınır. Sərgilənən aksessuarlar müasirliyi ilə ziyarətçilərin diqqətini cəlb edib. “Can” və “deCamie” atelyeləri də baş örtükləri və aksessuarları ilə sərgidə iştirak edirlər. “Art shopping”in ilk günündə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov və UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov, eləcə də Parisdə yaşayan Azərbaycan icmasının üzvləri həmvətənlərimizin stendlərini ziyarət ediblər.

Xudaferin.eu
“Avropa Bürosu”

11:02