Həlak olan neftçilərin ailəsi hökumətdən kömək umur

 

 «2016-cı il dekabrın 15-də Neft Yığımı Məntəqəsində baş verən qəzada həlak olan Ələt qəsəbə sakini Güloğlan Zülfüqarovun oğlanlarından birinə iş verilib. 300-400 manat maaş alır».

 

Bunu G.Zülfüqarovun bacılarından biri AzadlıqRadiosuna bildirib. Amma onun fikrincə, təkcə bu addımla kifayətlənmək olmaz. Çünki mərhumun 8 uşağı var. Mərhum neftçinin bacısı qardaşının digər övladlarının da işlə təmin edilməsinin vacibliyini bildirir: «Qardaşımın evi pis haldadır. Bu ailəyə ev lazımdır. Uşaqlardan biri xəstədir. Yağış yağanda, evin içinə damır. Nəm evdə xəstə uşaq necə yaşaya bilər?».

G.Zülfüqarovun bacısı həmin qəzada başqa bir qardaşı Azay Zülfüqarovun da itkin düşdüyünü deyir. Onun bildirməsinə görə, A.Zülfüqarovun ailəsinin də yardıma ehtiyacı var. Novruz bayramı ilə bağlı iş günü olmadığından neftçi ailəsinin bu istəyinə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) münasibət almaq mümkün olmayıb.

 

XATIRLATMA

2016-cı il dekabrın 15-də səhər saatlarında N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın bir hissəsinin və onun üzərindəki budkanın dənizə uçması ilə 10 nəfər neftçi dənizə düşüb. Onlardan birinin meyiti həmin gün tapılaraq ailəsinə təhvil verilib. 9 neftçinin itkin düşdüyü açıqlanıb. Daha sonra isə 5 neftçinin meyiti aşkar edilərək sahiblərinə verilib. Qalan neftçilər hələ də rəsmən itkin sayılır. Güloğlan Zülfüqarovun meyiti də martın 20-si tapılıb. Müayinədən sonra, martın 22-si ailəsinə təhvil verilib.

Azadliq.org

14:32