Hesablama Palatası oliqarxlara “uduzur”: Yoxlama var, nəticəsi yox

 

Akif Nəsirli: “Palata heç bir təsirə malik olmayan qurumdur”

Hesablama Palatasının müxtəlif qurumlarda apardığı yoxlamaların nəticəsi haqqında verdiyi məlumatlardan belə görünür ki, bu gün bir çox qurumlarda dövlət vəsaitinin mənimsənilməsi halları baş verir.Ötən aylarda Hesablama Palatasının yaydığı məlumatlarda göstərildi ki, 14 İcra hakimiyyətində büdcə vəsaitinin mənimsənilməsi faktı qeydə alınıb.Sonradan Palata bu hesabatları Milli Məclisə təqdim etdiyini bildirdi.Qanunvericiliyə görə Milli Məclisin araşdırmalarından sonra bu yöndə müvafiq tədbirlər görülməli idi.

Qeyd edək ki, İcra hakimiyyətlərindən öncə Mədəniyyət və Turizm Nazirliyində və digər büdcə təşkilatlarında eyni hal müşahidə olunmuşdu.Ancaq nəticədə heç bir cəza tədbiri görülmədi.Adları çəkilən İcra hakimiyyətləri yenə də eyni qaydada fəaliyyət göstərir. Ötən gün isə Hesablama Palatasının Kollegiya iclası keçirilib. Palatadan verilən xəbərə görə iclasda 2017-ci ilin iş planı üzrə həyata keçirilmiş aşağıdakı nəzarət tədbirlərinə dair hesabatlar müzakirə olunub:  - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair; Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair. Məlumata görə, kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub.Bu günə qədər Palatanın verdiyi hesabatların aqibətinin şahidi olmuşuq.Bundan sonra da bütün göndərilən sənədlərin aqibəti məhz bu cür olacaq?Yəni, aşkarlanan qanunsuzluqlarla, dövlət vəsaitinin mənimsənilməsilə bağlı heç bir tədbir görülməyəcək.Belə olduğu halda maraqlı sual yaranır, cəza yoxdursa bu hesabatlar və Hesablama Palatası nəyə lazımdır?
İqtisadçı-ekspert Akif Nəsirli açıqlamasında deyib ki, Hesablama Palatası görüntü xatirinə işləyən qurumdur. Onun sözlərinə görə, bu gün fəaliyyət göstərən bir çox qurumlarda eyni hallar müşahidə olunur: “Bu quruma ehtiyac duyulması, fəaliyyət göstərməsi təkcə hökumətin tələbatından irəli gəlmir. Azərbaycanın bütün daxili və xarici strukturları hökumətin törəməsi olduğu üçün daxildə baş verən neqativ proseslər xaircdə də baş verir.İstər Gürcüstanda, istər Fransa, istər digər dövlətlərdə fəaliyyət göstərən Azərbaycan səfirliyində bu cür neqativ hallar müşahidə oluna bilər.Hökumətin xisləti orda görülməlidir.Hesablama Palatasının fəaliyyət göstərməsi isə həm də beynəlxalq öhdəliklərdən irəli gəlir.Bütün demokratik, inkişaf etmiş, sivil ölkələrdə buna bənzər qurumlar fəaliyyət göstərir.Ancaq Avropa ölkələrinin analoji qurumları Azərbaycanda olduğu kimi fəaliyyət göstərmir.Onlar şəffafdır və təqdim etdikləri hesabatlar ciddi şəkildə araşdırılır.Bütün neqativ hesabatlar açıq və tam şəkildə təqdim olunur.Ancaq Azərbaycanda təkcə Hesablama Palatası deyil, bir çox qurumlar eyni vəziyyətdədir”.

Sonda ekspert vurğulayıb ki, hazırda Hesablama Palatası heç bir təsirə malik olmayan qurumdur: “Digər bir çox qurumlar da bu qəbildən olan təşkilatlardır. Elan olunan yeyinti faktları isə əslində baş verənlərin cəmi 3-5 faizidir.Bu isə ona hesablanıb ki, Hesablama Platası da fəaliyyət göstərir və güya lazımlı qurumdur.Yəni, bu Hesablama Palatası qeydiyyat, görünüt üçün fəaliyyət göstərən qurumdur.Buna görə Hesablama Palatasının yoxlamaları, təqdim etdiyi faktlar da elə məhz görüntü xarakterlidir”.
 

Vilayət Muxtar

Cebhe.info

 

09:42