"Həbslər də monopoliya kimi idarəçilik üsuludur"

 

Son günlər ictimai fəallarınard-arda həbsləri baş verir. Hamısı da polisə müqavimət ittihamı ilə. Adətən ölkədə və ya beynəlxalq aləmdə ölkə ilə bağlı mühüm hadisə baş verməmişdən öncə hakimiyyət göz qorxutmaq üçün belə həbslər aparır. Bu dəfə səbəb nədir?

Hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, həbslər avtoritar ölkələrdə korrupsiya, monopoliya kimi idarəçilik üsuludur, sistemi qoruyub saxlamaq vasitələrindən biridir. Onun sözlərinə görə, nə qədər ki, hakimiyyət avtoritardır, həbslər olub və olacaq. Hüquq müdafiəçisinin fikrincə, həbslər iki cür olur: Hakimiyyətin özü üçün ciddi saydığı təhlükələrlə bağlı həbslər – bunlar bir qayda kütləviliyi ilə seçilir və ağır işgəncələrlə müşayiət olunan cinayət təqibləri formasında bürüzə verir: QHT liderlərinin, jurnalistlərin, ayrı-ayrı müxalif siyasi partiyaların, dindarların, hakimiyyətin öz içində ona təhlükə yaradan qrupların haylı-küylü cinayət işləri kimi. Və bir də var profilaktik xarakterli həbslər və ya digər formada təzyiqlər.

İntiqam Əliyev düşünür ki, son həbslər və repressiyalar daha çox profilaktik xarakterlidir. Onun fikrincə, qarşıdan yaz gəlir, şaxtalı qışdan birtəhər salamat çıxmış toplumun canına isti dəydikcə yenidən canlanacağı ehtimalı var. Hüquq müdafiəçisi həm də onu bildirir ki, ölkədə iqtisadı durum ağırlaşmaqda davam edir, etirazlar təhlükəsi həmişə qalır. Onun fikrincə, hakimiyyətin həm iqtisadi maraqları, həm beynəlxalq reabilitasiyası və reklamı üçün önəmli saydığı bir sıra beynəlxalq tədbirlər gözlənilir. İntiqam Əliyevin sözlərinə görə, hakimiyyət dünyaya çatdırmaq istəyir ki, Azərbaycan xalqı ilə hakimiyyət monolitdir, bu tədbirlərə sevinir, birinci ledinin ölkənin birinci-vitse prezident olmasından çox xoşbəxtdir.

Hüquq müdafiəçisi qeyd edir ki, ötən illərin təcrübəsi göstərir ki, belə tədbirlər ərəfəsində ölkəyə maraq, beynəlxalq diqqət artır, bu isə son illərdə hakimiyyətin qanını əməlli-başlı qaraldan kampaniyalar, xarici mediada çoxsaylı tənqidi yazılar və hakimiyyət üçün xoşagəlməz digər aksiyalarla müşayiət olunur. İntiqam Əliyevin fikrincə, hakimiyyət anlayır ki, ölkənin ciddi iqtisadi və sosial problemlərlə üz-üzə qaldığı dövrdə bu cür tədbirlər insanlarda daha çox qıcıq doğurur və bütün bu amillər üst-üstə dairəsi getdikdə genişlənən narazı elektoratda katalizatora çevrilə bilər. “Ona görə, ölkədə olanlardan kimlərisə tuturlar, kimlərisə döyürlər, xaricdə olanların qohum-əqrəbasını polisə çağırıb təhdid edirlər və s. və i.” – hüquq müdafiəçisi qeyd edir. Həmçinin bildirir ki, son həbslər də qorxudan qaynaqlanır və daha çox da toplumu qorxu altında saxlamaq məqsədi güdür.

Onun sözlərinə görə, hakimiyyət bilsə ki, heç kimi tutmasa, döyməsə, oğurlamasa xalq dinc oturacaq, bunları etməz. İntiqam Əliyev deyir ki, hakimiyyət buna arxayın deyil, öz xalqını yaxşı tanıyır, ona görə ehtiyatı əldən vermir.

Azadliq.org

09:27