Əhalinin pay torpaqları geri alınır? - Fermerlərə xəbərdarlıq edildi

 

Akif Nəsirli: “O torpaqlardan səmərəli istifadə edilmir”

Artıq kənd əhalisinə pay torpaqlarının istifadə olunması ilə bağlı bildiriş paylanılır. Tələb olunur ki, boş qalmış pay torpaq sahələri əkilsin. Əks halda, torpaq sahibi cərimə olunacaq və vergi alınacaq. “Vergi Məcəlləsi ”nə əsasən kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə vergilər 100 kvadratmetrə görə 2(iki) manat müəyyən olunmaqla hesablanaraq dövlət büdcəsinə ödənilməlidir. İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslərə 500 manat, vəzifəli şəxslərə isə 1000 manat cərimə nəzərdə tutulur.

Həmin bildirişdə cərimələrin də tətbiq olunacağı barədə məlumat verilir
 

“Əkin yerlərinin başqa məqsədlərdə istifadə edilməsi inzibati və cinayət məsuliyyəti yaradır. Özündə böyük cərimə məbləğini nəzərdə tutur. Bütün bunlarla yanaşı torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma, hətta cinayət məsuliyyətinə səbəb olur”. Bildirişin sonunda isə belə yazılır: “Qeyd olunanları nəzərə alaraq mülkiyyətinizdə olan torpaq sahələrindən düzgün, səmərəli istifadə olunması, müxtəlif növ əkin aparılması və ərzaq bolluğuna töhfə verməyiniz tələb olunur. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq barənizdə tədbirlər görüləcəkdir”.

Maraqlıdır, pay torpaqlarının geri alınıb yenidən bölgüsü mümkündürmü?
 

İqtisadçı Akif Nəsirli açıqlamasında, bu tendensiyanın geniş şəkildə pay torpaqlarının sərbəstləşməsinə, dövlətləşdirilməsinə səbəb olacağını güman etmədiyini bildirib: “Bu gün yuxarı instansiyalarda pay torpaqlarının boş saxlanması məsələsi mütəmadi gündəmə gəlir. Amma bölgələrdə, xüsusən də kənd rayonlarında o qədər də çox əkilməyən torpaq sahəsi yoxdur. Bu kimi torpaqlardan başqa məqsədlər üçün istifadə edilir. Bəlkə də çox az miqdarda pay torpaqlarından istifadə edilmir. Bu da ona görədir ki, yararsızdır. Ona görə də bu gün kənd əhalisinə heç kim sübut edə bilməz ki, pay torpağından istifadə etmir. Həmin sahələrə ən azı çoxillik otlar əkilir və yaxud başqa şəxslərə icarəyə verilir. Bu gün yararlı torpaqların boş qalması faktına çox nadir hallarda rast gəlinir. Sadəcə, problem ondadır ki, o torpaqlardan səmərəli istifadə edilmir. Bu üsulla kəndlini torpağa bağlamaq yaxud geniş torpaq sahələrini kəndlidən alıb yenidən dövlət fondu yaratmaq və.s. bunlar mümkün olan iş deyil. Gərək hökumət kənd əhalisinin şərləyib torpağı əlindən alsın. Əks halda, sübut etmək olmaz ki, kəndli pay torpağından istifadə etmir”.

“Hökumət mənfi istiqamətə meyillənir”

 

Ekspert onu da qeyd edib ki, heç kəs yararlı torpağını boş saxlamır: “Ən azı ondan yaralanmaq istəyir. Sadəcə, ondan səmərəli yararlanmaq üçün şərait yoxdur. Bu gün hökumət daha çox onun üstünə düşməlidir ki, nə etsə, kəndli üzərinə düşən pay torpağından daha səmərəli istifadə edər? Daha düşünməli deyil ki, əhalidən pay torpaqlarını geri alsın. Yəni, özəlləşmiş torpağı dövlət fonduna qaytarır. Bu, yeni tendensiya deyil. Kəndlini torpaqdan uzaqlaşdırmaq istiqamətində düşünmək lazım deyil. Düşünmək lazımdır ki, necə etsək, kəndli torpağı əkib-becərər, daha səmərəli olması üçün öz pay torpaqlarını birləşdirər, özləri könüllü şəkildə korporasiyalar yaradar?! Təcrübə göstərir ki, geniş torpaqlardan daha səmərəli istifadə edib, daha çox gəlir əldə etmək olur. Kəndli bunu bilir, sadəcə olaraq onlara şərait yaratmaq lazımdır, onlar inanmalıdır ki, əkdikləri məhsul əldə qalmayacaq, bazarları olacaq. Çox təəssüf ki, Azərbaycan hökuməti bu məsələdə çox mənfi istiqamətə meyillənir. Bununla müsbət nəticə əldə etmək olmur”.

Yeganə Oqtayqızı
Cebhe.info

 

07:30