Əhali üçün yeni “oyun”: Köhnə avtomobillər bu bəhanə ilə əlimizdən alınacaq

 

Ərşad Hüseynov: “Nasaz avtomobillər texniki baxışdan keçməməlidir”

 

Artıq texniki nasaz olan avtomobillər dövlət qeydiyyatına alınmayacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərkən məlumat verib.

K.Əliyev bildirib ki, qanunvericiliyə əsasən, indiyə qədər avtomobil nasaz olsa da qeydiyyata alınmalı idi: “Qanunvericilikdə texniki vəziyyətindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması göstərilirdi. Avtomobil texniki cəhətdən nasaz olsa da, onu qeydiyyata almamağa səlahiyyətimiz yox idi. Bu dəyişiklik onu göstərir ki, nəqliyyat vasitəsi texniki baxışdan keçməmiş avtomobildirsə, texniki cəhətdən nasazdırsa, qeydiyyata alınmayacaq. Avtomobilin yeni sahibi isə nəqliyyat vasitəsini texniki nasaz vəziyyətdə istifadə edə bilməyəcək. Avtomobil yalnız saz vəziyyətə gətiriləndən sonra qeydiyyata alınacaq”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Məsələni şərh edən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, burada qeyri-adi heç nə yoxdur: “Bu, xüsusi əhəmiyyət daşımır. Birincisi, qeydiyyata nasazlığı olan bütün avtomobillər yox, yalnız sükan idarə mexanizmi və tormoz sistemləri nasaz olanlar qeydiyyata alınmayacaq. İkincisi də ümumiyyətlə, qeydiyyata alınmayacaq. Yəni, həmin avtomobili almaq istəyənə sürücüyə başa salınacaq ki, nasaz detallar təmir olunsun, sonra qeydiyyata alınsın. Əlavə olaraq avtomobillərin dövlət texniki baxışı var. Bu texniki baxışdan keçəndə nasaz olan avtomobil texniki baxışdan keçməməlidir.

Sürücüyə xəbərdarlıq edilməlidir ki, həmin avtomobili idarə etməsin. Bu avtomobilləri addan ada keçirəndə sürücülərlə polis arasında mübahisə yaranır. Yeni qayda həmin mübahisəni həll etmək üçündür. Burada başqa məqsəd yoxdur”. Ekspert qeyd edib ki, yeni qaydaların sovet avtomobillərinə heç bir aidiyyəti yoxdur: “Nasaz avtomobillər texniki baxışdan keçməməlidir. Alqı-satqı olan zaman qanuna əlavə olunan dəyişiklik ortaya çıxa bilər. Əgər alqı-satqı yoxdursa, avtomobili kim idarə edirsə, onu yenə də idarə edəcək. Burada xüsusi yenilik yoxdur”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:25