“Hakimiyyət böhranın "yükü"nü aztəminatlı və həssas qrupların üzərinə qoyur” - ADR bəyanat yaydı

Bir neçə gün əvvəl prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalamışdı. Fərmanda qeyd olunurdu ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilsin.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı təşkilatı bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: ”Hər bir sivil dövlət böhran və müharibə dövründə aztəminatlı və həssas qrupların qayğısına qalmaq üçün müxtəlif sosial, kommunal, nəqliyyat, tibbi, təhsil güzəştləri tətbiq edir. Burda məqsədlərdən biri onların yaşayışını minimum səviyyədə təmin etmək olsa da, digəri də cəmiyyətdə təhlükəsizlk üçün potensial riskləri aradan qaldırmaqdır. Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi pozmağa daha meylli olurlar. Çünki böhranın daha çox "vurduğu", işsizliyin "qurbanlar"ı yoxsullar olur. Bunu nəzərə alan sivil dövlətlər böhran dövrlərində aztəminatlı və həssas qrupların sosial təminatını əlavə dəstək paketləri hesabına daha da gücləndirirlər. Azərbaycanda isə, əksinə, mövcud hakimiyyət böhranın "yükü"nü aztəminatlı və həssas qrupların üzərinə qoyur.
ADR Hərəkatı 2017-ci ilin dövlət büdcəsinin parlament müzakirəsi başlamamışdan öncə məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı ayrılan vəsaitin onların artan xərclərinin qarşılamasına yetərli olmayacağına dair öz narahatlğını mətbuat vasitəsilə ifadə etmişdi. Təəssüf ki, bu narahatlığı büdcənin parlament müzakirəsində hətta məcburi köçkün rayonunu təmsil edən Məclis üzvləri belə bölüşüb, mövqe bildirmədilər. Hakimiyyət də son zamanlar aztəminatlı təbəqənin sosial təminatını gücləndirmək əvəzinə onların həyat şəraitini daha da ağırlaşdıran siyasət həyata keçirir. Bu günlərdə prezidentin imzaladığı fərmanla 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün hər ay 36 manat məbləğində müavinət müəyyən edilib. Əgər bu müavinət yalnız yemək xərcləri üçün nəzərdə tutulsa idi, onda o ədalətli hesab oluna bilərdi. Çünki son 2 ildə sürətlə artan ərzaq və dərman peraparatlarının qiymətləri məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinətin artırılmasını onsuz da zərurətə çevirmişdi. İndi məcburi köçkünlərə veriləcək 36 manatlıq vahid aylıq müavinət nəinkionların yemək xərcini ödəməyəcək, üstəlik də tarifləri bahalaşan qaz, elektrik enerjisi və digər kommunal xərclərin qarşısında çarəsiz duruma salacaq. Məcburi köçkünlərin bu ilə qədər adambaşına ay ərzində 150 kVt/saat elektrik enercisindən, qış aylarında 45 kub metr, yay aylarında 25 kub metr olmaqla təbii qazdan pulsuz istifadə etmək hüququndan məhrum edildiyini nəzərə alaraq bildiririk ki, onlara bütün xərclərini ödəmək üçün ayda 36 manatın ayrılması bu sosial qrupa daxil olan böyük əksərriyyətin həyat şəraitini daha da pisləşdirəcək. Xususilədə yataqxana və yarımçıq binalarda yaşayan məcburi köçkünlərin yeganə istilik mənbəyi olan elektirik enerjisindən hökumətin müəyyən etdiyi ayıq limitdən çox istifadə etməsi qaçılmaz olduğundan məcburi köçkünlərin etirazları qaçılmaz olacaq. ADR Hərəkatı hesab edir ki, son fərmanla Nazirlər Kabinetinin vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti müəyyən edərkən onların sayını azaltmaq üçün məcburi köçkünlərin bir hissəsini bu siyahıdan çıxartması da ciddi narazılıq doğuracaq. 24-25 il bundan əvvəl yurdundan didərgin düşən məcburi köçkünlərin bir ailə üzvünə məxsus evdə məskunlaşması onun bu statusdan məhrum edilməsi üçün əsas sayıla bilməz!
ADR Hərəkatı hakimiyyəti malik olduğu imkanlardan və səlahiyyətlərdən doğru düzgün istifadə edərək hazırkı böhran dövründə xalqın, xüsusilə də aztəminatlı və həssas qrupların sosial təminatını əlavə dəstək paketləri hesabına daha da gücləndirməyə çağırır. Əks halda baş verə biləcək hadisələrə görə bütün məsuliyyət hakimiyyətin üzərinə düşür”.

Xudaferin.eu

12:18