Hakim partiyanın icra başçısı namizədləri arasında azərbaycanlı olmayacaq

 

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Borçalı bölgəsinin icra başçıları vəzifələrinə namizədləri məlum olub.

Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani rayon icra hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsinə Amiran Qiorqadze, Bolnisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin namizədliyi irəli sürülüb.
Siyahıdan da göründüyü kimi hakim partiyanın Borçalı bölgəsinin ən yüksək vəzifələrinə təqdim etdiyi namizədləri arasında azərbaycanlı yer almayıb.

Ermənilərin sıx yaşadığı Ahısqa (Samtsxe Cavaxetiya) bölgəsində isə “Gürcü arzusu” icra başçıları vəzifələrinə iki erməni əsilli vətəndaşın namizədliyini irəli sürüb. Bunlar Axalkalaki və Ninotsmind şəhərlərinin meri vəzifəsinə namizədlər İurik Unanyan və Anivard Mosoyandır.

Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. Beləliklə də Gürcüstan hakimiyyətinin ölkədə əhalinin etnik mənşə baxımından ikinci ən böyük sayı olan Azərbaycan Türklərinə olan münasibəti beləcə davam etməkdədir. Bu problemin davam etməsinin digər səbəbi isə, Azərbaycan Türklərinin Gürcüstanda yerli icra strukturlarında iştirak baxımından fəal olmamasındadır.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

13:53