Hadi Qaraçay: Güneydə türkcə yazıb-oxumaq kütləviləşib, amma sistemləşməyib

 

Əslən Güney Azərbaycandan olan şair və çevirici Hadi Qaraçayın sözlərinə görə Güney Azərbaycanda türk dilində yazıb oxumaq kütləviləşsə də, sistemli şəkildə toplum daxilində oturuşmayıb. O, “Amerikanın Səsi” radiosu ilə söhbətdə türk dili ilə bağlı kampaniyalar, o cümlədən, İran dövlətinə yönləndirilən ana dilində təhsil tələbini dəyərləndirib.

“Güney Azərbaycanın daxilində dil baxımından sistemli əritmə siyasəti yürüdüldüyü üçün, mən orada həyata keçirilən hər bir hərəkəti birmənalı olaraq müsbət dəyərləndirirəm. Orada olan hər hansı hərəkət dirəniş, dayanışma, yoldaşlıq və birlikdə olma mühiti yaradırsa dəyərlidir və ona qiyməy verməliyik,” Hadi Qaraçay deyir.

Dövlətə səslənmək bir tərəfdən də xalq üzrəində təsir göstərir və onlara öz hüquqlarını tanıtdırır. Belə bir atmosfer yaradır ki, dövlətdən tələb etmək olar və biz bu haqlarımızı dövlətdən istəyə bilərik.

Norveçdə yaşayan fəal ölkə daxilində fəaliyyət göstərən fəalların kampaniyalar təşkil edib İran dövlətindən ana dilində təhsil haqqını tələb etmələrini doğru və gərəkli bir hərəkət kimi dəyərləndirir. Ancaq o, ölkə xaricində qərargahlanan siyasi təşkilatların oxşar fəaliyyətlərinə fərqli yanaşır.

“İçəridə bizim siyasi təşkilatımız yoxdur. Orada olanlar əsasən milli-mədəni fəallar ya fərdi fəaliyyət edən siyasi fəallardır. Onların dövlətə səslənməsində heç bir yanlışlıq görmürəm. Dövlət rəsmilərinə tələb irəli sürmək o fəalların vəzifəsidir və onlar da o vəzifəni yerinə yetirirlər,” deyə Qaraçay söyləyir.

Onun dediklərinə görə, “dövlətə səslənmək bir tərəfdən də xalq üzrəində təsir göstərir və onlara öz hüquqlarını tanıtdırır. Belə bir atmosfer yaradır ki, dövlətdən tələb etmək olar və biz bu haqlarımızı dövlətdən istəyə bilərik.”

Güneyli şair əlavə edir, “amma bir siyasi təşkilatın dövlətə səslənməsinin gərəyi, o dövləti rəsmiyyətə tanımasıdır. Ölkə xaricində fəaliyyət göstərən təşkilatlar dövləti tanımadıqları halda necə o dövlətə müraciət edirlər? Mən bu ziddiyyəti başa düşmürəm.”

Türkcə aydınlar habelə dil, tarix, ədəbiyyat və kimliklə əlaqələnən insanların arasında yayılır. Biraz da kütləviləşib. Güney Azərbaycanda əhalini türk dilində yazıb oxumağa təşviq edən kampaniyaların getdikcə inkişaf etdiyini ifadə edən Qaraçay bu yöndə gözləntilərin məhdud olduğunu bəyan edir.

“Bizim gözləntimiz belə olmamalıdır ki, əhali qısa müddətdə bizim dediklərimizi mənimsəyib qəbul etsin və onları həyata keçirsin. Bu olmaz. Türk dilində yazıb oxumaq aydınlar, ziyalılar habelə dillə, tarixlə, ədəbiyyatla və kimliklə əlaqələnən insanların arasında yayılır. Bir az da kütləviləşib, amma hələ sistem olaraq toplumun içinə yeridilməyib,” güneyli şair əlavə edir.

Amerikaninsesi.org

12:00