Hacettepe Universiteti UNEC-i seçir

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Türkiyənin nüfuzlu universitetlərindən olan Hacettepe Universitetinin rektoru, professor Haluk Ozenlə görüşüb.

Görüş zamanı hər iki universitetdə təhsilin keyfiyyətinin artırılması yolları, müasir şəraitdə universitet təhsilinə dəyişən və artan tələblər, dünya təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilib. Rektor Ə.Muradov son illər ərzində UNEC-də həyata keçirilən islahatlar, ən müasir təhsil modellərinin Azərbaycana gətirilməsinin prioritet olduğuna və dünyanın bir sıra nüfuzlu universitetlerilə, o cümlədən London Universiteti / London İqtisadiyyat Məktəbi, Fransanın Monpelye, Litvanın Mikolas Romeyris, Almaniyanın Zigen və digər universitetlərilə uğurlu əməkdaşlığa dair ətraflı məlumat verib. Nüfuzlu beynəlxalq QS reytinqinə əsasən, UNEC-in inkişaf edən Şərqi Avropa və Mərkəzi Asiyada ən yaxşı 4-cü iqtisad universiteti olduğu vurğulanıb.

Hacettepe Universitetinin rektoru, professor Haluk Ozen UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və yekunda UNEC və Hacettepe Universiteti arasında geniş əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanıb. UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

TREND İA

 

09:43