“Gürcüstanın NATO-ya üzvlüyü Azərbaycan üçün də çox vacibdir”

 

 “Azərbaycan, Gürcüstan və Türkiyə bir-birinə lazım olduqlarını anlayırlar. Əməkdaşlığı gücləndirmək üçün üç ölkədə də istək var”.
 

Bu sözləri Bakıda keçirilən “Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli münasibətləri: gələcəyə baxış” adlı beynəlxalq konfransında çıxışı zamanı Gürcüstanın Avropa İttifaqı tədqiqatları mərkəzinin direktoru, Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun təmsilçisi Kaxa Qeqolaşvili deyib.

K. Qeqolaşvili bildirib ki, bölgənin hər üç ölkəsi ortaq siyasi tarixə malikdir: “Geosiyasi mövqeyimiz də bu bölgədə sülh və sabitliyi, xalqlarımızın rifahını təmin etmək üçün bizə imkan verir. Ölkələrdə siyasi dəyişikliklər heç bir halda əlaqələrə təsir etmir. Əlaqələrimizin keyfiyyəti çox yüksəkdir. Üçtərəfli əməkdaşlıq vacib məsələdir. İlk növbədə bu, ölkələrin narahatlıqlarını müzakirə etməyə təkan verir. Əməkdaşlıq ölkələrimiz və xalqlarımızın maraqlarına əsaslanır. Hər üç ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. Türkiyənin Avropa İttifaqına üzvlüyü müzakirə olunur. Azərbaycan isə Aİ ilə yeni saziş üzrə danışıqlar aparır. Hər üç ölkə geniş mənada Avropa icmasının bir hissəsidir. Bizim bu sahədə də əməkdaşlığımız vacibdir. Biz avroatlantik inteqrasiyada bir-birimizi dəstəkləyirik. NATO-ya üzvlükdə Türkiyə Gürcüstanı dəstəkləyir. Biz inanırıq ki, bir gün NATO-nun üzvü olacağıq. Bu, tək Gürcüstan deyil, Azərbaycan üçün də çox vacibdir. Gürcüstan öz təhlükəsizliyi üçün böyük qarantiya alacaq. Bu, bütün regiona təsir göstərəcək”.

Hurriyyet.org 

09:13