Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorçuya abidə qoyulmasına etiraz edirlər

Gürcüstan parlamentinin hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan azərbaycanlı və gürcü deputatlar bu ölkənin Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu, Abxaziyada və Azərbaycanın işğal altında olan ərazilərində dinc əhaliyə qarşı qatı cinayətlər törətmiş Mixail Avakyana abidə qoyulması ilə əlaqədar müraciət qəbul ediblər.

Xudaferin.eu xəbər verir ki, müraciəti deputatlar Mahir Dərziyev, Savalan Mirzəyev, Tamaz Naveriani və Ruslan Hacıyev imzalayıblar.

Müraciətdə deyilir ki, Axalkalaki rayonunun Buğaşen kəndində erməni hərbçi Mixail Avokyana abidənin qoyulması Gürcüstan ictimaiyyəti, eləcə də bu ölkənin Azərbaycan icması tərəfindən haqlı olaraq dərin qınaq və narazılıqla qarşılanıb. Gürcüstan separatizmdən, terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vuruşmuş, dinc əhaliyə qarşı qətliamlarda iştirakına dair əsaslı şübhələr olan separatçıya, terrorçuya abidə qoyulması, ilk növbədə, Gürcüstanın özünə qarşı bir xəyanətdir. Bu, həm də Gürcüstanın milli və dövlət maraqlarına zidd olan bir addımdır. Həmin abidənin Azərbaycan xalqının hüzn günü - 20 Yanvar faciəsinin ildönümünün qeyd olunduğu bir gündə qoyulması ilə bağlı soydaşlarımızın keçirdiyi hissləri biz də bölüşürük. Tam məsuliyyətlə bildirmək istəyirik ki, bu hadisə Gürcüstan dövlətinin və bizim təmsil olunduğumuz “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının mövqeyi ilə tam ziddir. 1994-cü ildə qoyulmuş abidənin bərpası və açılış mərasimi ilə bağlı bütün məsuliyyət Axalkalaki yerli özünüidarəetmə orqanının üzərinə düşür.

Müraciətdə, həmçinin bildirilir ki, parlament, hökumət və partiya səviyyəsində keçirilmiş müzakirələrdə bu xoşagəlməz hadisədən narahatlıq ifadə olunub, gələcəkdə bu cür hadisələrin təkrar olunmaması üçün bütün lazımi tədbirlərin görülməsi qərara alınıb.

Sənəddə Azərbaycan ilə münasibətlərin, strateji tərəfdaşlığın önəmi vurğulanır və bu münasibətləri zədələyəcək hər hansı bir addımın yolverilməz olduğu bildirilir. “Bu yekdil rəy parlament və partiya rəhbərliyinin, millət vəkillərinin KİV-lərə verdikləri açıqlamalarda da birmənalı olaraq qeyd edilib. Ayrı-ayrı məmurların fərdi məsuliyyəti, onların əməllərinə hüquqi qiymət verilməsi məsələsi gündəmdədir”, - deyə qeyd edilir.

Deputatlar yaranmış şəraitdə soydaşlarımızı səbir və təmkinlə davranmağa, emosiyalara qapılmamağa dəvət ediblər: “Bu məsələ ətrafında ajiotaj, məsələnin siyasi müstəviyə çəkilməsi bəlli daxili və xarici qüvvələrin mənafelərinə xidmət edir. Unutmayaq ki, cəmiyyətdə qarşıdurma, gərginlik yaradılması, xüsusilə ölkəmizdə millətlər arasındakı mövcud dostluq və qarşılıqlı etimad münasibətlərinə ziyan vurulması Gürcüstana qarşı yönəldilmiş bir təxribat olar”.

Xudaferin.eu

21:24